(redaktor Firəngiz Axundovaya həsr olunur)
Analar bu dünyaya bizi bağlayan ən doğma bağlardır. Onunla tanışlığım və onunla bağlı hər bir addımımda zərrə qədər peşman olmadım. Sizə bu günlərdə dünyasını dəyişmiş gözəl bir anadan bəhs edəcəyəm.
Onu ilk gördüyüm gün film kimi yadımdadır. Atamın yoxluğundan sonra onun yolunu davam etmək üçün gənc, istedadlı şair və yazıçılar sorağına çıxdım. Bu soraqla bir çox gözəl şair və yazıçılara ilk kitab təqdimatlarını təşkil edirdik. Tədbirlər ali təhsil ocaqlarında keçirilirdi. Eşidəndə də ki, şairlərdən biri Zaur Rəxşanın anası xəstədir və o işə belə gedə bilmir, bütün gününü anaya qulluq edir, qrup olaraq çox üzüldük. Onları ziyarət etdikdə isə yol boyu bu ağır yükü, bu səhnəni necə qarşılayacağıma dair düşüncələr məni boğurdu. Onu ilk gördüyüm gün bu gün kimi yadımdadır. Firəngiz ana gözəl, kübar bir qadın idi. Məni görüb gülümsədi, onu qucaqladım. Biz də çox idik. Otaqda da çoxluq — qonaqlar, qonşular, bir də qaynı yoldaşı var idi. İndi həmin qadının adını xatırlamıram. Hamıya məni təqdim etdi. Məni maraq götürdü. Ona bəzi suallar verdim. Gördüm ki, atamı və digər şair-yazıçıları çox yaxşı tanıyır. O dövrdə Azərnəşrdə Yazıçı nəşriyyatında işləyib — uzun müddət. Yazıçı, şairlərin adını çəkdi. Bəxtiyar Vahabzadənin tələbəsi olmuş bu ziyalı qadın şeirləri əzbər bilir, əsərlərdən maraqla danışırdı, yazıçılar barədə xatirələrini bölüşdü. Ədəbiyyatdan xeyli söhbət etdik. Elə o gün dedi ki, bu sözü də deyib çox kövrəldi: “Zaurdan nigaranam. O da bir yana çıxsın. Elə mənə baxır. Yalnız məni düşünür.” Bilirdim ki, Zaur Rəxşan bütün şeirlərini ilk anasına oxuyur, onun fikrini alır, sonra üzə çıxarır. Oğlunun ilk oxucusu olmaq ona qürur verirdi. Kitab təqdimatına və ilk diplomuna da çox sevinmişdi oğlunun. Ana olmaq — özünü yarımcan olduğunu belə unutmaq, ancaq övladlarını düşünməkdir. Firəngiz xanım gözəl ana idi.
Qapıda digər oğlu göründü: “Natıq, ana necəsən?” — dedi. O da gülümsədi. Bir az keçmir, nəvəsi onun yanına qaçdı. Bu səhnə mənə ana nənəmi xatırlatdı. Onun mehriban gülüşü mənə doğmalarımı yada salırdı, dayəmi, nənəmi.
Bu gözəl qadını heç unutmur, mütəmadi telefonla danışırdım. Onu ziyarətə gedəndə ya bayram, ya da onun ad günü olurdu. Könlünü xoş etmək üçün hamı başına fırlanırdı. Gələn qohumlar onun necə evdar olmağından, necə gözəl ana olmağından danışırdı. O isə uşaqlarla bağlı xatirələrlə dolu idi. Bir gün də mənə məşhur Cümhuriyyət şairi, mühacir ədəbiyyatının banisi olan Məmməd Əmin Rəsulzadənin şeirlərinə sevdalı olan, məşhur “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan” misralarını yazmış Əmin Abiddən söz saldı. Mənə qədim şəkillər göstərdi. Məlum oldu ki, Firəngiz xanımın nənəsinin əmisi olmuş Əmin Abid ailənin unudulmaz əfsanəsinə çevrilib. Firəngiz ana da Əmin Abiddən və onun ailəsindən maraqlı, heç bir yerdə bilmədiyimiz faktlar, xatirələr danışırdı. O qədər danışmışdı ki, bir ara bu mövzuda kitab belə yazmaq istəyirdim. Firəngiz xanımın necə bir ziyalı ailədən gəldiyi onda mənə bəlli oldu. Bizim gözəl aktrisamız, Xalq artisti Xalidə Quliyevanın sinif yoldaşı olmuş Firəngiz xanım mənim ilk kitabımın təqdimatından sonra Xalidə xanımla telefonda danışır, xatirələrini bölüşüb kövrəlirdilər. Həyat Firəngiz ananı öz gözəl universitet və iş həyatından çox-çox uzağa atır.
Sözün düzü, həyat seçimi insanların əlində deyil. Firəngiz ananın həyat yoldaşını heç indi də tanıya bilməmişəm, uzaqdan bir-iki dəfə gördüyüm olub. Amma ürəyimə qəribə bir nisgil yol tapdı. Ardınca büsbütün sevimli həyatını qoyduğu halda, bu gözəl qadın necə öz ailəsinə və düşdüyü ocağa dəyər verirdi. Bütün insanlığa örnək olacaq tərzdə. Bunu həmişə düşünürdüm və o etirafı mən yalnız indi edirəm. Çox güman, heç bir dəfə də dilinə gətirmədiyi halda, mən onu deyə bilərəm ki, hər bir insan öz düşüncə çapında insanla ailə həyatı qurması böyük uğurdur.
Zaman keçdi və ailədə böyük bir dəyişiklik baş verdi. Bu həssas, incə ruhlu qadının evinin hər bucağını sevdiyi halda, övladlarına və ailəsinə çıraq olduğu halda, ayaqları tutulur. Bunun nəyin fəsadı olduğunu həkimlər belə fərqli izah edir. Dəfələrlə müalicələr edilsə də, onu ayağa qaldırmaq mümkün olmurdu. Mən əlil arabasında oturan bu gözəl xanımın ayağa duracağına çox inanırdım. Amma özünün isə tək bir arzusu var idi — əziyyətini çəkən kiçik oğlunu xoşbəxt görmək istəyirdi.
Bir gün şair dostlarla və oxucu Gülnar xanımla qərara aldıq ki, Mətanət Qüdsini ziyarət edək. Həmin gün Xırdalanda mənimlə görüş idi, amma mən ora getmədim. İndi haqq dünyasında olan Mətanəti ziyarətə gedirəm. Mətanəti gördüyüm gün ona qulluq edən mələk kimi başına fırlanan bir qız nəzərimi cəlb edir. Düşünürəm ki, əgər Firəngiz anaya bir gəlin lazımdırsa, o, mütləq şəfqət bacısı olmalıdır. Bu həm onun ömrünü uzadar, həm də bu cür müqəddəs işlə məşğul olan bir xanım heç zaman evdə bir əlil ananın olmağından şikayət etməz. Çünki ana bunu dəfələrlə deyirdi. Mən isə üstündən keçib deyirdim ki, gözəl ürəyi olan qız heç zaman “yox” deməz, sən də onun bir anası olarsan. Mənim qızı gördüyüm gündən iki il keçdi. Amma arzularımıza gec də olsa çata bildik. Elçilik günü ananı da apardıq. Ana başda əyləşib, kövrək səslə elçilik etdi. Yadımdadır, uzun-uzadı nitq söylədi. O gün ana çox xoşbəxt idi, ona dünyaları vermişdik. Mən dediyim kimi oldu. Gözəl gəlini ona gözü kimi baxdı. Son anına qədər yanında oldu, qulluğunda durdu. İllər keçdi. Firəngiz ana balaca qız nəvəsini də qucağında tutdu, sevindi. Fərəhləndi, ürəyinə sevinc doldu. Allah ona sevincli günlər nəsib etdi.
Bir neçə gündür, şair dostumuz Saleh, axşam vaxtları olardı, zəng etdi. Düzü, özümü qınadım. Düşünürdüm, artıq missiyam sona çatıb, orda hamı xoşbəxt, şad-xürrəm, mən də ananı ziyarəti həmişə ertələyirdim. “Bir gün gedərəm” — deyirdim. Əvvəl öz səhhətimlə, sonra isə işlərimlə başım qarışdı. Bu gözəl, fədakar, ziyalı ananı — mehriban, həlim, kövrək ananı görə bilmədim. Sanki ilk görüşümüz, onun xoşbəxt, sevincli gözləri, mənə təşəkkürü, son onu bağrıma basıb kövrəlməyim kino lenti kimi gözümün önündən getmir. O dövrdə bir çox gənc, ilk kitabı çıxan şair və yazıçılar tanıyırdım. Amma indiyə qədər heç kim bəlkə də bunu bilmir ki, Firəngiz xanım nə dərəcə mənim əzizimə çevrildi. Və mən onun üzü güləndə necə sevinirdim. Bir neçə gündür ki, bu acı xəbərdən sonra özümə gələ bilmirəm. Bir təsəllim var — mələklər bizi görür.
Bu dünyadan içində çox böyük həyat eşqi olan, ağıllı, ziyalı, insansevər, sevimli bir ana keçdi, getdi. Ziyalı bir ana. Əmin Abid yadigarı, övladlarından daima nigaran, dəyərlərinə hörmət edən, sədaqətli, əsl azərbaycanlı gözəl insan idi Firəngiz ana və mən bu sözləri deməliyəm. Onun müdrikliyi — bütün insanları olduğu kimi qəbul etməyi idi.
Onun yas mərasimində Gülnarə Munis adlı bir şairə bir-iki kəlmə söz dedi — ümumi bildiklərindən, həyatda görmədiyindən, ümumi diləklər etdi. Və mən ananı böyük bacım qədər çox sevdiyimə və onun da çox sevdiyi biri olduğumdan qürurlandım. Onu tanıdığıma görə sevindim. Elə həmin an anladım ki, mən mütləq düşündüklərimi yazmalıyam. Onunla ünsiyyətə davam etməliyəm. Çünki bu dostluq daimidir, mənimlə Firəngiz ana ilə çox sıx bağımız var və bu qırılmazdır. Bunu qırmağa hər iki dünyanın gücü yetmədi. İnsanı sədaqəti və ürəyi ucaldır. Ucalan anaya Allahdan rəhmət diləyirəm. Yeri cənnət olsun. Onu yaşadacaq ailəsini, bu xətti, bu ziyalı ali xətti, gözəlliyi qorumağı diləyirəm. Ocağı sönməz. Ruhu şad olsun.
Aysel Fikrət


















