14 dekabr tarixində “Oktyabrskaya” mehmanxanasının konfrans zalında Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun rəhbərinin vəzifəsini icra edən Şöhrət Mustafayevin Krasnoyarskdakı soydaşlarımızla görüşü keçirilmişdir.
Görüşdə giriş sözü ilə Krasnoyarsk diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Azər Mustafayev çıxış etmişdir. O, muxtariyyət adından konsula Krasnoyarsk diyarında yaşayan azərbaycanlılara vətəndaşlığın rəsmiləşdirilməsi və bu mövzu ilə bağlı məsələlərin həllində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətə və əməkdaşlığa görə təşəkkürünü bildirmişdir.
Konsul Şöhrət Mustafayev də öz növbəsində qeyd olunan məsələlərdə göstərilən dəstəyə görə Krasnoyarsk diyarı Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinə təşəkkür etmiş, həmçinin regionun Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında millətlərarası və mədəni əlaqələrin inkişafında yüksək fəallığını vurğulamışdır. O, diyar hüdudlarından kənarda da tanınan və uğurla həyata keçirilmiş layihələrdən biri olan “Odlar Yurdu” Xalq Azərbaycan Ansamblını xüsusi olaraq qeyd etmişdir.
Görüşün davamında vətəndaşlar tərəfindən pasportların rəsmiləşdirilməsi, Vətənə qayıdış haqqında arayışların alınması, sənədlərin bərpa olunması qaydası və digər mövzular üzrə suallar səsləndirilmişdir. Ümumilikdə 15-dən çox vətəndaşın müraciətinə baxılmışdır.























