21 fevral – dünyada dillərin zənginliyini və mədəni müxtəlifliyi təbliğ edən Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə möhtəşəm tədbir təşkil olundu. Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi və 210 nömrəli tam orta məktəbin kollektivi tərəfindən birgə həyata keçirildi.

Tədbir ana dilimizin gözəlliyini, saflığını və milli kimliyimizin formalaşmasındakı müstəsna rolunu bir daha nümayiş etdirdi. Müəllim və şagird kollektivinin birgə səyi nəticəsində ərsəyə gələn proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Ardınca aparıcılar ana dilimizin xalqımızın tarixi yaddaşı, milli-mənəvi dəyərləri və mədəni irsi ilə sıx bağlı olduğunu vurğuladılar. Qeyd edildi ki, hər bir xalqın varlığını yaşadan və onu gələcək nəsillərə daşıyan ən mühüm amil məhz onun ana dilidir.
Proqram çərçivəsində şagirdlərin hazırladıqları bədii kompozisiyalar, səhnəciklər və ədəbi-bədii nümunələr xüsusi maraq doğurdu. Ana dilinə həsr olunmuş şeirlər böyük duyğu ilə səsləndirildi, dilimizin zənginliyini əks etdirən səhnəciklər tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı. Şagirdlərin ifasında səslənən hər bir misra, hər bir kəlmə ana dilimizə olan sonsuz sevgi və ehtiramın ifadəsinə çevrildi.
Tədbirdə çıxış edən məktəbin direktoru Həqiqət Gülalıyeva ana dilimizin mahiyyətindən və dəyərindən bəhs edərək vurğuladı ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin əsas göstəricisidir. Rus bölməsində təhsil alan şagirdlərə də tövsiyə olundu ki, imkan daxilində ana dilimizdə daha çox ünsiyyət qursunlar, dilimizin qorunmasına və inkişafına öz töhfələrini versinlər.

Tədbirdə qonaq qismində çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov ana dili gününün yaranma tarixindən danışdı, ana dilimizi sevməyin və onu gələcək nəsillərə ötürməyin hər birimizin borcu olduğunu qeyd etdi. Məktəb xorunun ifa etdiyi mahnı isə tədbirin ən yaddaqalan anlarından biri oldu və gurultulu alqışlarla qarşılandı.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq belə tədbirlərin keçirilməsini ana dilimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və təhsil müəssisələrində həmrəyliyin möhkəmləndirilməsi baxımından yüksək qiymətləndiririk. Ana dilinə sevgi və hörmətin təbliği istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
Kəmalə Möhbalıyeva,
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Nizami Rayon Komitəsinin əməkdaşı.





















