Banklar yeni qanunsuz qazanc mənbəyi tapıblar – 100 dollardan 20 dollar…

Banklar yeni qanunsuz qazanc mənbəyi tapıblar – 100 dollardan 20 dollar…

Akif Nəsirli: “Bank komissiya tələb edə bilər, amma komissiyanın miqdarı əsaslandırılmalıdır”

 

Son günlər üzərində möhür olan ABŞ dollarlarının banklar tərəfindən qəbul edilməməsi və yüksək komissiya tələbi edilməsi ilə bağlı şikayətlər artıb. Bu məsələ sosial şəbəkədə geniş müzakirə edilib.

Bildirilir ki, filial əməkdaşları üzərində möhür olan əskinası qəbul etməyərək müştərini mərkəzi filiala yönləndiriblər. Mərkəzi filialda isə ona hər 100 dollar üçün 20% komissiya tutulacağı bildirilib.

Yaranmış vəziyyətlə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov mediaya açıqlamasında qeyd edib ki, dolları dəyişəndə bank hansısa komissiya tutursa, bu ona görədir ki, bank da həmin pulu kiməsə satmalıdır: “Ola bilər, bankın özündən də heç kim o pulu almır. Buna görə də məcbur olur, çox saxlayır, yaxud ABŞ-a göndərməlidir ki, dəyişsin. Bu da bank üçün əlavə xərcdir. Qanuni məhdudiyyət yoxdur, sadəcə, bank bildirmək istəyir ki, səndən möhürlü pul alıram, məndən heç kim o pulu almır, problem olur. Mən də səndən ucuz alıram ki, ehtiyac olsa, ABŞ-a göndərim”.

Bu halda belə bir sual yaranır ki, vətəndaşlar həmin dolları nə vaxtsa bankdan alıb, özləri icad etməyib. İndi banklar vaxtilə müştəriyə satdığı dolları geri alanda niyə 20 faiz komissiya tutmalıdır?

“Bankın dünən müştəriyə satdığı dolları bu gün “qüsurlu” adlandırıb aşağı qiymətlə almaq istəməsi düzgün deyil, bu isə bank-müştəri etimadına ciddi zərbə vurur”

Libaral İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ dolları dünya üzrə qəbul olunan valyutadır, amma banknotun üzərində bank, şirkət və ya hər hansı qurumun qeyri-rəsmi möhürü o əskinasa “şübhəli mənşə” görüntüsü verir. Bu səbəbdən xarici banklar (o cümlədən ABŞ bankları) belə əskinasları çox vaxt şübhəli kimi qəbul edir: “Onu yenidən dövriyyəyə buraxmazdan əvvəl inkassasiya yolu ilə ABŞ-a göndərib təzə pulla dəyişmək lazım gəlir. Bu proses bank üçün əlavə xərc yaradır – nəqliyyat, sığorta, təhlükəsizlik, xidmət haqqı və s. Bunun hüquqi qadağası yoxdur, sadəcə banklar risqdən qaçır.

Bu məqamda vətəndaş haqlı olaraq soruşur: pulun üzərindəki möhürü mən vurmamışam, siz satdığınız kimi almazsınız? Cavab isə belədir – bank eyni əskinası eyni şərtlərlə almaq məcburiyyətində deyil.

Bank valyuta alqı-satqısını azad bazar prinsipi ilə həyata keçirir. Yəni müştəriyə təmiz və qüsursuz əskinas satır.

Lakin müştərinin gətirdiyi əskinas sonradan “qüsurlu” hesab olunursa, bank onu standart qiymətə deyil, aşağı dəyərlə almağı qərarlaşdırır.

Bu, qanunvericilikdə qadağan edilmir. Amma etik baxımdan problemli görünə bilər. Bəli, bankın real xərci ola bilər. Möhürlü əskinası yenidən satmaq risqlidir və çox zaman mümkün olmur. Bank o pulu zorən ABŞ-a göndərməli olarsa göndəriş xərci, inkassasiya, dəyişmə haqqı, təhlükəsizlik ödənişləri kimi xərclər yaranır. Bank bu xərcləri “komissiya” adı ilə müştərinin üzərinə qoyur. Amma 20 faiz komissiya nə dərəcədə əsaslıdır?

Bu, çox yüksək göstəricidir və praktikada bankın real xərcindən çox ola bilər. Müxtəlif ölkələrdə belə əskinasların dəyişdirilməsi üçün tətbiq edilən rüsum adətən 1–5% arası olur. 20% artıq bazara uyğun olmayan, daha çox “müştəri itirməmək üçün cəza” təsiri yaradan rəqəmdir. Bank komissiya tələb edə bilər, amma komissiyanın miqdarı əsaslandırılmalıdır.

Möhürlü dollar üçün 20% tələb edilməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər, çünki müştəriyə əvvəl satılan banknot şəffaf şəkildə qiymətləndirilmir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan qanunlarına görə, banklar xidmət haqlarını müştəriyə əvvəlcədən açıq şəkildə bildirməlidir. Müştəriyə belə bir komissiya barədə əvvəldən məlumat verilməyibsə, bu artıq mübahisə mövzusudur: “Vətəndaş bu vəziyyətdə bankdan yazılı əsaslandırma tələb etməlidir. Komissiyanın hansı xərclərə görə tutulduğunu rəsmi şəkildə izah etməlidirlər. Müxtəlif banklarda sorğu aparılmalıdır. Bütün bankların belə yüksək komissiya tələb edib-etməməsi araşdırılmalıdır.

Bununla yanaşı, Mərkəzi Banka şikayət edilə bilər. Azərbaycan Mərkəzi Bankı belə hallarda araşdırma aparmaq səlahiyyətinə malikdir. Xarici valyuta alanda mütləq yoxlamaq lazımdır, onun üzərində möhür olmadığına və zədəsiz olmasına əmin olunmalıdır”.

Ekspert son olaraq bildirdi ki, bankın dünən müştəriyə satdığı dolları bu gün “qüsurlu” adlandırıb aşağı qiymətlə almaq istəməsi düzgün deyil. Bu isə bank-müştəri etimadına ciddi zərbə vurur.

Günel CƏLİLOVA

Share: