“MƏN SƏNI GÖRMƏMIŞƏM”…
(Azərbaycana)
Mən səni görməmişəm.
Amma içimdə bir yurd var —
adı çəkiləndə ürəyim göynəyir.
Bu ağrı deyil —
bu, uzun bir həsrətdir.

Sanki qəlbimin
xəritəsinə
sığmayan böyük bir Vətən var.
Dalğalansın daim bayrağın,
bahar bağlarını tərk etməsin heç vaxt…
Səni darıxdığım anlarda
uçan zaman belə dayanır.
Günlər işıqsız, gecələr necə də qaranlıq
mənzil isə uzaqdır,
çox-çox uzaq…
Sənin üçün darıxmaq gecə vaxtı —
buz kimi su içib,
içindən yanmağa bənzəyir.
Dodaqlarım susur,
amma ürəyim qışqırır.
Bu qışqırıq — bəlkə də
heç eşidilməz,
amma əsla adamı sağ buraxmaz.
Mən səni sevirəm,
amma bu sevgi
şeirə sığmır.
O, qanımda axır,
hər damarimda
sənin adın döyünür.
Ona görə mən diriyəm,
ona görə yaşayaram
Ey Azərbaycan,
sən mənim arzum deyilsən,
arzumun fövqündəsən.
Arzular gerçəkləşər.
Sən isə —
gerçəkləşməyən,
amma tərk də edilməyən
bir talesən.
Dağlarını görməyən gözlərim
içimdəki ucalıqdan hönkür-hönkür ağlayır.
Dənizini görməyən könlüm
dalğalarını öz yatağına
sığdıra bilmir.
Bu nə haldır —
insan görmədiyi bir yerə
bu qədər sevgi bəsləsin?
Mən səndə olmamışam.
Amma içimdə bir səs var:
“Ora sənindir”.
Bu səs mənə aid deyil.
Bu —
sevginin çağırışıdı, sadəcə.
Əgər bir gün yollar məni sənə aparsa,
məni qonaq adlandırma.
Qonaq ürəklə gəlməz.
Mən isə
bütün varlığımla
gəlirəm.
10.01.2026
Cahangir NAMAZOV
(Özbəkistan)
2026






















