Məzarlıqda bitən bir ota şeri yazsa, yazsa, bir dəli yazar – Rüstəm Behrudi yazıb!
Bu qədər gül-çiçəkdən bəhs edən şerlər varkən, belə şerə musiqini də ancaq bir dəli bəstələyə bilər – Sevinc Yunuslu bəstələyib!
İki dəlinin araya-ərsəyə gətirdiyi bu mahnıya ancaq bir dəli yaxın durub onu oxuyar – Alim Qasımov ifa edib!
Bu dəliliyə qoşulan sonuncu şəxsdən, Alim Qasımovdan başlayım birinci.
Atam Alim Qasımovun ən sadiq dinləyicilərindəndir. Bu kişi üçün muğam ən birinci sırada Alim deməkdir, Alim də muğam.
Alimin möhtəşəm sənətkar olduğunu qəbul etsəm də, atamla yenə razılaşmazdım bu mövzuda.
Gün gəldi, razılaşdım. Bir gün gəldi, Alimin sənətkar deyil, fövqəlsənətkar olduğunu duydum. O günə qədər bildiyim bu həqiqəti həmin gün ruhən duymuşdum. Həmin gün evdə deyildim, uzaqdaydım.
Atama votsapda səs göndərib bu haqda uzun-uzadı danışmış, onu da yormuşdum. Kişinin məndən minqat, milyon qat əla bildiyi bir şeyi Amerikanı kəşf edibmiş kimi danışırdım ona.
Əslində elə beləydi: Amerika mənim üçün təzə kəşf olunurdu.
Alim haqda hələlik bu qədər. Onun haqqında ən yaxşı yazılardan birini, bəlkə də birincisini Aydın Can yazıb. İstəyən tapıb oxuya bilər: Musiqimizin trümolası!
Növbə Rüstəmindir. Behrudda doğulan, yeri-yurdu Yer olmayan şairin. Şəxsi söhbətlərdən yazılarda bəhs etmək tərzim deyil, üslubum deyil.
Amma bəzi şeylər var, onlar şəxsi sayıldığı qədər ictimaidir və onlardan bəhs etmək ayıb sayılmır.
Rüstəm Behrudi ilə razı olduğumuz məqamlar, mövzular narazı olduğumuz məqamlardan daha az olub, xeyli az.
Ərkim çatıb ona etdiyim iradları hansısa məclisdə yeri düşəndə səsləndirməkdən də çəkinməmişəm. Bəzən bilərəkdən etmişəm bunu. Bilmişəm ki, ona deyən, çatdıran adamlar var o məclisdə – demişəm.
Qəribədir, elə oradan çıxanda eşitmişəm ki, Rüstəm Behrudi məndən hansısa tanışla, hansısa dostla məndən söz salıb, məni tərifləyirmiş. Dediyim iradlar ona çatmamış, adamın mənim haqqımda dediyi xoş sözlər çatıb mənə.
Allah ömrünü uzun eləsin!

Yazının bu yerində bu dua tam yerinə düşdü. Çünki mövzu qəbiristanlıqdır. “Məzarlıq” sözünü bilərəkdən yazmıram, yumşaq səslənir, evfemizmdir.
Hə, qəbiristanlıqdan danışırdım axı. Hamının yeri əvvəl-axır oradır. Əlbəttə, yeri ora ola bilməyənlər də var, bu ayrı. Allah qəzadan-bəladan qorusun. Amin.
Hə, axırımız oradır. Allah şərəfli son nəsib eləsin.
Buna da bir “Amin” deyək, keçim sözümün canına – lap uzandı.
Qəbiristanlıqda uyuyan birinin üç ilmi, beş ilmi, on ilmi, nə bilim, neçə ildən sonra unudulmağı da var.
O nadir olar ki, hansısa qəbiristanlıq əhli əzizi, əzizləri tərəfindən unudulmasın.
Məzar əhlinin unudulduğu qəbiristana günün birində bir şair gələr. Özü də kənd qəbiristanlığına. Bizim bu şair də şer yazar oradaca. Hansısa unudulmuş qəbirə, hansısa başdaşındakı qəribə, maraqlı, qeyri-adi bir yazıya yox… heç qəbirqazana da yox… nəyə, nəyə:
“Çox qəribədi… Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir.” – yovşana şer yazar.
Yovşana!
“Gördüm ki, boş bir məzara
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.”
Adamların ölüsünün məzarını unutduğu yerdə yovşandan da çox unudulan nə ola bilər? Heç nə!
Adamların ölüsünün məzarını unutduğu qəbiristanda ən unudulan otu kim yada salar ki? Kim xatırlayar ki?
Ağıllı adamın işidirmi bu?
Yox!
Bunu ancaq dəli biri edər. Rüstəm Behrudi kimi.
Yovşana “Öz qəbrim üstə qoyacam,
Sənnən bir dəstə bağlasam” deyib hələ təskinlik də verər:
“Sən arxasız, mən kimsəsiz,
Sənnən axır göz yaşlarım;
Burda daşlar daş deyil ki,
Bacılarım, qardaşlarım,
Məzarlıqda bitən yovşan.”
Başqa bir maraqlı nüans da vardı bu haqda. Amma onu yazmıram. Çünki növbədə öz növbəsini gözləyən başqa bir dəli var.
Sevinci çoxdan tanıyıram. Çoxdanın dostuyuq.
Dəliliklərini də bilirəm. Qəfildən özünə çəkilməyi, günlərlə qeyb olmağı var. Günlərlə nədir, aylarla “yoxa çıxır”, tapa bilmirik.
Amma bu dəli qızdan bir gün “Məzarlıqda bitən yovşan”a musiqi bəstələyəcəyini gözləmirdim.
Bu qədər dəli olmazlar axı.
Amma bizim Sevinc hər dəliliyi etməyi özünə söz verib deyəsən.
Hələ bu harasıdır. Musiqini təzə bəstələmişdi. Zəng etdi ki, oxuyum, bir dinlə, gör necədir?
Oxudu, dinlədim.
“Necədir?” deyəndə ona dediklərimi təsəvvür etmək sizin üçün çətin olmasın gərək.
Yazını bura qədər oxuya bilmisinizsə, hə, çətin olmayacaq.
Danışıb-danışıb ürəyimi boşaldandan sonra xoş sözlər, təriflər əvəzinə məndən belə şeylər eşidən Sevinc:
“Hə, mən elə bunu da gözləyirdim. Əsl tərif, əsl xoş söz elə budur”, – dedi.
Al, bu da sənə başqa bir dəlilik.
Şairimiz Rüstəm Behrudiyə də, sənətkarımız Alim Qasımova da uzun ömür diləyirəm.
Varlı olsunlar.
Sevinc Yunusluya isə… Bu istedadlı xanıma, ruhunda dəlilik olan bu qıza ruhunun sıxılmamasını diləyirəm.
Hüseyn Cavidin sözləri ilə desək:
“Bir vəhşi göyərçin kimi mən də
Şən könlümü azadə dilərdim.
Seyranə çıxıb dağda, çəməndə
Güldükcə günəş, mən də gülərdim,
Şən könlümü azadə dilərdim.”
Mən də Sevincə bu azadəliyi diləyirəm.






















