Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzi və Evrika Liseyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib. Evrika Liseyində təşkil olunan tədbirə tanınmış elm, təhsil və ədəbiyyat nümayəndələri qatılıb.
Tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri, Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın salamlarını tədbir iştirakçılarına çatdırıb, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və Türk dünyası birliyinin möhkəmləndirilməsində oynadığı tarixi roldan ətraflı bəhs edib. O, bildirib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanın ən ağır və taleyüklü dövründə ölkəni parçalanmaq və yox olmaq təhlükəsindən xilas etmiş, milli qurtuluş prosesinin əsasını qoyub. Naxçıvanda başlanan milli mübarizə xətti sonradan ümummilli miqyas alıb, Türkiyə–Azərbaycan münasibətlərinin inkişafı Türk dünyası birliyinin strateji dayaqlarından birinə çevrilib. Ulu Öndər yalnız Azərbaycan dövlətçiliyini qorumaqla kifayətlənməmiş, həm də Türk dünyasında Azərbaycanın rolunu gücləndirmiş, ortaq milli-mənəvi dəyərlərin qorunması və təşviqi istiqamətində mühüm addımlar atmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixdə özünəməxsus yer tutmuş, hazırda bu siyasi xətt və milli-mənəvi dəyərlərə bağlı irs Ulu Öndərin sadiq davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinin və qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirən Cəlal İbrahimli çıxışının sonunda gənclərə müraciət edərək, savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gəncliyin Türk dünyasının gələcəyi üçün əsas təminat olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən Evrika Liseyinin təsisçisi Xudu Rzayev gənc nəslin vətənpərvər ruhda böyüməsinin, milli dəyərlərə sadiq qalmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərə tarixi irsimizi daha dərindən öyrənmək, milli kimlik şüurlarını gücləndirmək və gələcəkdə dövlətə faydalı vətəndaşlar olmaq üçün vacib imkanlar yaradır. Məktəb və universitetlərdə belə maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsi çox vacibdir. Sonra Evrika Liseyinin direktoru Ofeliya Muradova çıxış edərək belə tədbirlərin təhsil müəssisələrində keçirilməsinin şagirdlərin milli kimlik şüurunun formalaşmasına müsbət təsir göstərdiyini qeyd etmişdir.
ADU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru Adil Babayev çıxışında Heydər Əliyevin dil siyasətindən danışmış, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində görülən işləri elmi aspektdən təhlil etmişdir. Tədbirdə çıxış edən Azərbaycanın görkəmli şairi Rüstəm Behrudi Türk dünyasının ortaq ruhu, milli kimlik və istiqlal ideyasının bədii-fəlsəfi mahiyyətinə toxunmuş, Ulu öndər Heydər Əliyevin bu ideyanın siyasi ifadəçisi kimi tarixdə xüsusi yer tutduğunu, Ümummilli Liderin Azərbaycan dilinin qorunmasında önəmli xidmətləri olduğunu vurğulamışdır.
Daha sonra Evrika Liseyinin direktor müavinləri Bahar İsgəndərova, Nazan Akkoyun və Aygün Kərimova çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində belə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd etmiş, Türk dünyası mövzusunun təhsil mühitində davamlı şəkildə diqqətdə saxlanılmasının vacibliyini bildirmişlər.
Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır. Qeyd edilmişdir ki, “Heydər Əliyev və Türk Dünyası” adlı tədbir milli birlik ideyasının təbliği, dövlətçilik irsinin gənc nəslə çatdırılması və Türk dünyasının ortaq gələcəyinə dair baxışların müzakirəsi baxımından əhəmiyyətli platformadır.
Cəlal İbrahimli,
ADU-nun Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri,
Layihə rəhbəri





















