Cəmilə Çiçək Bilal ALARLININ təqdimatında…

Cəmilə Çiçəyi publisistikasına, poeziyasına və tədqiqat işlərinə görə tanıyırlar. Bu yaxınlarda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edən Cəmilə xanım həm də gözəl esselər və hekayələr yazır. Onun bu fəaliyyətindən bəlkə də çoxlarının xəbəri yoxdur. Əsasən, epizodik süjetlər üzərində qurulan hekayələr həyatın bir anını əks etdirsə də, qaldırdığı məsələlərə görə böyük-böyük nəsr əsərlərinə bərabər tutula bilər. Bu hekayələrin ayrıca tədqiqinə ehtiyac var. 
Cəmilə Çiçəyin düşündürücü həyat hadisəsini təsvir edən bir essesini ədəbiyyat həvəskarlarına təqdim edirəm.
Bilal Alarlı

QUŞCUĞAZ, ÇİÇƏKLƏR VƏ BİR NƏFƏR

…İlıq bir yaz axşamı idi. Yol kənarında qol-qanad açan meyvə ağacları ağlı-qırmızılı çiçəklərlə bəzənmişdi. Aşağı əyilən budaqlar ağacların gövdəsini qucaqlamış ağ saqqallı qocaya bənzəyirdi.
Birdən hava dəyişdi. Qəfil şiddətlənən külək burum-burum burulub, özünü hara gəldi, çırpmağa başladı. Mavi səma tünd rəngə boyandı. Budaqlar küləyin təsirindənmi, ya qorxudanmı tir-tir əsməyə başladılar. Zərif tağların ucundakı dümağ çiçəklər bir-birinə sığınıb qaşlarını çataraq ətrafı seyr edirdilər. Hava isə get-gedə coşur, külək tozanağı onların gözlərinə doldururdu. Çox keçmədi ki, tozanaq çırpanağa, sonra da doluya çevrildi. Sanki dolunun məqsədi ağacların bütün çiçəklərini döyüb yerə tökmək idi. İmana-dinə gəlməyən tumurcuq dənələri öz qələbələrindən daha da qürrələnir, zərif çiçəkləri sürətlə yolub, yerə tökürdü.
Çiçəkli budaqların birində bir quş yuva qurmuşdu. Neçə gündən bəri bu yuvada kimsəsiz qalmış iki qumru balası intizarla yol gözləsə də, anaları gəlib çıxmırdı. Günlərlə ac-susuz qalan körpə quşcuğazlar hardan biləydilər ki, anaları düşmən caynağına tuş gəlib, onun qurbanına çevrilmişdir. Balalar artıq taqətdən düşmüşdülər. Bir yandan da qəfil yağan dolu onları daha acınacaqlı vəziyyətə saldı. Çiçəklərlə bərabər yuvaları da dağıldı, balalar yerə çırpıldılar.
Birazdan dolu dayansa da ətraf sanki qaranlığa bürünmüşdü. Göz gözü görmürdü. Bir nəfər səndələyə-səndələyə oradan keçirdi. Haradansa yeyib-içməkdən qayıdan bu adam lül-qənbər idi. Bir əlini irəli, digərini geri uzadıb, tarazlığını qorumağa çalışaraq, dalğalarda atılıb-düşən qayıq kimi ləngər vururdu.
Dağılmış yuvadan yerə düşən aciz quşcuğazın da biri onun qurbanı oldu. Sərxoş adamın ayağı altında qalaraq, bir qıçı sındı.
Səhər dan yeri söküləndə qara buludlar tamam çəkilmiş, hava artıq sakitləşmişdi. Küləyin və dolunun çırpıb, yerə tökdüyü çiçəklər arasında qıçı sınmış bala quşcuğaz nəfəs alırdı. Ola bilsin o, yaşayacaqdı. Amma küçənin başında sərxoşluqdan yıxılıb qalan bir nəfərin ürəyi gecədən dayanmış, biçarə dünyasını dəyişmişdi. Qoltuğundakı qovluqdan yerə düşən qələmdən yazı-pozu adamına oxşayırdı… Kim bilir, bəlkə də şair imiş… Görəsən zəmanənin hansı zərbəsi onu bu kökə salıbmış? Bir quşcuğaz, yerə tökülən çiçəklər heç xəbəri olmadan ayaqları altında qalıb tapdansalar belə, heyif ondan, çox heyif! Vaxtsız öldü…
Onu da zaman tapdamış, ayaqları altına alıb taleyini “əzmişdi”. Külək və dolu hər kəsin həyatından keçir. Hətta quşcuğazın da, çiçəklərin də… Quşun uçmaq arzusu, çiçəklərin uçmaq arzusu daşlara dəyib çiliklənmişdi. Küləyin qəfil gətirib yerə sərdiyi, dolunun döydüyü insan taleyi kimi…

Cəmilə ÇİÇƏK

Share: