Cəlilabadda şeir müsabiqəsi keçirilib…

Cəlilabadda şeir müsabiqəsi keçirilib…

Cəlilabad rayon Veteranlar Təşkilatı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə  dünən (13.12.2025) Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində şagird və tələbələrin iştirakı ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin ən yaxşı ifaçıları üzrə şeir müsabiqəsinin ilk mərhələsi təşkil edildi.


Müstəqil.Az bildirir ki, Cəlilabad ədəbi mühitinin tanınmış simalarından: AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair və şəhid qardaşı Sakit Üçtəpəli, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, fəlsəfə üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzvü, “Həməşəra” Mətbu Orqanının təsisçisi və baş redaktoru, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə, şəhid valideynlərindən: Nazim Paşazadə, Nizami Həbibi, Yaşar İsgəndərli və daha iki şəhid atası, tələbə və şagirdlər, valideynlər, həmçinin, Cəlilabad Təhsil İdarəsi və Mədəniyyət İdarəsi nümayəndələrinin iştirakı ilə keçirilən müsabiqə şəhidlərin xatirəsini əziz tutmaq məqsədi ilə bir dəqiqəlik sükutla başladı.
Giriş sözünü Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, şair-publisist Ədalət Salman açaraq müsabiqənin təşkil edilməsində əsas hədəfdən, şərtlər və qaydalardan söz açaraq iştirakçılara uğurlar dilədi. Ardınca Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov çıxış edərək tədbirin əhəmiyyəti və hədəflərindən, xüsusilə də bədii qiraət sahəsində bacarıqlı tələbə və şagirdlərin tanınmasını vurğuladı.
Münsiflər heyətində yer almış üzvlərin də qısa çıxışlarından sonra öncə qeydiyyatdan keçmiş 40-dan çox tələbə və şagird çıxış edərək öz qiraət və ifa bacarıqlarını nümayiş etdirdilər. Onların arasından isə yalnız 13 nəfər 20 baldan çox imtiyaz topladıqları üçün müsabiqənin ikinci mərhələsinə vəsiqə qazandılar.


Yeri gəlmişkən bildirmək lazımdır ki, bu gün Cəlilabad rayonunda keçirilmiş şeir müsabiqəsinin münsiflər heyəti aşağıdakılardan ibarət idi:
1. Ədalət Salman (“Sözün işığı” mətbu orqanının baş redaktoru, AYB və AJB-nin üzvü, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Prezident təqaüdçüsü, jurnalist, şair-publisist);
2. Müşahidə Nərimanova (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, Cəlilabad MKS-nin əməkdaşı, kitabxanaşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);
3. Arzu Əyyarqızı (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, esseist, şair-publisist);
4. Ruhiyyə Abaszadə (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, AYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair);
5. Tacəddin Əli (Cəlilabad ədəbi mühitinin nümayəndəsi, Cəlilabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi, şair).
Məlumat üçün qeyd etmək lazımdır ki, müsabiqənin ikinci turu (final mərhələsi) gələn həftə keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.
Müsabiqənin ilk turu xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

Müstəqik.Az

Share: