Adətən, hər hansı cinayətdən və cinayətkardan söz açılması ortam üçün xoş olmayan ovqat, qanqaraldan bir presedent olur.
Fəqət… müstəqil və gözəlim Azərbaycanda ölkənin Daxili İşlər Nazirliyi beynəlxalq təcrübəyə söykənərək çox gözəl bir ənənə yaradıb: mətbuat xidmətlərinin timsalında hesabat və izahat missiyası o qədər zərif və humanizm prinsipləri ilə həyata keçirilir ki, məmnunluq mimikası gizlədilməz olur.
Həm də… və ən azından qonşu ölkələrdə, xüsusilə də Rusiyada olduğu kimi, cinayətkarlıqla mübarizə əməliyyatları, nəticələri vahiməli şəkildə çatdırılmır!
Rusiyada, Gürcüstanda, Belorusiyada, Orta Asiya ölkələrində bu tip təqdimatlar adamı eyməndirir, üşəndirir, vahimə içərisinə alır! Sanki cinayətkarlıqla mübarizə, adekvat tədbirlər ictimai asayişi, birgəyaşayış qaydalarını tənzimləmək yox, polisin zorunu göstərmək anlamı daşıyır!
Halbuki elə həmin Rusiyada daxili işlər nazirliyi yaradılanda əməkdaşlara ad seçiləndə ən gözəl ad seçilmişdi: “MİLİTSİYA – MİLOE LİTSO”.
Rus dilində bu “miloe» sözünün yüzlərlə çaları olsa da, səmimilik daha çox ehtiva olunur. Fəqət bütün dövrlərdə öz həqiqi anlamını dominantlaşdıra bilmədi həmin o xidmət əməkdaşları.
Düzdür, müstəqil Azərbaycanda ad da, rəhbərlik də, idarəetmə də dəyişsə də, vahimə, “pis adamlar” imici uzun zaman qaldı.
Doğrudur, nüstəqilliyin ilk illərində mənim də iş yoldaşım olmuş Cavid Xaspolad mətbuatla əlaqə yaratmaq üçün çox gözəl üz idi: təbəssümlü, əziz və doğma gəlirdi. Şəxsən tanıyanlar bilir ki, Göyçayın bu göyçək simalı oğlu Cavid Xaspolad necə humanist və səmimi, üstəlik də həddən artıq yumşaq və mehriban bir insandır. Mənim dediyimi ən azı Cavid Xaspoladla birgə “Həyat”ın (indiki “Azərbaycan” qəzetinin) parlament müxbiri olan Yaqub Adıgözəl – Yaqub Babalar təsdiq edə bilər. İki ilə yaxın həmmüəllif olublar.
Sonra, Eldar Baxış demişkən, sonra nə oldusa, yadıma gəlmir. Və bir də… Ehsan Zahidov cəmiyyətlə vasitəçi qismində meydana çıxanda üzümüz bir az güldü. Həm tələbə yoldaşı, həm də həmkarlıq baxımından Ehsan Zahidov doğma kadr ümidlərini doğrultdu. Nadir hallarda Ehsan Zahidovdan inciyən mətbuat nümayəndəsi oldu – onu da, əminəm ki, anlaşılmazlıqdan.
Hər halda, Ehsan Zahidov ləyaqətli və dəyərli bir jurnalistika təmsilçisi kimi haqq etdiyi pensiyaya alnıaçıq, üzüağ getdi. Bir şirvanlı ərdəmi vardı bu şamaxılı balasında!
Növbəti təyinat ərəfəsində hörmətli polkovnik Elşad Hacıyevin namizədliyi hələ əmr verilməmişdən hallananda, bir az narahat oldum: adətən, “yuxarılar” “aşağılar” təşəbbüskar kimi çıxış edəndə, falçılıq yapanda, “otdelkadr”lıq edəndə, bu “tripaç”lıq aqressiv qarşılanır, əsas səbəblərdən biri də namizədin korporativ söhbəti mətbuata “podaça”sı və təhdid kimi qəbul edirlər! Dəfələrlə olub ki, əmri hazır olduğu halda, məhz bu cür “partizanlığa” görə, təyinat təxirə salınıb, tamam gözlənilməz bir kadr görəvə gətirilib. O ərəfələrdə mən buna görə narahat idim.

Ancaq sağ olsun DİN rəhbərliyi, sonda Elşad Hacıyevi layiq bildi.
İşlədiyi bu müddət ərzində Elşad Hacıyevin sələflərindən fərqli atdığı bir addım var: sosial şəbəkəyə çıxıb, cəmiyyətə tam açıqdır, olayı, problemi vaxtında araşdırıb, lazım olan anda aidiyyatı üzrə məsul şəxsləri məlumatlandırır!
Mətbuat Xidməti mədəni əlaqə körpüsü anlamını daha da gücləndirir, bəzi digər dövlət orqanlarında olan MX kimi MIXa çevrilmir!
Söhbət nədən gedir: vətəndaş üçün hüquqi sığınacaq, ilk növbədə, prokurordan və hakimdən də əvvəl POLİSdir. Polis… vətəndaş üçün təcili tibbi yardım, fövqəladə hallar, yanğınsöndürmə xidmətidir həm də. Vətəndaş polisi öz yanında görmək istəyir, nə qədər giley etsə də, nə qədər narazı qalsa da, ansızın onu öz doğması, əzizi, xilaskarı kimi qəbul edir, yanına çağırır, ərklə, yanına qaçır, güvənlə-inamla. Bu inamı əməliylə polis özü yaradıb, amma bu inamı qoruyan, bu inamı əminliyə çevirən… Mətbuat Xidmətidir. Polis elə 107 ildir eyni cür işləyir. Rus demiş, “delo ne v tom çto kak podqotovit, delo v tom çto kak prepodnosit!”
Bax, srağagün Cavid Xaspolad da, dünən Ehsan Zahidov da, bu gün Elşad Hacıyev də bunu yüksək səviyyədə bacarıblar, bacarırlar və bacaracaqlar!
Məndən çox İnzibati Xətalar və bəzən də Cinayət Məcəlləsinin uyğun maddələri ilə problemli jurnalist bəlkə də ya bir olar, ya iki, ancaq mən bu 40 ildə bir dəfə də məni yaxalayan polisdən incimədim, şikayətçi olmadım: çünki mən polisin həqiqi mənada “miloe litso” olduğunu gördüm, şahidəm! Təhqiqatçı, əməliyyatçı, müstəntiq, şöbə, idarə rəisi – bütün səviyyələrdə təmasda günahkar özümü bildim və bununla da polis mənə sərt üzünü göstərmədi – adam onsuz da dəqiq bilir, səninlə səmimidir, sən onu guya hansı ağlınla aldadacaqsan? Sənə hörmətini saxlamağı təklif edənə hörmətsizlik edirsənsə, onda niyə CPM-ə əl atırsan? CPM-in birinci maddəsi elə sənin nəzərinə çatdırır ki… səmimi etiraf və istintaqla əməkdaşlıq cəzanı yüngülləşdirir!
Biz ən çox da yol polisindən narazılıq edirik, ancaq məni harda yol polisi saxlasa, həmən soruşuram: “Rəis, nə qələt eləmişəm?” Ürəklə və ürəkdən də deyirəm ayrılanda: Dövlət və Tanrı sizi bu yollardan əskik etməsin!
Elə bilməyin ki, jurnalistliyimdən yararlanıb güzəşt yiyəsi oluram: əsla və qətiyyən! Hər ay parkinq, sürət həddini aşma, ötmə-keçmə, dönmə işarəsindən düzgün istifadə etməməyə görə ən azı yüz manat cərimə ödəyirəm. SMS-radar sağ olsun!
Hə-ə, mətləbdən uzaq düşməyək. Keçək əsas məsələyə: əgər bu ölkənin ən qanunpərəst, doğruluq tələb edən jurnalistlərindən biri mənəmsə, mənim bu qədər qələtim varsa bu yollarda, hələ Aydın Can olmayan nə qədər özünübilməz, vurdumduymaz at, bağışlayın, maşın oynadır bu yollarda. Bunun evdə arvadla sözü düz gəlməyəni, qonşuyla dalaşanı, çayxanada söz soxanı, işdə lotuluq edəni və s və s var!
Hamısının da sonucda örkəni doğanaqdan keçir. Nəzərə alıb, nizama salanı da təbii ki, Mətbuat Xidmətidir. İndi o qədər peşəkar olmalısan ki, ağlı başından, əxlaqı yerindən oynamış, gözü qızmış “naruşitel, qrabitel” üstünə gələndə elə edəsən ki, həm cəzasından razı qala, həm DİN-dən inciməyə, həm də günahını boynuna ala!
Əslində, dediyim şərtlər daxilində insident çözüləndə İSTƏNİLƏN POLİS gözə şirin və təbəssümlü, səmimi və doğma görünür!
Ancaq hamımız Aydın Can deyilik axı deyək ki, rəis, nə qələt eləmişəm?
Ancaq hamımızın içində də bir qanunpərəst monstr, prokuror, istintaqa nəzarət generalı oturub: “məni niyə çağırmısan, məni niyə saxlamısan” və s və s.
Bu çığır-bağırlarla adamlar polisin üzündəki təbəssümü, işindəki şirinliyi, ruhundakı səmimiyyəti həmən döndərirlər “po bolşe” zəhrimara!
Mən işimlə əlaqədar nadir hallarda Mətbuat Xidmətinə müraciət etmişəm – istər Ehsan Zahidovun vaxtında, istərsə də indi, Elşad Hacıyev olanda!
İnanın səmimiyyətimə, məhz bu polkovniklərə görə, bütün varlığımla çalışıram ki, bir daha müraciət edəsi olmayım.
Adamın üzündən nur yağır, gözünün-baxışının işığı adamı saxlayır ki, ayıb deyil elədiyin? Və yaxud da olunanı çatdıranda vicdan əzabı çəkirsən ki, belə bir naqis işi bu qədər tərbiyəli, əxlaqlı adama necə çatdırasan ki, bəs hal-qəziyyə bu!
Mətbuat Xidmətlərinə rəhbər seçiləndə məhz Daxili İşlər Nazirliyinin kadr meyarlarını əsas götürməyi tövsiyə edirəm başqalarına. Son illərdə çox az məqamlar var ki, DİN və polisin fəaliyyəti barədə neqativ olay gündəmə gəlib, o da üzrlü səbəblərdən – prosesin mahiyyətini bilmədən, istintaqda aparılan əməliyyatlardan xəbərdar olmadan demokratiya bicbalaları ilə əlbirliyə görə. Amma göründüyü kimi, zaman axarına qoyur.
Bu gün Elşad Hacıyevin ad günüdür – mən həmkar dostlarımın səhifələrində gördüm təbrikləri. Doğrusu, bir az da özümün ayıbıma gəldi: bu qədər həssas və səmimi həmkarımızı təkcə mən yox, elə hamısı günün ikinci yarısında xəbər tutub bir statusla təbriklə kifayətlənirik.
Günahımı belə yuyuram, əziz polkovnik həmkarımız, siması nurlu, üzü təbəssümlü, ruhu doğma və şirin Elşad Hacıyevimiz!
Hesab edirəm ki, haçansa polkovnik rütbəsində ehtiyata buraxılan üçüncü şirvanlı olaraq, Daxili İşlər Nazirliyi üçün çox gözəl bir örnək qoymuş olarsınız: mətbuat xidmətlərinə rəhbərləri Şirvan mahalından seçin!
Onlar təbəssümləri, üzünün nuru, gözünün işığı və səmimi münasibəti ilə Daxili İşlər Nazirliyinin gördüyü fundamental işlərə rəğbət yaratmağı bacarırlar!
Xalq da jurnalistlərin timsalında, Dövlət də DİN rəhbərliyi simasında bu xidmətdən razı qalır, bir-birinə qarşılıqlı inam-etimad körpüsü daha da möhkəmlənir!
Təbrik edirəm, “miloe litso MVD” polkovnik Elşad Hacıyev – biz ad gününüzü yadda saxlamasaq da, səhlənkarlıq etsək də, peşəkarlığınızı, təbəssümünüzü heç vaxt unutmayacağıq!
İstənilən polisi, polisdə istənilən birini bizə təbəssümlə baxan görmək bizim əbədi və əzəli arzumuzdur!
Bu arzularımıza yardımçı olduğunuz üçün, sayğılarla təzim edirəm missiyanıza və əlbəttə ki, təbrik edirəm!
Hörmətlə, möhtərəm və möhtəşəm Aydın Can
















