SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin Ermənistanda revanşistləri qorxuya salıb.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğundur.
Bu məsələ ətrafında isə Ermənistanda müzakirələr davam edir. Erməni müxalifəti bu ticarət əlaqələrinə qarşı çıxır, hətta bunu “faciə” kimi qəbul edənlər də var. Ən gülməli məsələ isə Azərbaycanın satdığı benzinin üçüncü ölkədən alınması ilə bağlı iddialardır.
Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib ki, Ermənistan Azərbaycandan yanacaq almaqla guya, bizim büdcəmizi doldurur. “Axı ödənilən pul həmin ölkənin büdcəsinə gedəcək və sonra ordumuza qarşı silah olacaq”.
Revanşist düşərgə bildirir ki, guya, Azərbaycan üçüncü ölkədən aldığı benzini Ermənistana göndərib. O da iddia edilib ki, Azərbaycan mallarının istehlakı Ermənistan ictimaiyyəti üzərində psixoloji dominantlığa doğru addımdır.
Aydındır ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.
Ermənilərin ordu ilə bağlı təlaşına gəlincə, Azərbaycan 2026-cı ildə müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 714,8 milyon manata çatdırıb.
Belə olan təqdirdə, Ermənistanın revanşist dairələrinin narahatlığı və psixoloji narazılığı real təhlükə mənbəyi kimi dəyərləndirilə bilərmi, yoxsa bu, daha çox siyasi şou və ictimai rəy manipulasiyasıdır?
Eyni zamanda, Azərbaycanın modern ordu quruculuğu və regiondakı strateji üstünlüyü kontekstində belə iqtisadi-ticarət addımlarının təhlükəsizlik və diplomatik balans üçün rolu nə qədər əhəmiyyətlidir?

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi ekspert Azər Caniyev bildirib ki, Ermənistanın siyasi tarixində revanşist qüvvələr uzun illər hakimiyyətə gəlmək və mövqelərini qorumaq üçün Qarabağ münaqişəsindən məqsədli şəkildə istifadə ediblər:
“Bu xəttin əsas daşıyıcıları olan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, eləcə də onlara yaxın siyasi dairələr erməni cəmiyyətini türkə qarşı düşmən obrazı üzərində formalaşdırıblar. Nifrət ritorikası bu siyasətin əsas alətinə çevrilib və cəmiyyət uzun illər bu manipulyasiyanın təsiri altında saxlanılıb. 1988-ci ildən etibarən Dağlıq Qarabağda baş qaldıran separatçı meyillər təsadüfi xarakter daşımırdı. Həmin dövrdə bu gün revanşist adlandırılan qüvvələrin bir çoxu siyasi səhnədə gənc olsalar da, proseslərin aktiv iştirakçıları idilər. Ermənistan tərəfinin silahlandırılması, Azərbaycanlı əhalinin isə silahsızlaşdırılması paralel şəkildə aparılırdı. Bu mərhələdə SSRİ-nin dağılacağını əvvəlcədən görən rus siyasi dairələrinin də bölgədə münaqişə ocaqları yaratmaqda maraqlı olduğu açıq-aşkar hiss olunurdu.
Nəticədə Azərbaycan torpaqları işğal edildi, Qarabağda separatçı rejim formalaşdırıldı və bu vəziyyət illərlə Ermənistan daxili siyasətində “Qarabağ kartı” kimi istifadə olundu.
Hakimiyyətlər dəyişsə də, revanşist ritorika dəyişmədi. Bunun bədəlini isə erməni xalqı ödəməli oldu: iqtisadi gerilik, beynəlxalq təcrid və regional blokada Ermənistanın daimi reallığına çevrildi”.
Ekspertin sözlərinə görə, hakimiyyətə gəldikdən sonra Nikol Paşinyan bu xəttin Ermənistanı heç bir perspektivə aparmadığını anlamağa başladı:
“Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qəti qələbə regionda yeni siyasi reallıq formalaşdırdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, suverenliyini təmin etdi və Cənubi Qafqazda yeni güc balansı yarandı.
Bu reallıq fonunda Paşinyan hökuməti Azərbaycanla münasibətlərin normallaşdırılmasının qaçılmaz olduğunu açıq şəkildə etiraf etməyə məcbur qaldı.
Sülh danışıqları, iqtisadi əlaqələrin qurulması və regional kommunikasiyaların açılması istiqamətində ilk addımlar atıldı. Bu proseslərə qarşı revanşist qüvvələrin təxribat cəhdləri isə artıq əvvəlki təsir gücünə malik deyil.
Ən vacib məqam ondan ibarətdir ki, erməni cəmiyyətinin özü də getdikcə anlayır: regionda davamlı sülh və təhlükəsizlik yalnız Azərbaycanla normal siyasi və iqtisadi münasibətlər fonunda mümkündür.
Ərazi iddiaları, düşmənçilik və blokada siyasəti Ermənistan üçün alternativ deyil. Bu yol yalnız yeni itkilərə və daha dərin böhrana aparır. Revanşist qüvvələr nə qədər müqavimət göstərməyə çalışsalar da, bölgədə formalaşan yeni reallıqlar geri dönməz xarakter daşıyır. Cənubi Qafqazda sülh, əməkdaşlıq və qarşılıqlı tanınma dövrü başlayır və bu prosesin qarşısını almaq artıq mümkün deyil”.
















