Bu ildən QHT-lər daha geniş imkanlara və müsabiqələrə çıxış əldə edə biləcək – MÜSAHİBƏ

Bu ildən QHT-lər daha geniş imkanlara və müsabiqələrə çıxış əldə edə biləcək – MÜSAHİBƏ

Müstəqil.Az-a “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən daxil olan məlumda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– QHT Agentliyi ötən ilin payızında elan etdiyi qrant müsabiqələrinin nəticələrinin 2026-cı ilin I rübü ərzində açıqlanacağını bildirmişdi. Hazırda vəziyyət nə yerdədir, QHT-lər nəticələrlə nə vaxt tanış ola biləcək?

– QHT Agentliyinin özünün, o cümlədən Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan edilmiş müsabiqələrin nəticələri sabah elan olunacaq. Biz Agentliyin keçirdiyi müsabiqələrə ilbəil marağın yüksəldiyini müşahidə edirik. Əgər 2024-cü il üzrə müsabiqələrə 779 təşkilatdan müraciət daxil olmuşdusa, 2025-ci il üzrə bu rəqəm 915-ə qalxdı. 2026-cı il üzrə müsabiqələrə isə ümumilikdə 981 təşkilat müvafiq sistem üzrə özünə pəncərə yaradaraq müraciət etmək hüququ qazanıb. Bu, indiyədək müşahidə olunan ən yüksək göstəricidir. Hesab edirik ki, QHT sektorunda son illər dərinləşdirilən islahatlar, QHT Agentliyinin müsabiqələrini bütün kənar müdaxilələrdən azad, tam şəffaf aparması nəticəsində ictimai etimad daha da güclənib. Lakin bizim üçün kəmiyyətdən daha vacib keyfiyyətdir. Qeyd etməliyik ki, müvafiq sistemdə qeydiyyatdan keçən QHT-lərin heç də hamısı tələb olunan prosedurları vaxtında tamamlayaraq layihə təqdim etməyib. Nəticədə 2026-cı il müsabiqələrinə 707 QHT-dən 789 layihə daxil olub. 789 layihədən 187-si I mərhələdən – texniki seleksiyadan keçə bilməyib. Onların mütləq əksəriyyətində plagiat aşkarlanıb. Bu QHT-lərə bu ilin yanvar ayında imtina cavabları müvafiq sistem vasitəsilə bildirilib. 602 layihə isə müstəqil ekspertlərin baxışına verilib, hər bir layihə üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq meyarlar əsasında ciddi dəyərləndirmə aparılıb və ekspertiza nəticələri əsas götürülməklə, Müşahidə Şurasında hərtərəfli kollegial baxışdan keçirilib.

– Layihələrin təhlili hansı nəticələrə gəlməyə imkan verir?

– Müşahidələrə əsasən, QHT-lərin komanda işi qurmaq, uğurlu ideya tapmaq, onu cəlbedici layihəyə çevirmək, media ilə işləmək vərdişləri güclənir. Əvvəlki dövrdə biz bir sıra QHT-lərin qrant vəsaitlərinə “mükafat” tərzində yanaşmasından əziyyət çəkirdik, onların maliyyə sənədləri qaydasında olmur, hesabat zamanı narazılıqlar yaşanırdı. Ötən dövr sübut etdi ki, şantaj, hədə və digər qanunazidd əməllərlə qrant nəticələrinə təsir göstərmək, qaralama, ləkələmə kampaniyası aparıb hay-küy salmaqla dövlət büdcəsindən vəsait qoparmaq mümkün deyil. Artıq cəmiyyət də belələrini qəbul etmir, haqlı olaraq, onların QHT sektoruna necə gəlib çıxmasını, hansı fəaliyyətlə və necə məşğul olmasını sorğulayır.

Bu gün Azərbaycanda dövlət-QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxıb, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq yeni modelin əsas keyfiyyətləridir. İşimiz layihələri maliyyələşdirməklə bitmir, onların sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi, faydalı ictimai dəyərə çevirməyə nail olmaq əsas məqsəddir. Son illər QHT-lər tərəfindən orijinal, innovativ ideyaların artması, layihələrdə maliyyə və icra intizamının yüksəlməsi onu deməyə əsas verir ki, bu istiqamətdə vəziyyət xeyli yaxşılaşıb. Ancaq bu sahədə hələ qət ediləsi yol var.

Builki layihələrin təhlilində qəribə mənzərələrlə də qarşılaşmışıq. Məsələn, QHT-lərdən biri layihəsində Qarabağda və Naxçıvanda yaşayan gənclərlə sıx işləmək istədiyini bildirib, amma icra planında nəzərdə tutduğu tədbirlərin heç birinin həmin ərazilərdə olmadığı müəyyən edilib, tədbirlər Sumqayıtda keçiriləcəkmiş. Fəaliyyəti dövründə bir dəfə də olsun xarici media ilə iş təcrübəsi olmayan QHT-lərdən biri isə icra planında layihə nəticələrini CNN və BBC-də təqdim edəcəyini iddia edib. Yaxud, Özbəkistan haqqında layihə təqdim etmiş QHT-lərdən biri icra planında Qazaxıstanın mövzuya aidiyyəti olmayan lokal QHT-ləri ilə işləyəcəyini bildirib. Təbii ki, bu cür layihələr uğur qazana bilməz.

Müsabiqələrdə qalib ola bilməyən QHT-lərin hər birinə təqdim etdikləri layihə barədə çatışmazlıqlar, iradlar müvafiq sistem üzərindən izah edilir. Müşahidə edirik ki, bu qeydlərə məsuliyyətlə yanaşan bir sıra təşkilatların növbəti layihələrində əvvəlki problemlər aradan qalxır, onlar uğur qazanır. Bu da təbiidir, çünki qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir. Buna görə də artıq müsabiqələrin nəticələri açıqlananda QHT sədrinin adı qeyd olunmur, layihəsi qalib gələn QHT, layihənin adı, qrant məbləği göstərilir.

Bir məqamı da anlayışla və düzgün qəbul etmək lazımdır ki, QHT Agentliyi daxil olmuş bütün layihələri maliyyələşdirə bilməz. Nəzəri olaraq, 2026-cı il üzrə təqdim olunmuş bütün layihələrə vəsait açılsa, bu, ümumilikdə, 18 milyon manat edərdi, halbuki, Agentliyin illik qrant büdcəsi bundan 4,5 dəfə aşağıdır. Agentliyin öhdəliyi yoxdur ki, daxil olmuş hər bir layihəni maliyyələşdirsin.

Agentlik layihəsi qalib olmayan QHT-lərlə də sıx əməkdaşlıq edir. Onları Agentliyin təşkilatçılığı ilə baş tutan tədbirlərdə tez-tez görə bilərsiniz, onların ümumi proseslərdə, vətəndaş cəmiyyəti ilə əlaqədar təşəbbüslərdə fəal iştirakını, əməyini, ümumi işə töhfəsini yüksək qiymətləndiririk.

– “Bir pəncərə” sistemi üzrə QHT Agentliyinin müxtəlif dövlət qurumları ilə birlikdə müsabiqələri nə vaxtdan elan olunacaq?

– 2026-cı ildən başlayaraq QHT-lər daha geniş imkanlara və müsabiqələrə çıxış əldə edə biləcək, şansları artacaq. Budəfəki müsabiqələrdə uğur qazana bilməyən təşkilatlar da il ərzində Agentliyin tərəfdaş qurumlarla birlikdə keçirəcəyi müsabiqələrdə iştirak edə bilər. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2025-ci il tarixli Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərmanı bu sahədə yeni səhifə açıb.

Məlum olduğu kimi, hazırda dövlət büdcəsindən QHT-lərə vəsaitlər 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar”ın siyahısı üzrə 9 nazirlik (Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), digər 4 qurum (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya), o cümlədən bu siyahıda adı olmayan digər 3 qurum – Azərbaycan Respublikasının Gənclər Fondu, KOBİA və ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi tərəfindən açılır.

“Bir pəncərə” sistemi üzrə bu 16 qurumun QHT-lərlə işinin vahid koordinasiyası, təhlili aparılacaq. Fərmana görə, bundan sonra bu qurumların hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək. Yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək.

QHT Agentliyi dövlətimizin başçısının bu yüksək etimadını layiqincə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaq.

– 2026-cı ilin mayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) necə hazırlaşırsınız?

– 2026-cı il üzrə qrant müsabiqələrində WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər prioritet istiqamət kimi müəyyən edilib, bu istiqamətdə QHT Agentliyinə ümumilikdə 49 layihə daxil olub. Bu qrant layihələri çərçivəsində WUF13 pavilyonunda yerli və xarici QHT-lərin birgə tərəfdaşlığı ilə müxtəlif səpkili onlarla tədbirin keçirilməsi gözlənilir. COP29-da olduğu kimi, WUF13 zamanı da yerli QHT-lərin xarici tərəfdaşları ilə birgə pavilyonda tədbirlər keçirməsi üçün imkan yaradılacaq. Müvafiq qeydiyyat prosedurlarından keçmiş Azərbaycan QHT-ləri QHT Agentliyi tərəfindən ödənişsiz əsaslarla tədbir yerləri ilə təmin olunacaq. Bu tədbirlər üçün Agentliklə vaxtında koordinasiya işlərinin aparılması zəruridir. Şübhə etmirik ki, Azərbaycan QHT-ləri WUF13-də ölkəmizi layiqincə təmsil edəcək, yeni təcrübə, bilik və bacarıqlar qazanacaqlar.

Qlobal Cənub QHT Platformasının Katibliyindən əldə etdiyimiz məlumata görə, 116 ölkədən QHT-lərin iştirakı ilə ötən il təsis edilmiş Qlobal Cənub QHT Platforması bu ilin mayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Azərbaycanda Baş Assambleyasını keçirəcək. Burada 130-dan çox ölkədən QHT təmsilçilərinin iştirakı planlaşdırılır. QHT Agentliyi üçün bu qlobal tədbirin tərəfdaşı olmaq şərəfdir.

– Azərbaycan QHT-ləri üçün 2026-cı il daha hansı məqamlarla əlamətdar olacaq?

– Bu il Azərbaycan QHT-lərinin dünyaya daha geniş açılması, regional layihələrlə çıxış etməsi üçün QHT Agentliyi dəstək tədbirlərini daha da gücləndirəcək. Ötən ilin sonunda Azərbaycanda təsis edilmiş Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin QHT-lərinin Platformasının 2026-cı ilin iyununda Bakıda böyük toplantısının keçirilməsi gözlənilir. QHT Agentliyi bu foruma da tərəfdaş kimi dəvət edilib və təklif qəbul olunub. Bu toplantı çərçivəsində Azərbaycan QHT-lərinin Macarıstan, Türkmənistan, Şimali Kipr, Qırğızıstan vətəndaş cəmiyyəti təmsilçiləri ilə ikitərəfli forumlarının təşkili planlaşdırılır. Bu isə o deməkdir ki, növbəti ikitərəfli forumlar həmin ölkələrdə baş tutacaq. Türk dünyası bizim ümumi ailəmiz olduğu üçün bu istiqamətdə də işlərə prioritet veririk.

İl ərzində “QHT-lərin İnkişaf və Mübadilə” Proqramları davam edəcək, 2026-cı ilin sentyabrında Gəncə şəhərində QHT-lərin Əməkdaşlıq Forumunun keçirilməsini planlaşdırmışıq. Təbii ki, bunlar nəzərdə tutulan fəaliyyətlərin yalnız bir hissəsidir. Agentliyin rəsmi internet saytında (ngoagency.gov.az) və sosial şəbəkə hesablarında (https://www.facebook.com/ngoagency.gov.az) keçiriləcək elanlar, tədbirlər və görüşlər barədə mütəmadi olaraq məlumatlar paylaşılır.

2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq. Bu dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edə biləcəklər.

Share: