Biganəliyin radiusu… -Elman Eldaroğlu Əntiqə Rəşid ASLANdan yazdı

Biganəliyin radiusu… -Elman Eldaroğlu Əntiqə Rəşid ASLANdan yazdı

1970-ci ilin yanvar ayının 28-də Ağdam rayonunun Baş Qərvənd kəndində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, Bərdə Kənd Təsərrüfatı Texnikumunun mühasibat -uçotu fakültəsini əla qiymətlərlə bitirib.

Bir müddət doğulub boya-başa çatdığı kəndin mədəniyyət evində mədəniyyət işçisi kimi çalışıb. Sonra ABU-nun jurnalistika fakultəsinə qəbul olunub və oranı qırmızı diplomla bitirib. 2000-ci ildən məqalələri qəzet və jurnallarda çap olunur. 2003 -ci ildən media işçisidir. Ötən müddət ərzində “Qarabağ” qəzetində, “Qazilər” saytıında, “Ədalət” qəzetində və s. mətbu orqanlarında çalışıb. Hazırda saytlardan birilə əməkdaşlıq edir…
Deyir ki:- “Elə bir media orqanı yoxdur ki, məqalələrim orada dərc olunmasın. 2020-ci ilin 28 sentyabrından noyabrın 28-nə qədər cəbhə bölgəsində “Ədalət” qəzetinin müxbiri kimi fəaliyyət göstərmişəm. Yeganə qadın jurnalist kimi cəbhə xəttində 44 gün düşmənlə üz-üzə dayanmışam. Dəfələrlə ölümlə üzbəüz olmuşam. Hətta Bərdə bombalananda, düşmən tərəfindən atılan raket, mənim durduğum yerdən 200 addımlığa düşüb. Mən onda köçkünlərin məskunlaşdığı binadan qəzetə material göndərirdim…”
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas onu belə xarakterizə edir: “Od parçasıdı, belə bir söz var ey, dəyirmanın gözünə ölü atsan, diri çıxar. Tanrı ona istedad da verib, cəsarət də, üç-dörd kişi ilə əlbəyaxa döyüşməyə güc də. Əri İsmayıl Novruzov Birinci Qarabağ müharibəsinin döyüşçülərindən biridi. İkinci qrup Qarabağ əlilidi. Bədənində 23 düşmən qəlpəsi gəzdirir. Biri də ürəyindən bir neçə millimetr kənardadı. Bu qəlpələri də çıxarmaq mümkün deyil. İş qabiliyyətini itirib. Həkimlər 3 kiloqramdan artıq yük götürməyi qadağan ediblər ki, ürəyinin yanındakı qəlpə tərpənə bilər. Rəşid adlı bir oğlu da var, onu da atası kimi, özü kimi döyüşçü yetişdirir. Hələ İkinci Qarabağ müharibəsi başlamamışdı. Yadınızdadırsa, cəbhə xəttinə təkər daşıyırdılar, şpal daşıyırdılar. Səngər möhkəmlədirdilər, qazilər hamısı bu hərəkatda fəal idi. Onun da əri qazidi, amma məlum səbəbdən bu hərəkatda iştirak edə bilmirdi. Onda bu xanım ərini İkinci Qarabağ savaşında da əvəz elədi. Üz tutdu Ağdama. Təkər daşıdı, şpal daşıdı, səngər qazdı qazilərlə birlikdə. 44 günlük müharibədə də geri dönmədi, döyüşən əsgərlərin yanında oldu. O da döyüşdü, amma qələmi ilə. Hər gün saytımıza və qəzetimizə cəbhədən ən doğru xəbərləri göndərirdi. Göndərdiyi şəkillərin birində hələ onda Qərvənd azad olunmamışdı, səngərdən Qərvəndə baxdığı bir şəkili göndərmişdi. Əgər kiminsə duası ilə Qarabağı azad etmişiksə, onun baxışları ilə Qarabağı niyə azad etməyəydik ki? O baxışlarda nələr vardı, ilahi? Səsi yetən yerə əli yetməyən bu xanımın o baxışlarını Tanrı görürdü. İndi səsi də yetir, əli də yetir…”
Söhbət fədakar jurnalist Əntiqə Rəşiddən gedir. Qarabağ müharibəsi vaxtı, cəbhə bölgəsində atəş altında qələmə aldığı yazılarla oxucuları mütamadi məlumatlandıran Əntiqə Rəşiddən. “Əntiqə” sözü Azərbaycan dilində əsasən qiymətli, nadir, çox gözəl və orijinal mənalarında işlənir. Bir nəsnənin gözəlliyini, nadirliyini və ya təəccüblü xüsusiyyətini ifadə edir. Bu kəlmə həmçinin maraq doğuran əşya və ya bir şəxs üçün də istifadə olunur…
“Bir zaman güllü-gülüstana bənzər bir həyətimiz vardı, orda ağaclar da, çəmənlik də yamyaşıl idi, orda çiçəklər-güllər əlvan rəngdəydi, orda bülbüllərin cəh-cəhidə təkrarsızıydı. Bax, o cənnətin içində sadə bir ev, o evin isə sadə sakinləri vardı. Bir baxışıynan özümüzü yığışdırdığımız, dünyada hamıdan güclü bildiyimiz Ata vardı, sonsuz şıltaqlıqlarımıza dözən, hirsi-əsəbi qayğıya bülənən Ana vardı, 5 dəqiqə ”dost ”, 5 dəqiqədən sonra ”düşmən”, pisliklərdən xəbərsiz bacı-qardaş vardı. Ən çox, Ana kəfkirlə böyük mürəbbə tiyanını qarışdırdıqca, hərəmizin əlində bir nəlbəki ocağın kənarını kəsdidiyimiz yadıma düşür. Birinci kimin nəlbəkisinə pay çəkiləcək iddiası “kiçik didişmələr” yaradardı. Dartışma-çəkişmə… Ana tiyana yıxılacağımızdan qorxardı. Əlindəki kəfkirlə hərəmizi bir tərəfə qovardı; “Yaxına gələnin bu kəfkirlə ayaqların sındıracam”. Axırıncı “ültumatum”dan sonra azacıq gözləyib, yenidən ocağın başına yığışardıq. Onsuzda ”ultumaum”un elə də tutarlı olmadığını bilirdik. Mürəbbə payımız çəkilərdi. Bu dəfədə ikinci payı da almaq üçün bütün barmaqlarımızdan “səmərəli istifadə” edərdik. Nəinki, nəlbəkimizə, ağız-burnumuza, üst başımıza, hətta əl-ayağımıza bulaşmış mürəbbə şirəsinə birdə toz-torpaq hopanda görəydin bizi. Hələ məhlədə top-top oynayan həmyaşıdlarımın səsi-küyü məni hövsələdən çıxaranda topu götürüb qaçdığım, qəzəbli “futbolçular”ın ayaqyalın arxamca düşüb, topu məndən alıb, sonra da məni möhkəmcə əzişdirdiyi günləri özlədim. Belə qayğısız xoşbəxt mənzərə üçün burnumun ucu göynəyir. Yatıram yuxularımdan, oyanıram gözlərim qarşısından çəkilmir o sevimli, bir-birindən maraqlı anlar.”- söyləyir.
…Ötən il 55 yaşı tamam oldu. Marqlıdır, nə Mətbuat Şurasından, nə də ki, Azərbaycan Jurnalistlər Birliyindən bu xanımı axtarıb arayan olmayıb. Sanki bu qrumlarda biganəliyin radiusu ildən ilə daha da böyüyür. 44 günlük savaşda ön cəbhədən xəbər göndərən bir fədakar jurnalisti təbrik edib, sevindirməyə özündə güc tapa bilməyən insanlara nə deyəsən?..
Deyir ki:- “Jurnalist fəaliyyətimdən savayı şəhid dəfnlərində, orduya sovqat aparılmasında , sığınacaqlara kömək olunmasında fəal iştirak etsəm də, heç kim dəyərləndirmədi. Hələ canımı qurban dediyim dövlətim, bizim jurnalistika sahəsinə baxan əlaqədar təşkilatlar məni görmür. Ya da görmək istəmirlər…”
Bəli, yanvarın 28-də Əntiqə xanımın növbəti ad günüdür. Bunu bilib biganə qala bilmədim. 44 günlük müharibədə qəhrəman döyüşçülərimizin yanında olan, atəş səsləri altında reportajlar hazırlayıb arxa cəbhəyə yollayan, yaralılara yardım edən, əsgərlərə ərzaq daşıyan bir qorxmaz, fədakar xanımın ad gününə axı necə biganə qalmaq olar?
Onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Share: