Bu xaraba könlümdə heç bayquş da ulamır – Turac HİLALın şeirləri

Bu xaraba könlümdə heç bayquş da ulamır – Turac HİLALın şeirləri
Bir yerdə qərar tutmur ruhum, darmadağınam.
Bu xaraba könlümdə heç bayquş da ulamır.
Döyülməkdən göyərən anamın dizlərini
İndi mələklər öpür, göz yaşları sulamır.
.
Daha bizim hasardan yadlar boylanıb baxmır,
Çırpılmır taxta qapı daş hasarın üzünə.
Daha ay isığında qıvrım saçlı qızcığaz
Burnunu çəkə-çəkə məktub yazmır özünə.
.
Daha nə o həyət var, nə o səs-küy, nə nənəm…
Babam bəhanə gəzmir Toplanı döymək üçün.
Atasının aldığı qırmızı donu geyib
Fırlanmır qonşu qızı özünü öymək üçün.
.
Öldü o qızcığazın balaca Məstanı da,
Ən böyük arzusu da, ən kiçik inamı da…
Öldü, ay işığında burnunu çəkə-çəkə
Yazdığı məktubların çatacaq ünvanı da.
Bir 1 nəfər və tutulma rəngsiz şəkli ola bilər

Sən də sevə bilmədin…

Sən də sevə bilmədin, sən də boş verdin məni,
Öz əlinlə yadlara elə xoş verdin məni.
Unutdun, haradasa nəsə unutduğuntək,
Qayıdıb götürməyi hətta görmədin gərək.
.
Ovutdum bu bahar da göz yaşımı yağışla,
Bu yayı da titrədib yola verdim qarğışla.
Gah qovdum pəncərəmi döyəcləyən sərçəni,
Gah da xəlvətdə durub gözlədim səpib dəni…
.
Beləcə yola verdim neçə gündüzü sənsiz
Mən bacara bilmədim özümlə, düzü, sənsiz.
Doğulur ağrılarım günəş batandan sonra,
Ölçürəm küçələri hamı yatandan sonra.
.
Oynayır gecələri kölgəm Ayla gizlənqaç,
Həsrət üçəcən sayıb qışqırir, “qovuram, qaç!”.
Dan yerisə sökülür sənə çatdığım anda…
Daha tab gətirəsi can qalmayıb bu canda.
.
Bütün yalanlarınla qayit üzümə ağ ol,
Varlığına min şükür ,qayıtmasan da sağ ol!

Ürəyim Nuh gəmisidir

Bu ruh mənim, bəs bu bədən
kimdi? kimin kimisidir ?!
Hər dərddən bir cüt yığıram,
Ürəyim Nuh gəmisidir .
.
Qapım yox ki, qıfıl asam,
Anam yox ki, batsın yasa.
Gedir ayağım harasa
Başım bəla hərisidir .
.
Bu taleyi kim döndərib?
Bu qəbirdən kim gül dərib?
Bu kefənsiz gəzən qərib
Görən kimin ölüsüdür?
.
Yer ayrılır qabığından ,
Qan damlayır topuğundan.
Tanrını ayıran quldan
Pərdə göyün dərisidir.

Bu nağıl bitən deyil

Bu nağıl bitən deyil,
Hələ neçə bölüm var.
Gəl gözlərindən öpüm,
Ayrılıq var, ölüm var.
.
Ruhum göyə sovrulur,
Cismimi torpaq udur.
Bağrına bas bir anlıq,
İlahi, cənnət budur?!
.
Nəfəsimi boynunun
Ətrinə qurban kəsim.
Necə dua edim ki,
Yetsin Tanrıya səsim?
.
Bilirsən, necə sönür
Ciyərindən yananlar?
Bilirsən, necə olur
Ölümdən yarananlar?
.
Hər gecə milyon dəfə
Cəhənnəmdən keçərsən.
Didib yaralarını
Öz qanından içərsən.
.
Darıxan əllərindən
Yanıq qoxusu gələr.
Sürünər ürəyində
Dərdin,- ilan tək mələr.
.
Payızda yarpaqlarla
Saçlarını tökərsən.
Baharda yollarına
Gözlərini əkərsən.
.
Bilsən nədir yox olmaq,
Yaranmaqçün ölərdin.
Bilsən… Hardan biləsən,
Mən olsaydın, bilərdin.

Səni elə sevdim ki

Sən ruhumun kölgəsi, sən üfüqün çizgisi,
Şeirimin aşkarı, ürəyimin gizlisi.
Hər kəsin misar-misra axtarıb tapmadığı.
Kimsənin çözmədiyi, kimsənin batmadığı.
.
Dünyanın ən sonuncu, ən sirli möcüzəsi,
Balıqların nəğməsi, kəpənəklərin səsi.
Xəyalımda itirib, gerçəyimdə tapdığım,
Nəfəsimdə, könlümdə, canımda yaşatdığım.
.
Həm dərdim, həm dərmanım, həm Kəbəm, həm niyyətim,
Ən böyük qələbəmdir sənə təslimiyyətim.
Sən Tanrı sərgisinin ən mükəmməl əl işi,
Günəşin qürubudur kirpiyinin enişi.
.
Min cəhənnəm qədərdir bir həsrət qığılcımı,
Qollarından öpərəm sanıb cənnət qucunu.
Səni elə sevdim ki, həsəd qoydum hər kəsi,
Heç bir nağılda olmaz bu sevgidən ötəsi.
.
Məni şair eyləyən eşq sənin əsərindir,
Bütün şeirlərimin ünvanı gözlərindir.
Oxuyanlar Leylidə yoxmuş bu hünər dedi,
Mənə “dəli” deyənlər, sənə “bəxtəvər” dedi.
Share: