Bir ömür ki, vətəndaşlıq dərsi idi – Samir Əsədli yazdı

Bir ömür ki, vətəndaşlıq dərsi idi – Samir Əsədli yazdı

Elə insanlar var ki, onlar haqqında danışarkən sözlər kifayət etmir. Həsənbala Məmmədov məhz belə şəxsiyyətlərdən idi.

Onun həyatı sadəcə şəxsi tale deyildi. Bu həyat müəllimliklə, ziyalılıqla, mübarizə ilə, vicdanla yazılmış bir vətəndaşlıq dastanı idi. Həsənbala müəllim təkcə bir sahənin yox, bütöv bir dövrün, bir bölgənin, bir düşüncə tərzinin simvolu idi.
Həsənbala Məmmədovla tanışlığımız 2002-cı ilə təsadüf edir. Vətəndaş Həmrəyliyi Partiyasının Qusar rayon təşkilatının toplantısına gedərkən tanış olduq. Həmin vaxt o, təşkilatın sədri deyildi. Amma buna ehtiyac da yox idi, çünki fikirləri, duruşu, danışıq tərzi ilə diqqəti dərhal cəlb edən bu şəxs xarizması ilə bir bölgə lideri statusunda idi. Bölgədə belə bir ziyalının, belə bir düşüncə sahibinin olması adamı istər-istəməz düşündürürdü. Eyni zamanda eyni ideyanın, eyni yolun üzərində olmağın qürurunu da yaşayırdım. Elə həmin ildən dostluğumuz başladı. Yaşca məndən xeyli böyük olmasına baxmayaraq, məni o qədər özünə cəlb etmişdi ki, bu münasibət qısa zamanda ailəvi dostluğa çevrildi. Tez-tez Qusara gedir, onlara baş çəkirdim. O Bakıya gələndə isə mütləq görüşürdük. Bu gün də onun oğlu və ailəsi ilə həmin dostluq münasibətlərimiz davam edir.
Çünki Həsənbala müəllim tək özü ilə yox, yaratdığı mühitlə, yetişdirdiyi insanlarla yaşayırdı.
Həsənbala müəllim möhtəşəm bir insan idi. Onunla ünsiyyətdə olan heç kim bu ünsiyyətdən doymurdu. Söhbətləri sadəcə fikir mübadiləsi deyildi. Bu söhbətlər düşünməyə vadar edən, yaddaşda qalan, insana yol göstərən söhbətlər idi. O danışdıqca hiss edirdin ki, qarşında təsadüfi bir adam yox, yaşadıqlarını süzgəcdən keçirmiş, oxuduqlarını həyatla tutuşdurmuş bir ziyalı dayanıb. Hər mövzuda ölçü vardı, dərinlik vardı, məsuliyyət vardı. Bəzən bir cümləsi saatlarla düşünməyə kifayət edirdi. Elə buna görə də onun söhbətindən doyan olmurdu. Çünki bu söhbətlər insanı həm zənginləşdirir, həm də daxilində bir vicdan səsi oyadırdı.
O, heç vaxt boş yerə danışmazdı. Müqayisəli, hərtərəfli, ölçülüb-biçilmiş fikirlər söyləyərdi. Səbirli idi. Nə etdiyini bilən, sözünün məsuliyyətini daşıyan bir insan idi. Hər zaman sadə insanların, sadə vətəndaşların yanında olmağa çalışırdı. Onun üçün vəzifə yox idi, insan vardı.
İnsanlar var ki, yaşadığı ömrün ölçüsü illərlə deyil, gördüyü işlərlə, yetirdiyi insanlarla, oyatdığı vicdanlarla hesablanır. Həsənbala Məmmədov məhz belə insanlardan idi. O, sadəcə bir müəllim, bir alim, bir ziyalı deyildi. O, ölkəsinin gələcəyini düşünən, bu gələcək naminə ömrünü əsirgəməyən əsl vətəndaş idi.
Qusar torpağının yetirdiyi bu aydın insan hələ gənclik illərindən taleyini xalqına bağlamışdı. Onun üçün vətən anlayışı şüar deyildi. Bu anlayış məsuliyyət idi. Ziyalılıq isə titul yox, vicdanla yaşanan bir ömür tərzi idi. O, ölkənin gələcəyini düşünür, bu gələcəyin sağlam düşüncəli, milli ruhlu gənclər üzərində qurulması üçün səylə çalışırdı.
Filoloq alim kimi Azərbaycan dilini mükəmməl bilməklə kifayətlənmirdi. O, dili qoruyur, sevdirir, yaşadırdı. Auditoriyalarda Həsənbala müəllim təkcə dil və ədəbiyyat öyrətmirdi. O, gənclərin daxilində vətən sevgisini oyadır, vətəndaşlıq məsuliyyətini formalaşdırırdı. Minlərlə tələbənin yaddaşında o, yalnız müəllim kimi yox, həm də mənəvi dayaq, həyat dərsi verən ağsaqqal kimi qalıb.
Milli Azadlıq Hərəkatının ilk günlərindən ön sıralarda dayanması onun xarakterinin təbii davamı idi. Qusar hərəkatçılarının liderlərindən biri kimi bölgədə milli oyanışın və təşkilatlanmanın əsas simalarından oldu. Azərbaycan Xalq Cəbhəsinin şimal bölgəsində qurulması və möhkəmlənməsi onun qətiyyəti və təşkilatçılıq bacarığı ilə sıx bağlı idi. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının quruculuq prosesində fəal iştirak etdi. Uzun illər təşkilatda rəhbər vəzifələrdə çalışaraq prinsiplərinə sadiq qaldı. Siyasəti şəxsi maraq yox, ictimai xidmət kimi dərk edirdi.
Onun ziyalılığının ən parlaq cəhətlərindən biri də hüquq müdafiəçisi kimi fəaliyyəti idi. Haqqı tapdanan, hüququ pozulan insanlar üçün Həsənbala Məmmədov bir pənah yeri idi. Ona üz tutan heç kəsi geri çevirməzdi. Kiminsə dərdi vardısa, o dərd onun da dərdi olurdu. Haqsızlığa dözməzdi. Susmağı xəyanət sayardı.
Yazı-pozu adamı idi. Ləzgi dili dərsliklərinin hazırlanmasında iştirakı onun milli-mədəni müxtəlifliyə, ana dillərin yaşadılmasına verdiyi dəyərin göstəricisi idi. Bu işi sadəcə elmi fəaliyyət kimi yox, tarixi borc kimi görürdü. Qələmi daim axtarışda idi. Hələ yazacaqları çox idi. Hələ yaradacaqları yarımçıq qaldı.
Ailə həyatında o, yaxşı ailə başçısı, qayğıkeş ata, ailəsinin mənəvi dayağı idi. İctimai çəkisi ilə şəxsi sadəliyi arasında nadir bir harmoniya vardı. Evində necə idisə, cəmiyyətdə də elə idi. Səmimi idi. Dürüst idi. Məsuliyyətli idi.
Təəssüf ki, amansız pandemiya bu dəyərli ziyalını bizdən vaxtsız ayırdı. Amma belə insanlar ölümlə bitmirlər. Onlar yetirdikləri insanlarda, oyatdıqları vicdanlarda, qoyduqları izlərdə yaşayırlar. Onun ömrü zaman baxımından yarımçıq qalsa da, məna baxımından bütöv idi.
Bu gün onun doğum günüdür. Fiziki olaraq aramızda olmasa da, adı hörmətlə çəkilir, xatirəsi ehtiramla anılır. O, hələ yazacaqdı. O, hələ yaradacaqdı. Amma yazdıqları və yaşatdıqları artıq bir məktəbdir.
Xatirəsi daim yaşayacaq.
Share: