Payızın ilk günləri idi… Havalar sanki bu il tələsirdi. Yayın istisi daha tam çəkilməmiş, səhərlər gizli-gizli soyuq nəfəs alırdı. Hər gün pəncərənin önünə toplanan saralmış yarpaqlar Vaqifə elə gəlirdi ki, elə bu gün də onunla danışmaq üçün yığışıblar. Payız yelinin vıyıltısı sanki uzaqlardan bir səs gətirirdi – uşaqlıqdan, gənclikdən, könül yanğılarından gələn bir səs…
Bu mənzərə Vaqifin yaddaşının dərinliyində gizlənmiş xatirələri oyatdı. O kəndin dumanlı səhərləri, damların üstündə uzanan alatoran, arxa küçədə oynayan uşaqlar… Vaqif o günlərə qayıtdı.

Vaqif kəndin kənarında, çinar ağaclarının arxasında qalan balaca bir evdə böyümüşdü. Atası sərt bir kişi idi – çox danışmırdı, amma dediyi söz də qəti olurdu. Anası isə sakit, təmkinli bir qadın idi. Qonşuluqda yaşayan Pərvanə ilə isə uşaq ikən də dost idilər. Bir-birilərinin evinə gedib-gəlir, arxa həyətdə gizlənqaç oynayır, dərslərini də çox vaxt bir-birinə kömək edərək edirdilər.
Pərvanənin gülən çehri uşaqlıqdan Vaqifin qəlbinə işıq salmışdı. Amma o zamanlar onun da anlamadığı bir duyğu idi bu – sanki hər dəfə Pərvanə yanında olanda içində bir istilik hiss edirdi.
Atası bəzən zarafatla deyirdi:
— Ərə gedəndə yəqin bizim bu evdən çıxmayacaqsan ha, Pərvanə?
Pərvanə utana-utana başını aşağı salardı, Vaqif isə heç səsi çıxmadan uzağa baxardı. Uşaq olsa da, içində qəribə bir həyəcan yaranardı.
Vaqif böyüdükcə, Pərvanəyə olan hissləri də formalaşmağa başladı. Onlar eyni sinifdə oxuyur, hər gün eyni cığırla məktəbə gedirdilər. Payız səhərlərinin dumanı içində yan-yana addımlamaq Vaqif üçün elə bil günün ən gözəl anı idi.
Pərvanə dərslərdə çox diqqətli idi, müəllimlər onu həmişə tərifləyirdi. Vaqif də yaxşı oxuyurdu, amma Pərvanə onun üçün həm ilham, həm də rəqabət mənbəyi idi. 10-cu sinifdə artıq hər ikisi bütün kəndin sevimli, ağıllı gəncləri kimi tanınırdı.
Həmin gün… payızın ilk günlərindən biri idi. Hava yüngül küləkli, ağaclar saralmışdı. Məktəbdən çıxıb evə qayıdırdılar. Yarpaqlar ayaqlarının altında xışıldayırdı. Vaqif birdən dayanıb dedi:
— Pərvanə… mən sənə bir söz demək istəyirdim…
Pərvanə təəccüblə ona baxdı.
— Bilirəm nə deyəcəksən… — deyə asta səslə cavab verdi və gülümsədi.
Vaqif elə o anda anlamışdı ki, bəzi sözlər deyilmədən də hiss olunur.
Onlar fərqli universitetlərə düşsələr də, ayrılmadılar. Bəzən həftəsonları şəhərin səssiz küçələrində gəzir, universitet həyatı, gələcək planları haqda danışırdılar. Pərvanə müəllim olmağı xəyal edir, uşaqlarla işləməyi çox sevirdi. Vaqif isə mühəndisliyə böyük həvəsi vardı.
Bu illər onların sevgisinin ən saf, ən parlaq dövrləri idi.
Universitet bitəndə taleləri ayrıldı. Pərvanəyə kəndə təyinat verdilər. O, gedərkən gözləri dolmuşdu:
— Yaxınlıqda olsaq yaxşı olardı…
Vaqif onu sakitləşdirib söz vermişdi:
— Biz uzaq düşsək də, qəlbimiz bir olacaq.
Məktublaşmağa davam etdilər. Pərvanənin məktəbdəki həyatı, uşaqlarla keçirdiyi günlər, kəndin xəbərləri… hamısını yazırdı. Vaqif isə zavodda yeni işinə öyrəşməyə çalışırdı. Hər məktubu oxuyanda sanki Pərvanə onun yanında olurdu.
Amma bir gün aldığı məktubda Pərvanənin əl izi yox idi. Məktubu əmisi yazmışdı. Onu əmisi oğluna nişanlamışdılar. Heç kim onun fikrini belə soruşmamışdı. Vaqif həmin məktubu oxuyanda sanki dünya başına fırlanmışdı. O gecə səhərə qədər oturub heç nə düşünə bilmədi. İçində yalnız bir ağrı vardı – sanki payız küləyi ürəyində fırtınaya çevrilmişdi.
Vaqif uzun müddət özünə gələ bilmədi. Atası isə hər gün təkrar edirdi:
— Oğul, bu belə davam edə bilməz. Həyat sənə baxıb dayanmır. Ailə qurmaq gərəkdir.
Nəhayət, atası onu kənddən bir qızla evləndirdi. Qız pis deyildi, sakit, ailəcanlı biri idi. Amma Vaqifin ürəyi başqa yerdə qalmışdı. Evlilik kağız üzərində qurulmuş bir birlik kimi idi. O, həyat yoldaşına hörmət edirdi, amma sevgi… heç cür içində yaranmırdı.
Aradan illər keçdi. Vaqif işləyir, ailəsini dolandırır, amma içindəki o boşluq heç vaxt dolmurdu. Hər payız qayıdıb onu o illərə aparırdı. Yarpaqların səsi, küləyin pıçıltısı, Pərvanənin gülüşü… hamısı bir daha canlanırdı.
İndi pəncərənin önündə dayanıb payızın ilk sərt küləyini seyr edərkən Vaqif anlayırdı ki, keçmiş yalnız yaddaş deyil — insanın içində yaşayan bir ruhdur. Bəzən ən sakit anlarda belə geri qayıdıb adamın qəlbinə toxunur.
O dərin bir nəfəs aldı…
Payız yenə gəlmişdi.
Və hər payız kimi ona bir daha xatırladırdı:
Bəzi sevgilər vaxtla bitmir… sadəcə insanın içində sakitcə yaşayır.
15.11.2025
Damət Salmanoğlu
















