İlk təbriki bizdən – qızlarından və nəvən Safiyada qəbul et!
İldə bir dəfə atamızın facebook səhifəsinə icazəsiz daxil oluruq, ad günündən bir gün əvvəl. O da hamıdan qabaq ad gününü təbrik etmək üçün.
Yanvarın 3-ü atamızın – məmləkətin sevilən şairi Vasif Süleymanın ad günündür. Biz onun adını hörmətlə çəkən hər kəsə sonsuz sayğılarımızı bildiririk. Atamız olduğuna görə yox ha… Bu vaxta kimi heç bir dalanda büdrəmədən saf, vicdanlı yaşadığına görə. O, bizim təkcə atamız deyil ki, həm də ən sadiq dostumuzdur. Bilirsinizmi, valideynlər övladları ilə həm də dost olanda nə şirin olur…
Biz gözümüzü açandan onu özümüzə dost bilmişik. Bu zaman kəsiyində üzümüzdən sevinc əskik olmasın deyə, oddan-alovdan keçib. Biz də hər ikimiz onun etimadını doğrultduq – ikimiz də tələbə olduq, ali məktəbi bitirdik. O, həmişə deyir ki, övladı incitmədən, döymədən daha yaxşı tərbiyə etmək, böyütmək olar. Və o bizi belə böyütdü…
Ədəbi aləmdəki mövqeyi, nüfuzu Sizlərə bəlli… İmzasına necə hörmətlə yanaşdığını, poeziyaya əsl namus işi kimi baxdığını azdan-çoxdan bilirsiniz. Onu, şeirlərini oxuyub da tanımaq olar. Çünki Vasif Süleymanın yaşantılarında olduğu kimi poeziyasında da yalan yoxdur. Özünüreklamdan çox-çox uzaqdır…
Budur sadə və şərəfli bir ömrün qısa tarixçəsi: Vasif SÜLEYMAN (Vasif İskəndər oğlu Süleymanov) 3 yanvar 1965-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub (İskəndər babamızla Səyalı nənəmiz Qazax rayonunun İncə dərəsindən – Qaymaqlı kəndindəndirlər. İskəndər babam o vaxtlar institutu bitirəndə təyinatla Şəmkir rayonuna göndəriblər. Atam, əmilərim və bibilərim Şəmkirdə anadan olublar). Bakı Dövlət Univesitetinin filologiya fakültəsini bitirib. 1985-ci ildən respublika mətbuatında şeirləri və publisistik yazıları ilə çıxış edir.
2023-cü ilə kimi “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru olub.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm”, “Şahmar Əkbərzadə” mükafatlarının laureatı, Prezident təqaüdçüsüdür. Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə təltif olunub. Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən İslam fəlsəfəsinin banisi, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş Əl-Fərabinin anadan olmasının 1155 illiyinə həsr olunmuş “Ədəbi Asiya-2024″ – III Qazaxıstan Dünya Ədəbiyyat Müsabiqəsində poeziya nominasiyası üzrə QRAN-PRİ diplomuna layiq görülüb.
“Sevgi atılandan sonra başlayır” adlı kitabı 1993-cü, “Eşq ol, dərgahına səcdəyə gəlim” adlı kitabı 2003-cü ildə, “Bu, ömürdür mən dediyim, nağıl yox” adlı kitabı isə 2013-cü ildə çap olunub.
HƏR ŞEY BU QISA TARİXÇƏDƏ VAR. Vəssalam…
Hər zaman bizi sürprizlərlə sevindirən atamıza biz də sürpriz etmək, müxtəlif zamanlarda bizə həsr etdiyi şeirləri sayğıdəyər insanlarla paylaşmaq istədik.
Biz xoşbəxtik, ata! Sənin kimi atamız olduğu üçün. İlk təbriki bizdən qəbul et! Doğum günün mübarək!
Gültac VASİFQIZI
Səyalı VASİFQIZI
Safiya VASİFNƏVƏSİ
GEDİMMİ...
Qızım Gültac hər səhər -ATA, İŞƏ GETMƏ-deyir
Gecikən ömrümə gülən çiçəyim,
Bəxtimə açılan yazım, gedimmi…
Sizin yanınızda qalır ürəyim,
Tanrının əlində ruzum, gedimmi…
.
Çəkilir ürəyim şişə, gedirəm,
Qismətim düşməyə, düşə, gedirəm.
Çörək-duz dalınca işə gedirəm,
A mənim çörəyim-duzum, gedimmi…
.
Siz olan dünyada neçə ki, varam,
Üzünüz qəm görməz, süfrəniz haram.
Qalsam, yanınızda xəcil olaram,
Gedib-qayıdacam qızım, gedimmi…
QIZIM SƏYALIYA
Gülər gözlərində tapdım xoş günü,
Çəkildi ağrım da, acım da, qızım!
Bu boyda şirinlik tapa bilmərəm,
Dünyanın o biri ucunda, qızım!
.
Nə möcüzə belə, nə sirr beləcə,
Ruhuma can verir səsin beləcə.
Nanə yarpağı tək əsir beləcə,
Ürəyim ovcumun içində, qızım!
.
Ayrı nə diləyim, ulu Tanrıdan,
Odur Yaradan da, odur yarıdan.
Yoxdu bir gileyim ağ gün sarıdan,
Sən də yanımdasan, bacın da, qızım!
NƏVƏM SAFİYAYA
Səni gözləməyə yetdi də ömür,
Sirdi, möcüzədi olan, ay bala!
Ömrümün zamanı doldu, deyirdim,
İndi gözlərimdi dolan, ay bala!
.
Gəldin ürəyimə gələn misra tək,
Gözlərin nur topu, əllərin çiçək.
Sən başdan-ayağa şeirsən, mələk!
Gəzmirəm qafiyə-filan, ay bala!

Elə bu yazın da çiçəyi sənsən,
Şirini, məzəsi, göyçəyi sənsən.
Bu fani dünyanın gerçəyi sənsən,
Hər şey səndən sonra yalan, ay bala!
.
Gəldin sən baharın gələn vaxtına,
Qurban taleyinə, qurban baxtına.
Sən məni çıxardın baba taxtına,
Anan da balamdı-balam, ay bala!
QIZLARIM
Bu, ömürdür, mən dediyim, nağıl yox,
Sizdən şirin şəkər yoxdu, noğul yox.
Siz varsınız, nə olsun ki, oğul yox,
And içirəm canınıza, qızlarım!
.
Gəlmisiniz bir talenin yayından,
Bir ürəyin çörəyindən, suyundan.
Kəsib ömrün çöldə qalan payından,
Tələsirəm yanınıza, qızlarım!
.
Dəmir oldum, daş günlərin eşqinə,
Gəlib keçdi yaş, günlərin eşqinə.
Mən bölündüm xoş günlərin eşqinə,
Ömür verdim hamınıza, qızlarım!
MƏNİ
Siz gələn yolların yorğunu oldum,
Dünya yaman çəkdi sınağa məni.
Güllərim, axır ki, açılıbsınız,
Dost-tanış tutmuşdu qınağa məni.
.
Ağ gün elə buymuş, bəsimdir, bəsim,
Başınız üstündə eşqim, nəfəsim.
Görən, YARADANA çatarmı səsim,
Götürsün sizlərə sadağa məni.
.
Bəxtimə gec gələn kərəmə şükür,
Mənə qanadsınız, görənə şükür.
Qızlarım, sizləri verənə şükür,
Yaman öyrətdiniz uçmağa məni.
















