
Bilal Alarlı
Dərs
Bizə dərs verir
dərs verdiklərimiz.
Bəlkə də buna görə
bizi heyrətdə qoyur
hər gün gördüklərimiz.
Qədim bir məsəl var,
kim nə edir,
özünə edir.
Yandırdığı ocağı
üfürənlərin tüstüsü
nəfəsini boğur,
külü gözünə gedir.
Yer fırlanır,
fırladır bizi də.
Fırladanlar
fırlananlarla
fırlanır özü də.
Kiməsə vurduğumuz
zərbələr də
özümüzə qayıdır,
özümüzə dəyən zərbələr
bizi gec ayıldır,
gec oyadır.
Tanınmış şair Bilal Alarlı da elə bu şeir ilə dərs verir
Dərs verdiyinin sənə dərs verməsi ağır zərbədir, qəbuledilməzdir. Gördüklərimizin bizi qoyduğu heyrət təəccübdür, təəssüfdür, heyfsilənməkdir, korşalan zəmanəyə şikayətdir.
O qədər dəyərli məsələni nümunə gətirmisiniz ki…
Bilal müəllim, bəzən insanın özünə etdiklərini başqası etmir.
Həyatın bumeranq olduğunu da vurğulamısınız.
Həyat təzaddır. Sizin fikrinizə qüvvət: Nə ola, zərbələr qayıtdığı kimi gözəl əməllər, yaxşılıqlar, xoş amallar da qayıda.
Bilal müəllimin bu şeiri aqillərə, adillərə, ariflərə zövqdür, cahillərə dərsdir!
Ocağımız gur yansın,Yer fırlandıqca dünyamıza nur gətirsin. Nur da bizi bərəkətə, halallığa, ismətə, tərbiyəyə qərq etsin.
Dərsi isə dərs deyənlərdən alaq, amma dərs verməyək dərs aldıqlarımıza…
İsayeva Sevil Azad qızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq.