Bir övladın cinayət xarakterli əməllərinə görə …- Əlövsət ƏLİYEV yazdı

Bir övladın cinayət xarakterli əməllərinə görə …- Əlövsət ƏLİYEV yazdı

Son günlərdə Məzahir Pənahovun oğlunun həyat yoldaşına qarşı iddia edilən zorakılıq hadisəsi ətrafında aparılan müzakirələrdə bir çox insanın, o cümlədən hüquq müdafiəçilərinin valideyni təhqir etməsi, məsuliyyəti birbaşa ona yükləməsi məni narahat edir.

Bir övladın cinayət xarakterli əməllərinə görə valideynin alçaldılması, ictimai ləkələnməsi — nə hüquqi, nə də etik baxımdan doğrudur. Fərdi məsuliyyət prinsipi hüququn əsas dayaqlarındandır. Hər bir insan yalnız öz əməllərinə görə cavabdehdir. Övladın hərəkətinə görə valideyni (və ya əksinə) təhqir etmək, “ailə dəyərləri” üzərindən linç mədəniyyəti formalaşdırmaq inkişaf prinsiplərinə ziddir. Belə hallar faktın yox, emosiyalar əsas götürülməsinə, qanuni prosedurlar gözlənilməməyinə, təhqir və aşağılama həyat normasına çevrilməsinə, cəmiyyətdə ədalət hissinin intiqam hissinə çevrilməsinə və sair hallara gətirib çıxarır.
Ən acınacaqlısı odur ki, bu prosesdə zorakılığa məruz qalan qadın ikinci plana atıla bilər. Onun niyə polisə müraciət etmədiyini sorğulamaq əslində qurbanın üzərinə getməkdir (victim blaming). Halbuki bu cür vəziyyətlərdə qurbanın keçirtdiyi qorxu, hüquqi məhdudiyyətlər, psixoloji travma, cəmiyyətə inteqrasiya olunmadığı kimi amillər nəzərə alınmalıdır.
Bütün bunlarla yanaşı, Məzahir Pənahovun özü haqqında şəxsi fikrim birmənalıdır. O, Azərbaycan cəmiyyətinə ən böyük ziyan vuran adamlardan biridir. Saxta seçkilərin simvoluna çevrilmiş bir şəxsdir və xalqın iradəsini tapdaladığı üçün heç vaxt bağışlanmamalıdır. Amma biz tənqid edərkən də prinsiplərimizi, ədalət və hüquq düşüncəmizi itirməməliyik.
Share: