Uşaqlıq illərində çox dəcəl olub. Bir gün oxuduğu məktəbin həyətində tay-tuşları onu bir pezəvənglə güləşdirirlər. Necə olursa, pezəvəngi yıxır. Bu qələbəyə tay-tuşları əl çalırlar. Ertəsi gün rayon bazarının yaxınlığında həmin yıxdığı uşaq bir neçə nəfərlə yolunu kəsib, onu sıxışdırmağa başlayır. Elə bu məqamda özündən yaşca böyük dostu ona yaxınlaşır. Dava baş tutmur. Yoxsa Allah bilir bu dava-dalaşın sonu necə qurtaracaqdı…
Deyir ki:- “Bünyat Sərdarov adına orta məktəbdə təhsil alırdım. Şairliyim də var idi. Elə o vaxtdan şeirlərim yerli və respublika mətbuatında çap olunurdu. Füzuli rayonunda dərc olunan “Qızıl Araz”qəzetinin məsul katibi istedadlı şair, jurnalist, bəstəkar və mügənni kimi yaxşı tanınan məşhur Ağabala dayının oğlu Zöhrab Abdullayevlə dostluq edirdim. “Qızıl Araz” qəzetində şeirlərim haqqında çox mükəmməl bir yazı da yazmışdı. Günlərin birində Zöhrab məni Füzulidəki Pedaqoji Texnikumda keçirilən şeir məclisinə dəvət etdi. “Qızıl Araz”qəzetinin baş redaktoru Firuz Atakişiyev də həmin görüşdə iştrak edirdi. Mənim çıxışım tələbələrin çox xoşuna gəldi və dəfələrlə “Yenə!”, “Yenə!” deyərək şeir oxumağımı tələb etdilər. Bu mənə böyük ilham verdi. Elə o gündən də daha məhsuldar yazmağa başladım…”
O, 1938-ci ilin mart ayının 6-da Füzuli rayonunun Yuxarı Veysəlli kəndində, daha doğrusu kənddən 5 km yuxarıda yerləşən Ağbaşlıda dünyaya gəlib. Üç tərəfdən dağlarla əhatə olunan Ağbaşlı veysəllilərin yaylağı olub. Uşaqlığının və gəncliyinin böyük bir hissəsi o yerlərə bağlıdır. İlk şeirlərini də o cənnət guşədə yazıb yaradıb…
“Birinci dəfə Veysəlli təxəllüsü ilə 1963-cü ildə çap olunmaq istədim. O vaxt Nəriman Həsənzadə ilə “Azərbaycan gəncləri” qəzetində gedən şəklimin altında imzamı öz xahişimlə Əşrəf Veysəlli kimi yazmışdılar. Arada bu qərardan vaz keçdim. Daha doğrusu, bu təxəllüsün zəhmindən çəkindim, ağırlığından ehtiyat etdim. Ancaq sonralar bibim oğlu Nemət Veysəllinin, uşaqlıq dostum Kamran Veysəllinin bu təxəllüsü götürmələri məni də ürəkləndirdi və 1986-cı ildən bu təxəllüslə çıxış edirəm.”- söyləyir.
İnanılmaz dərəcədə romantik və sevgi doludur. Eyni zamanda, insanları, insanlığı çox sevir. Olduqca emosionaldır və macəraları xoşlayır. Güclü intuisiyası var, necə deyərlər, qarşısındakının fikrini bir kəlmədən tutur. İşləməyə, zəhmətə bağlı adamdır, yorulmaq bilmədən fəaliyyət göstərir. Bütün şairlər kimi, o da xəyalpərəst olması ilə seçilir…
Deyir ki:- “Ömrüm boyu vətən torpaqlarının vurğunu olmuşam. Qarabağın alınma xəbərini eşidəndə bir Allah bilir ki, nə hisslər keçirdim. Elə bil, nə vaxtsa Qarabağ adlı bir döyüşçünün qara kağızını almışdım və birdən-birə xəbər gəldi ki, sağdır, geri qayıdır. İnanın mənə, qanadlarım olsaydı həmin vaxt o yerlərə uçub gedərdim. Bu sevinci bütün Azərbaycan xalqı yaşadı və yaşayır. Elə mən də sevinc içindəyəm. Bizə bu sevinci bəxş eləyən insanlara, başda Ali baş komandan olmaqla, şəhidlərimizin ruhuna, ailələrinə, əsgərlərimizə, komandirlərimizə hər birinə minnətdaram…”
Ümumiyyətlə, səxavətli və dünyəvi insandır. Ona təsir edən yeganə güc, əsasən hiss etdiyi duyğular olur. Yüksək intuitiv qabiliyyəti onun telepatik olaraq hisslərində yanılmadığını göstərir. Əsas xüsusiyyətləri isə emosionallıq və romantizmdir. Bəzən emosionallığı ilə adamı sıxsa da, bəzən də romantik təbiəti sayəsində adamı xoşbəxtliyə aparır. Ancaq çox fədakar bir xarakterə sahib olduğu üçün, adamlar onunla ünsiyyətdə özlərini yaxşı hiss edirlər…
Filologiya elmləri doktoru, professor Avtandil Ağbaba onun haqqında yazır: “Onun həyatda və poeziyasında necədirsə, publisistik yaradıcılığında da eynilədir: sadə və səmimi, sünilikdən uzaq, yaşayıb-yaratmağın vurğunu. Onun “Atamın qonağı ola bilmədim”, “Xatirələrdən boylanan Vaqif”, “Ürəyi özündən boyük olan dost”, “Hacı Agəddin Mansurzadənin son sözləri”, “Qarabağda talan var” və digər publisistik məqalələri həyati detalların tipikliyi, təhkiyənin axıcılığı və ən başlıcası, poetik örnəklərlə bədiiləşən təsvirlərin özünəməxsusluğu ilə diqqəti cəlb edir. Həcmindən, mövzusundan asılı olmayaraq bütün publisistik yazılarında yüksək vətəndaşlıq yanğısı, dosta sədaqət, yurd sevgisi, mənəvi saflıq, xeyirxahlıq və s. kimi insani keyfiyyətlər qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə, qələm dostları Feyzi Mustafa, Vaqif İbrahim, Ağəddin Mansurzadə haqqında yaratdığı portret-oçerklər onu bir şəxsiyyət və sənətkar kimi oxucuların gözündə ucaldır. Bu yazılarda fəxrlə “Mən Azərbaycanlıyam!”- söyləməyə haqqı olan bir insanın qranit xarakterinin milli-mənəvi cizgiləri bütün aydınlığı ilə görünür. Bu, şair taleyinə açılan qapıdır ki, o xoşbəxtlik qapısından birinci olaraq özü daxil olub və bu qapı heç vaxt örtülmür, hamının üzünə açıqdır…”
Bəli, bu dəfə sizə ölkədə yaxşı tanınan şair Əşrəf Veysəllidən danışıram. Ona- Əşrəf əmi- deyə də müraciət edirik. Bu gün- martın 6-sı Əşrəf əminin 88 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, ağrı-acısız günlər arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu




















