Bakı–Sumqayıt yolunda çürüyən ömürlər – Təzadlar.az yazır

Bakı–Sumqayıt yolunda çürüyən ömürlər – Təzadlar.az yazır

Xırdalan, Masazır, Saray… bu istiqamətdə yaşayanların həyatı tıxaclara qurban gedir

 Bakı- Sumqayıt yolu artıq ömrü udan bir labirintə çevrilib.

Bu yoldan istifadə edənlər, xüsusilə Xırdalan, Masazır, Saray, Sumqayıt, Novxanı, Binəqədi və hətta Quba, Şamaxı istiqamətinə gedənlər hər gün saatlarla tıxaclarda qalmaq məcburiyyətindədirlər.

Səhər saatlarında işə getmək üçün 2 saatlıq yolçuluq, axşam işdən çıxıb evə qayıtmaq üçün isə, yenə eyni əziyyət! Ən acınacaqlısı isə, odur ki, bu istiqamətdə alternativ yol yoxdur. İnsanlar çarəsizlik içində hər gün bu əzaba qatlanırlar.

Bərbad infrastruktur, baxımsızlıq və planlaşdırılmamış genişlənmə. Bütün bunlar bir araya gələndə, ortaya yalnız bir nəticə çıxır, ömürümüz tıxaclarda çürüyür. Bu yoldan hər gün istifadı edən sərnişinlərə adamın lap yazığı gəlir. Onlar üçün nə alternativ nəqliyyat var, nə də rahat hərəkət imkanı. Hər gün bu əzab təkrarlanır və sanki bu insanları düşünən, onların yaşam keyfiyyətini yüksəltməyə çalışan heç bir qurum yoxdur.

15 dəqiqəlik yolu 2 saata getdim…

Şəxsi təcrübə bir daha sübut edir ki, bu yol, həqiqətən də, insanlara zülm verir. Bir neçə ay bundan öncə yaşadığım Bakı–Sumqayıt yolunun real vəziyyətini şəxsən yenidən yaşamalı oldum. Bacımın nəvəsi – Ayaz dünyaya gəlmişdi. Bu sevincli hadisə münasibətilə bacımı və yeznəmi təbrik etmək üçün Saraya getməyə qərar verdim. Allah hər bir körpəyə sağlam və uğurlu ömür qismət eləsin – Ayaza balaya da sağlam böyüməyi, bol ruzi, göz dolusu səadət və bir də tıxacsız yol arzulayıram.

Təbrikə tələsdiyim üçün işdən çıxıb Saraya yollandım. Lakin bir anlıq düşündüyüm 15 dəqiqəlik yol əsl kabusa çevrildi, 20 Yanvar metrosundan Saraya çatmağım düz 2 saat çəkdi! Axı bu məsafə tıxacsız vaxtda maksimum 15 dəqiqəyə gedilir…  Bu, təkcə mənim yox, minlərlə insanın hər gün yaşadığı reallıqdır. Bu nə deməkdir? Bu, bir yolun insan həyatından 1 saat 45 dəqiqə oğurlaması deməkdir. Və belə bir vəziyyətin illərlə davam etməsi artıq təkcə yol problemi deyil, bu, sosial ədalətsizlik və idarəetmə böhranıdır.

Pul gələn yerə sistem, camaata isə tıxac düşür

Bu tıxac problemi ilə yanaşı, başqa bir acı reallıq da göz önündədir, cərimə yazmaq üçün yollar kameralarla doludur. Məqsəd vətəndaşların rahatlığı üçün deyil, sırf gəlir əldə etməkdir. Harada ki, pul qazanmaq ehtimalı var – məsələn, sürət həddi və ya parklama ilə bağlı qayda pozuntuları, dərhal orada kameralar yerləşdirilir, parklama yerləri salınır. Amma əsl ehtiyac olan yerlər, tənzimlənməmiş yollar, təhlükəli döngələr, bərbad vəziyyətdə olan asfalt, elə o şəkildə də qalır. Yeri gəlmişkən onu da qeyd edim ki, sabiq maliyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışında demişdi ki, yığılan cərimələrin yarısı büdcəyə daxil olmur. Elə ona görə də, yollar belə bərbad vəziyyətdədir və heç düzələnə də oxşamır. Ara yerdə sərnişinlərin vaxtı gedir, əsəbləri, sağlamlıqları korlanır. Amma cərimələrdən gələn gəlir sistemi əla işləyir. Çünki qayda pozulandan bir neçə saniyədən sonra telə SMS şappıltıyla gəlir. Harada xalqın rahatlığı var, orada laqeydlik, susqunluq və bürokratik səhlənkarlıq var. Ən pisi odur ki, bu durum illərlə davam edir. Xırdalan, Masazır, Saray, Sumqayıt, Novxanı, Binəqədi və daha uzaq istiqamətlərdə yaşayan insanlar hər gün bu zülmü yaşayır. Gündüz işin yorğunluğu, axşam isə tıxac, əsəbilik, stres… bu insanlara sanki “öz evinə getmək də lüksdür” mesajı verilir.

Yollar, körpülər, alternativ marşrutlar üçün bir addım atmayan qurumlar – camaatın rahatlığını düşünmək sanki onların borcu deyil. Elə bil, bəzi məmurlar bu xalqın deyil, hansısa başqa toplumun xidmətindədir. Halbuki, onların maaşı da, kreslosu da bu xalqın cibindən çıxan vergilər hesabına mövcuddur.

Plansız yollar, planlı qazanc

Məsələ burasındadır ki, bu yollar artıq burada yaşayan insanların həyatını kabusa çevirib. Bir neçə il əvvəl bu yolu guya genişləndirdilər, gediş zolaqlarının sayı artırıldı. Amma nəticə nə oldu? Heç nə. Çünki bu, plansız, koordinasiyasız bir genişlənmə idi. Elə bil layihəni hazırlayanlar nə real yol hərəkətindən anlayışı olanlardır, nə də burada bircə gün tıxacda qalanlar. Əslində, problemi anlamaq üçün mühəndis olmağa ehtiyac yoxdur. Sadəcə baxmaq kifayətdir. Ekologiya postundan sonra bir yol Xırdalan körpüsünə doğru qalxır, məhz bu yerdə tıxacın qara ləkəsi başlayır. Və günün pik saatlarında bu nöqtə sözün əsl mənasında “butulka effekti” yaradır – yəni geniş yol birdən daralır, axın tıxanır, əsəb və zaman itkiləri baş verir və insan sönür.

Xırdalanın özü isə ayrıca bir faciədir. Yüksəkmərtəbəli binalar bir-birinin ardınca tikilir, lakin yol infrastrukturu sanki planlara heç daxil də yoxdur. Bəs bu evlərdə yaşayan insanlar helikopterlə evlərinə çatmalıdırlar? Niyə yollar paralel olaraq genişləndirilmədi? Cavab sadədir: bu, təmiz qazanc planıdır – “əvvəl tik, pulunu qazan, sonra nə olur olsun”.

Bu nöqsanlı mənzərə təkcə tikinti şirkətlərinin deyil, aidiyyəti dövlət qurumlarının da məsuliyyətsizliyini göstərir. Çünki nəzarət edən, icazə verən, plan təsdiqləyən, hamısı həmin rəsmi strukturlardır. Və onlar da, görünür ki, bu nizamsızlıqdan nizamlı şəkildə  nə isə qazanırlar. Çünki xalqın zülmünə göz yummalar başqa cür izah oluna bilməz.

Yol daralır, tıxac başlayır, insanlar əsəbləşir, gedəcəyi ünvana gecikir, narahat olur. Halbuki, həmin o Xırdalana qalxan körpünü və qəbiristanlığı keçən kimi yol açılır – sanki bir tıxac teatrı bitir və normal həyat başlayır. İki dəqiqəyə mənzil başına çatmaq olur. Deməli, problem  texniki həll edilə bilən məsələdir. Sadəcə ortada iradə və məsuliyyət yoxdur.

Sadə məsələlər, mürəkkəb problemlər

Mən yol işi ilə məşğul olan mütəxəssis deyiləm. Sadəcə gözümün gördüyünü deyə bilərəm. Məsələn, Koroğluda metrosunun ətrafında salınan körpülər, həmin ərazidə yaranan problemlərin bir qismini həll etdi. Eləcə də, Ekalogiya postunun yolu üzərində belə bir körpünün salınması mütləqdir. Əks halda, bu tıxac problemi həll olunmayacaq və əziyyəti çəkmək məcburiyyətində qalan biz sadə vətəndaşlar olacağıq.

Bura təcili bir əncam çəkmək lazımdır! Çünki bu yol, ölkənin ən ağır yük daşıyan nəqliyyat arteriyalarından biridir. Xırdalan, Masazır, Saray, Sumqayıt, Novxanı, Binəqədi, Quba və Şamaxıya gedən bütün insanları bu yol birləşdirir. Yenə də qeyd edim ki, bura ucuz və ən real variant yenə də körpüdür — Koroğludakı kimi.

Sual olunur: Niyə bu yola sərmayə qoyulmur? Böyük gəlirlər əldə olunur, sürücülər vergilərini ödəyir, “n” qədər cərimələr tətbiq edilir, amma yollarda heç bir ciddi yaxşılaşma yoxdur. Bəs bu vergilərdən gələn vəsaitlər hara gedir?

Aidiyyəti qurumlara səslənirik: Heç olmasa sayəsində maaş aldığınız vətəndaşları düşünün! Sizin dolanışığınız, maaşlarınız bu vətəndaşların ödədiyi vergilər hesabına həyata keçirilir. Əgər vətəndaşlar vergini verməsə, sizin də maaşınız olmayacaq, heç, bəlkə də, həmin qurum fəaliyyətnin dayandıracaq. Heç olmasa, bunu nəzərə alıb, siz də qarşılığında vətəndaşların rahatlığını təmin edin, yolları yüngülləşdirin. Bu, təkcə tələb deyil, həm vətəndaşların haqqıdır həm də sizlərin vəzifə borcudur.

Ümid edirik ki, aidiyyəti qurumlar bizim bu çağırışımızı eşidəcək və yaxın zamanda bu problemin həlli üçün ciddi addımlar atacaqlar.

Elşad FƏRMANOĞLU

Təzadlar.az

Share: