BİR ÖMRÜN TABLOSU…

BİR ÖMRÜN TABLOSU…

Cəlilabadda yaşayıb yaradan tanınmış qələm adamı İlqar İsmayılzadənin yeni kitabının təqdimatı keçirilib.

“Bir ömrün tablosu” adlanankKitab Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım rəssamı,  dəyərli müəllim  Laləzar xanım Sadıqovaya həsr edilib.

2026-cı ilin  ilk aylarında Cəlilabad şəhərində fəaliyyət göstərən “Həməşəra” mətbu orqanının təşəbbüsü ilə “Qazi” Çap Mərkəzində dərc olunan kitab 120 səhifədir.

Kitab barədə:
Bu kitab Cəlilabad rayonu üzrə hələ sovetlər dönəmində ilk xanım rəssam olaraq tanınmış və Cəlilabad tarixinə düşmüş, o vaxtlar bir neçə il ərzində Cəlilabad şəhər Pioner və Məktəblilər Evinin Təsviri incəsənət dərnəyinin rəhbəri və baş müəllimi işləmiş dəyərlimiz Laləzar xanım Əsədova (Sadıqova) haqqında qələmə alınmış və hazırlanaraq işıq üzü görmüş bir təqdimat əsəridir.
Kitab Laləzar xanımın öz həyat hekayəsi barədə maraqlı məlumatlar təqdim edən ön sözü ilə başlamış, bundan sonra mənim kitab üçün qələmə aldığım təəssürat, izahat və arzu-diləklərlə davam etmişdir. Bunun ardınca isə aşağıda göstərilən beş fəsildə onunla bağlı təfərrüatilə danışılmış, ətraflı məlumatlar təqdim edilmişdir:
Birinci fəsil: Bioqrafik məlumat;
İkinci fəsil: Laləzar xanımın xüsusiyyətləri;
Üçüncü fəsil: Laləzar xanım barədə bir hekayə;
Dördüncü fəsil: Laləzar xanım media orqanlarında;
Beşinci fəsil: Fotoşəkillər və Laləzar xanımin əl işlərindən nümunələr.
Kitabda Laləzar xanımın həyat yolu və bioqrafik məlumatlarından tutmuş, şəxsi xüsusiyyətləri və keyfiyyətləri, onun haqqında qələmə aldığım “Təsviri incəsənət kraliçası” adlı xüsusi bir hekayə, həmçinin, istər Sovet dönəmi, istərsə də müstəqillik illərində haqqında müxtəlif yazı, məqalə və təqdimatların dərc edildiyi bir sıra mətbuat və media orqanlarından nümunələr göstərilmişdir. Kitabın son fəslində isə Laləzar müəllimənin özü və yaxınlarının fotoşəkillərindən əlavə, son 40 il ərzində çəkdiyi və müxtəlif sahələrə (tablo, mənzərə və s.) aid olan 31 əl işi və rəsm əsəri təqdim edilmişdir.

Təşəkkür və diləklər!
Sonda dəyərlimiz, eyni halda Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin kraliçası sayılan, həmçinin, mənə və mənim kimi onlarla şagirdinə əziz, mehriban müəllimə, qayğıkeş və mənəvi ana kimi rəssamlıq sənətini öyrətmiş əziz Laləzar müəlliməyə bu kitabın ərsəyə gəlməsində özü ilə bağlı şəxsi məlumatları və xüsusilə də rəsm əsərlərini yollamaqda səmimiyyət göstərdiyinə görə təşəkkürümü bildirir, ona uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi arzulayıram!
Eyni halda indiyədək işıq üzü görmüş sayca 53-cü məlum əsərimin çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
07.03.2026

Share: