Borçalının İgid Oğlu: Şəhid Alik İsayevin Xatirəsi

Borçalının İgid Oğlu: Şəhid Alik İsayevin Xatirəsi

Vətən üçün doğulan ömürlər qısa olsa da, mənəvi anlamda əbədiyyət qazanır. Onlar torpağın yaddaşına, xalqın qəlbinə, ana duasına çevrilirlər.

Belə igidlərdən biri də əslən Borçalı mahalından olan şəhid Alik İsayevdir. Onun adı artıq bir ailənin deyil, bütöv bir elin və xalqın qürur salnaməsinə yazılıb.


23 fevral 2026-cı il tarixində Xızı şəhərində yerləşən Rafiq İsmayılov adına tam orta məktəbdə şəhid Alik İsayevin doğum gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Məktəbin akt zalında təşkil olunan mərasimdə pedaqoji kollektiv, şagirdlər, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak edirdilər. Tədbir şəhidin əziz xatirəsinin yad olunması və onun keçdiyi şərəfli ömür yolunun gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Tədbir əvvəlcə şəhidimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirin aparıcısı Aylin Yusibli ilk sözü məktəbin direktoru. Zaur Zeynallıya verdi. Zaur müəllim çıxış edərək Alik İsayevin həyat yolundan, Vətənə olan sonsuz sevgisindən, torpağa bağlılığından və göstərdiyi qəhrəmanlıqdan söz açdı. Onun timsalında Azərbaycan gəncinin vətənpərvərliyi, cəsarəti və döyüş əzmi bir daha vurğulandı.


Anım mərasimində məktəbimizin fəal şagirdləri — Ömər Yusibli, Aysun Cabbarlı, Nuray Abdullazadə, Sadiq Əliyev, Zərnişan isayeva, Əli lətifli, Nilay Tagızadə, Səridə Yusibli, Aylin Yusibli və başqaları çıxış edərək şəhidimizə olan sonsuz ehtiramlarını ifadə etdilər. Onlar şeirlər söyləyərək, Alik İsayevin göstərdiyi igidlik və vətənpərvərlik nümunəsini gənc nəsillər üçün örnək kimi təqdim etdilər. Şagirdlərin çıxışları mərasim iştirakçılarını dərindən təsirləndirdi və tədbirə xüsusi duyğusal dərinlik qatdı.


Tədbirdə şəhidin anası Mehparə İsayeva da iştirak edərək övladının xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirdi. O, övladının adının yaşadılmasının, doğum günündə xatırlanmasının bir ana üçün ən böyük təsəlli olduğunu vurğuladı. Eyni zamanda, şəhid anası qeyd etdi ki, rayon rəhbərliyi şəhid ailələrinə daha çox diqqət göstərməli, onların mənəvi ehtiyaclarını nəzərə almalıdır. Onun səmimi və kövrək sözləri tədbir iştirakçılarını dərindən təsirləndirdi.
Tədbirə həmçinin “Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Ramiz Həsənov, idarə heyətinin üzvləri Zəlimxan Şərifov, Səadət Novruz qızı və şair Şərafəddin İlkin də qatılmışdılar. Çıxış edən qonaqlar qeyd etdilər ki, Borçalı elinin hər zaman öz qəhrəman övladlarını uca tutmaq ənənəsi var. Cəmiyyət sədri Ramiz Həsənov vurğuladı ki, bütün şəhidlərimizin xatirəsi daim diqqət mərkəzindədir və onların adlarının yaşadılması hər birimizin mənəvi borcudur. Tədbirin ən diqqətəlayiq anlarından biri şəhidin şəkli əks olunmuş xalçanın anasına təqdim olunması oldu. Bu hədiyyə həm ehtiramın, həm də unudulmazlığın rəmzi kimi dəyərləndirildi və alqışlarla qarşılandı.


Bu gün keçirilən tədbir bir daha göstərdi ki, şəhidlər yalnız müəyyən günlərdə deyil, hər zaman xalqımızın qəlbində yaşayırlar. Onların xatirəsinin uca tutulması, adlarının yaşadılması milli birliyimizin və mənəvi dəyərlərimizin təcəssümüdür. Şəhidlərimizin keçdiyi şərəfli yol hər bir gənc üçün örnəkdir və onların xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.
Şəhidlər ölməz, Vətən bölünməz!

Xəyalə Yusubova,
Xızı şəhər, Rafiq İsmayılov adına

tam orta ümumtəhsil məktəbin Uşaq birliyinin rəhbəri.

Share: