CAVABSIZ MƏKTUBLARIN SONU – Hekayə

CAVABSIZ MƏKTUBLARIN SONU  – Hekayə

Damət Salmanoğlu

Mahir öz evinin bağçasında, qoca bir tut ağacının kölgəsində əyləşib, baharın gəlişi ilə tumurcuqlayan gülləri, çiçəkləyən ağacları seyr edirdi. İndi onun 47 yaşı yeni tamam olmuşdu.

İllər onun idmançı qamətini bükə bilməsə də, şabalıdı saçlarına artıq dən düşməyə başlamışdı. Lakin o cazibədar görkəmi, baxışlarındakı o dərin yaşıl rəng hələ də öz təravətini itirməmişdi.
​Hər dəfə bağçadakı gülləri gözləri ilə oxşayanda, xəyalları onu uzaqlara — gənclik illərinin keçdiyi Soçi şəhərinə, əsgərlik xatirələrinə aparırdı. Qara dənizin sahillərində qol-boyun gəzdiyi o günlər elə bil dünən olmuşdu. Mavi gözlü Lenanın gülüşləri hələ də qulaqlarında əks-səda verirdi. Mahir əsgərlikdən qayıdandan sonra bir neçə ay məktublaşmışdılar, lakin birdən-birə yazışmalar kəsilmişdi. Lena məktublara cavab verməmişdi. O vaxtdan düz 27 il ötürdü… Mahir bu illər ərzində heç vaxt evlənməmişdi. Anasının vəfatından sonra isə bu böyük evdə tək-tənha yaşayırdı.
​Birdən darvazanın qapısı döyüldü. Səssizliyi pozan bu səs Mahiri xəyallardan ayırdı.
— “Gəlin, kimdir?” — deyə səsləndi.
​Qapı açıldı və həyətə uca boylu, sarışın bir xanım daxil oldu. İllər onu bir az dəyişsə də, gözəlliyi və xanım-xatunluğu yerində idi. Xanım rus dilində salam verdi. Mahir salamı alıb nəzakətlə soruşdu:
— “Buyurun, eşidirəm, sizə kim lazımdır?”
​Qadın Mahiri görən kimi tanıdı. O, hələ də o köhnə baxışları və məğrur duruşu ilə qarşısında idi.
— “Mahir, məni tanımadın?” — deyə pıçıldadı.
Mahir diqqətlə baxdı, ürəyi bir anlıq dayanan kimi oldu: “Yox, xanım…”
— “Mənəm, Lena…”
​Bu doğma səs Mahirin qəlbinə bir hərarət kimi yayıldı, sanki başı fırlandı. İllərin həsrəti bir anın içində gözlərinin önündən keçdi.
— “Hə… tanıdım, Lena. Deyəsən, yol gözləməkdən gözlərimin nuru azalıb, tor gəlib…”
Lena kədərlə soruşdu: “Kimin yolunu gözləyirdin ki?”
— “Sənin məktublarının cavabını, Lena… Yazdığım o cavabsız məktubların yolunu.”
​Onlar bağçada əyləşdilər. Mahir evlənmədiyini, tək yaşadığını deyəndə Lenanın gözləri yaşardı.
— “Bütün günahlar məndədir, Mahir. Amma məndən asılı olmayan hadisələr oldu,” — deyə Lena dərindən ah çəkdi. — “Mənim əsl adım Lamiyadır. Mən adigey türklərindənəm, uşaqlıqdan hamı məni Lena çağırıb. Sən gedəndən sonra anladım ki, səndən boylu qalmışam. Üç aydan sonra vəziyyəti anama açdım. Bilirsən, bizlərdə namus məsələsi sərtdir. Atam məni məcburi bir uzaq qohumla evləndirdi. Səninlə əlaqəmi kəsdilər, bizi Adlerə köçürtdülər ki, qonşular uşağın tez doğulduğunu bilməsin.”
​Mahir donub qalmışdı. Lena davam etdi:
— “Sənin bir oğlun var, Mahir. Adını da Mahir qoydum ki, hər dəfə adını çağıranda səni xatırlayım. O insan bir il sonra qəzada rəhmətə getdi. Oğlumuz indi şəhər prokurorluğunda vəkil işləyir. Bu yaxınlarda mənim qəmli halımı görüb səbəbini soruşdu. Hər şeyi ona anlatdım. O məni bərk-bərk qucaqlayıb dedi: ‘Get atamı tap, əgər gəlsə gətir, heç olmasa bir dəfə üzünü görüm’. Sənin ünvanını bilirdim, gəldim…”
​Bu sözlərdən sonra Mahirin sanki dünyası dəyişdi. O, daxilindəki 27 illik boşluğun bir anın içində dolduğunu hiss etdi. Az sonra onlar birlikdə yola düşdülər.
​Hava limanında onları uca boylu, baxışları atasına bənzəyən gənc bir oğlan gözləyirdi. Gənc Mahir atasını görəndə sanki zaman dayandı. Ata və oğul bir-birinə tərəf addımladılar. Heç bir söz demədən, sanki illərdir bir-birini tanıyırmış kimi bərk-bərk qucaqlaşdılar.
​Mahir indi anlayırdı ki, o cavabsız məktublar əslində itməyibmiş; o məktublar bu gənc oğlanın simasında, Lenanın sadiqliyində və taleyin bu gözəl dönüşündə gizlənibmiş. İndi onlar ayrılmamaq üzrə bir araya gəlmişdilər.

27.03 2026

Share: