Bizim Seyran Səxavət kimi… Seyran Səxavət- 80

Bizim Seyran Səxavət kimi… Seyran Səxavət- 80

Deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir.

Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəlməyi bacarmır. Gərək doğulanda KİŞİ doğulasan, mərhum xalq artisti Fuad Poladov kimi. Yox, yox, bu dəfəki söhbətim Fuad Poladovdan deyil, sağlığında ona əziz olan bir adam haqqında olacaq. Sadəcə, dostunu göstərdim ki, onun kim olduğunu təsəvvür edə biləsiniz…
Uşaqlıqdan becid və inadkar oğlan olub. Altı yaşında məktəbə gedib. İkinci sinifdə oxuya-oxuya şeirlər, kiçik hekayələr yazmağa başlayıb. Və qələmə aldığı şeir və hekayələri müxtəlif qəzet və jurnallara göndərib…
Deyir ki:- “Oradan gələn cavablar isə hamısı eyni olurdu: “Şeirləriniz bədii cəhətdən zəif olduğuna görə çap edə bilmədik”. Açığı, o vaxt mən heç başa düşmürdüm ki, bu “bədii cəhət” nə deməkdir. Mən yazırdım, ürəyimdən keçəni deyirdim- bəs niyə zəif idi, onu anlamırdım. Beləcə, mənimlə redaksiyalar arasında saysız-hesabsız məktublar gedib-gəldi, amma heç bir nəticə olmadı. Sonra üz tutdum rayon mərkəzinə- “Qızıl Araz” qəzetinin redaksiyasına. İki-üç il də oranın qapısını döydüm. Amma orda da eyni sözləri eşidirdim. Sanki başqa söz bilmirdilər. Hər dəfə o sözləri eşidəndə necə sarsılırdımsa, üç-dörd gün heç nə yaza bilmirdim. Amma nəhayət, bir gün mənim də bəxtimə günəş doğdu. On dörd yaşım olanda “Qızıl Araz” qəzeti mənim ilk şeirimi çap etdi. Bu mənim üçün təkcə bir şeirin çapı deyildi- bütün o illərin, o məktubların, o gözləntilərin cavabı idi…”
O, 1946-cı ilin mart ayının 23-də Füzuli rayonunun Yağlıvənd kəndində dünyaya gəlib. Həmin kənddə orta məktəbi bitirdikdən sonra iki il rayon mərkəzindəki məktəblərdən birində direktorun köməkçisi vəzifəsində çalışıb. 1964-1970-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində ali təhsil alaraq, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnib. 1970-1972-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olarkən, SSRİ Müdafiə Nazirliyinin fars dili üzrə tərcüməçilərindən biri olub. Sonrakı fəaliyyətinin əhəmiyyətli hissəsi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanları ilə bağlıdır. 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrində işləyib.1974-1976-cı illərdə ixtisası ilə əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunub və orada iki il tərcüməçi kimi fəaliyyət göstərib. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Hal-hazırda AYB-də məsləhətçi kimi fəaliyyətini davam etdirir. “Azərbaycan” jurnalının redaksiya heyətinin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin üzvüdür. 20-yə yaxın kitabı işıq üzü görüb…
Bəli, söhbət hələ də mərhum dostu Fuad Poladovun telefon nömrəsini öz telefonunun yaddaşından silməyən Seyran Əsgər oğlu Xanlarovdan gedir. Ölkəmizdə onu daha çox- Seyran Səxavət kimi tanıyırlar. Şair, yazıçı, dramaturq, publisist və tərcüməçidir…
…Sosial məsələlərdə ədalət və əməkdaşlığa önəm verir. Ani dəyişikliklərdən uzaq durmağa çalışır. Rahat və mehriban adamdır. Planlı və düşüncəli şəkildə hərəkət etməyi xoşlayır. İntuisiyasına çox güvənir və başqalarının görə bilmədiklərini hiss etməyi bacarır. Sərraflığı da var- ətrafdakıları yaxşı və ya pis olaraq zərgər dəqiqliyi ilə dəyərləndirə bilir. Onun üçün şübhəli vəziyyətlər mövcud deyil. Bu insan nəinki öz problemlərini, həm də ətraf mühitin haqsızlıqlarını açıq şəkildə görür və onlara qarşı mübarizə aparmaqdan çəkinmir. Dostlarına qarşı anlayışlı və diqqətcil davranır…
“Bəzən mənə sual verirlər ki, şeirlə ədəbiyyata gələn Seyran Səxavət necə oldu ki yazıçıya çevrildi? Düzünü deyim, mən bunu elə bir “çevrilmə” kimi qəbul etmirəm. Hara getsəm də, söz məni aparırdı. Şeirdə də, nəsrdə də eyni yükü daşıyırdım. Sadəcə, bir gün gördüm ki, söz məndən daha geniş meydan istəyir. Mənim üçün söz birdir- istər şeir olsun, istər nəsr. Sadəcə, onun ifadə forması dəyişir. Bəli, bir vaxt gördüm ki, içimdə yığılanlar şeirin çərçivəsinə sığmır. Şeir daha çox sıxılmış fikirdir, yığcamdır, bir növ partlayış kimidir. Amma həyat o qədər geniş, o qədər çoxqatlıdır ki, onu bəzən bir neçə misraya yerləşdirmək olmur. Mənim gördüklərim, yaşadıqlarım, insanların taleləri, kəndin, şəhərin, zamanın özü- bunlar artıq başqa bir nəfəs istəyirdi. O nəfəsi mən nəsrdə tapdım. Amma şeiri də içimdən çıxarmadım. Mənim nəsrimdə də şeir var- ritm var, ahəng var, sözə münasibət var. Ona görə deyərdim ki, mən şeirdən nəsrə keçməmişəm. Sadəcə, söz məni harada daha rahat danışdırırsa, mən də orada oluram…”- söyləyir…
…Yardımsevər, istiqanlı və ağıllı insandır. Dürüstdür və ona edilən yaxşılıqları heç vaxt unutmur. Çox ciddi və düşüncəli olduğu üçün öz üzərinə məsuliyyət götürməkdən çəkinmir. Bəzən dünyanı yaşamaq üçün ideal yer hesab etmədiyindən tək qalmağa üstünlük verir. Qəzəbli anlarında mühakimə edən və hər şeydə nöqsan axtaran bir xüsusiyyəti də var. Amma buna baxmayaraq, ədalətli və vicdanlı olduğu üçün həmişə hörmət qazanıb. Çox müdik adamdır, sınaqdan keçirməsə heç vaxt qərar vermir. Onun üçün kəmiyyət əsas deyil, keyfiyyətə üstünlük verir…
Deyir ki:- “Mən ədəbiyyatı illərə, onilliklərə bölənlərdən deyiləm. Mənim üçün ədəbiyyat təqvimlə ölçülmür. Ədəbiyyatda tarix yox, əsər var. Bu gün də yazılır, dünən də yazılıb. Amma hamısı ədəbiyyat deyil. Əsər varsa- o yaşayır, yoxdursa, istədiyin qədər tarix yaz, xeyri yoxdur. Əsəri rəqəmlə ölçmək olmaz. Onu ya hiss edirsən, ya da yox. Ədəbiyyat mənim üçün statistika yox, nəfəsdir. Nəfəsi olmayan mətnin isə yaşı da olmur…”
…Əsl səbəbini bilmirəm, amma düşünürəm ki, ikinci dünya müharibəsi zamanı və növbəti illərdə dünyaya gələn insanlar, sonra gələn insanlardan çox fərqlənirlər. Çətin dövrdə, ehtiyac içində böyüyüb boya-başa çatsalar da, heç vaxt ələbaxan, riyakar, namərd olmayıblar. Bəli, deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəlməyi bacarmır. Gərək doğulanda KİŞİ doğulasan, bizim Seyran Səxavət kimi…
Martın 23-ü Seyran Səxavətin 80 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, qalan ömründə ağrı-acısız günlər, çəliyə möhtac olmamasını arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Share: