18 martda Azərbaycanın tibbi turizm sektorunun inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək məqsədilə “Medical Tourism InfoTour & Networking” layihəsi çərçivəsində növbəti görüş Baku Medical Plazada uğurla təşkil edildi.
Layihə rəhbəri, HİMA Med Alliance Group MMC-nin təsisçisi və direktoru Elnarə Musəvi tərəfindən təşkil edilən tədbirdə iştirakçılar klinikanın müasir diaqnostika imkanları, pasientyönümlü xidmət modeli və beynəlxalq standartlara uyğun fəaliyyəti ilə yaxından tanış oldular.
Görüşdə ölkənin aparıcı tibbi turizm şirkətlərinin rəhbərləri və sahə üzrə ekspertlər iştirak etmiş, beynəlxalq pasient axınının təşkili, xidmət keyfiyyətinin qlobal standartlara uyğunlaşdırılması və tibbi turizmin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Layihənin əsas məqsədi tibbi turizmin inkişafına dəstək vermək, qarşılıqlı etimadı gücləndirmək və Azərbaycanın tibbi xidmət potensialını beynəlxalq səviyyədə tanıtmaqdır.
Qeyd edək ki, “Medical Tourism InfoTour & Networking” layihəsi çərçivəsində keçirilən bu kimi tanışlıq səfərləri yerli və beynəlxalq tərəfdaşlar arasında əlaqələrin möhkəmlənməsinə, bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də sektorun dayanıqlı inkişafına əhəmiyyətli töhfə verir.























