Azərbaycanlı dənizçi TRB 2025-də beynəlxalq uğur qazandı

Azərbaycanlı dənizçi TRB 2025-də beynəlxalq uğur qazandı

Süni intellekt və dekarbonizasiya mövzusunda təqdimatı ilə seçildi

Azərbaycanlı dənizçi mütəxəssis Orxan Xəlilov ABŞ-da magistr təhsili alaraq həm akademik, həm də praktiki sahədə uğurlar qazanıb.

O, 2025-ci ildə Vaşinqtonda keçirilən nüfuzlu TRB (Transportation Research Board) illik toplantısında təqdimat üçün seçilən az sayda tələbələrdən biri olub.

Onun “The Invisible Crew: How AI is Reshaping Maritime Workforces and Global Training Standards” adlı təqdimatı süni intellektin və avtomatlaşdırmanın dənizçilikdə işçi qüvvəsinə təsiri, gələcəkdə tələb olunacaq bacarıqlar və sertifikasiya sistemlərinin təkmilləşdirilməsi barədə idi. Bundan əlavə, Orxan Xəlilov 2025-ci ildə Hyustonda keçirilən “Port of the Future” (Gələcəyin Limanı) konfransında poster müsabiqəsində magistrantlar arasında birinci yerə layiq görülüb.

Orxan Xəlilovun uğurları haqda əvvələr də bəhs etmişdik. Yeni-yeni uğurlara imza atan gənc dənizçi mütəxəssis olan  həmyerlimizlə müsahibəni təqdim edirik

– TRB konfransı sizin üçün nə ifadə edir?

– TRB (Transportation Research Board) ABŞ-da və beynəlxalq səviyyədə nəqliyyat sahəsinin ən nüfuzlu elmi və peşəkar platformalarından biridir. Bu tədbirdə dünyanın müxtəlif ölkələrindən alimlər, sənaye rəhbərləri və dövlət qurumlarının nümayəndələri toplaşaraq gələcəyin nəqliyyat strategiyalarını müzakirə edirlər.

Təqdimat üçün seçilmək mənim üçün həm böyük məsuliyyət, həm də fərəh hissidir. Bu seçim mənə öz tədqiqatımı qlobal auditoriya ilə bölüşmək, müxtəlif ölkələrdən mütəxəssislərlə fikir mübadiləsi aparmaq və yeni peşəkar əlaqələr qurmaq imkanı verdi. Mövzum süni intellekt və avtomatlaşdırmanın dənizçi işçi qüvvəsinə təsiri, gələcək bacarıq tələbləri və sertifikasiya sistemlərinin yenilənməsi ilə bağlı idi və bu mövzuda beynəlxalq səviyyədə fikir və təcrübə mübadiləsinə qatılmaq mənim üçün çox xoş oldu.

– “Port of the Future” (Gələcəyin Limanı) konfransında qazandığınız uğur haqda məlumat aldıq. Bu Azərbaycan adına da fəxrdir.
Çox istrdik bu uğurunuz barədə?

–  Xoş sözlər üçün təşəkkür edirəm. Sualinıza cavab olaraq bildirim ki, “Port of the Future” (Gələcəyin Limanı) konfransı ABŞ liman sənayesində innovasiya, dayanıqlı inkişaf və alternativ enerji texnologiyalarının müzakirə olunduğu ən önəmli tədbirlərdən biridir. Burada sənaye rəhbərləri, akademiklər və dövlət qurumlarının nümayəndələri gələcəyin liman əməliyyatları və enerji keçidi ilə bağlı ən yeni ideyaları paylaşırlar.

Mənim Hydrogen-Powered Cold Ironing: A Zero-Emission Energy Solution for Ports” adlı layihəm bu konfransın poster müsabiqəsində magistrantlar arasında birinci yerə layiq görüldü. Layihədə gəmilərin limanda mühərriklərini işlətmədən enerji ilə təmin olunması üçün hidrogen yanacaq elementlərinə əsaslanan soyuq elektrik təchizatı (cold ironing) sistemi təklif olunur.

-Bu təklifdən irəli gələn layihənin gerçəkləşməsi ətraf mühütün də təmiz qalmasında töhfəsini verər…

– Elədir. Heç kəsə sirr deyil ki, hazırda bir çox limanda gəmilər dayanma zamanı dizel generatorlarından istifadə edir ki, bu da böyük həcmdə karbon emissiyasına səbəb olur. Mənim həllim isə sıfır emissiyalı enerji təminatı ilə həm ekologiyanı qoruyur, həm də limanların iqlim hədəflərinə çatmasına kömək edir. Bu layihə həm iqtisadi, həm də ekoloji baxımdan əlverişlidir və gələcəkdə limanların yaşıl enerji strategiyalarına real töhfə verə bilər.

– Bildiyimiz kimi siz layihələriniz çərçivəsində gördüyünüz işlər haqda məqalələr dərc etdirir, bilgilər verirsiniz. ASMA-da dərc olunan məqalələriniz barədə?

– Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi jurnallarında iki məqaləm dərc olunub. Onlardan biri “From Classroom to Carbon-Neutral and Autonomous Vessels: Preparing Azerbaijan’s Maritime Workforce for Next-Generation Shipping” mövzusunda olub. Bu məqalədə mən dənizçi işçi qüvvəsinin gələcəkdə qarşılaşacağı tələbləri, xüsusilə süni intellekt və avtomatlaşdırma texnologiyalarının tətbiqi ilə bağlı yeni bacarıqların zəruriliyini araşdırmışam. Məqalədə həmçinin təhsil və sertifikasiya sistemlərində yeniliklərin aparılması, simulyator əsaslı tədris metodlarının tətbiqi və beynəlxalq standartlara uyğun kadr hazırlığı ilə bağlı tövsiyələr təqdim etmişəm.

Digər məqaləm isə “Port Decarbonization in the Caspian Region: Lessons from Global Green Shipping Initiatives” adlanır. Bu tədqiqatda qlobal yaşıl liman təşəbbüslərindən öyrənilən təcrübələr, onların tətbiqi üçün zəruri infrastruktur və siyasət addımları, eləcə də Xəzər regionu üçün uyğunlaşdırılmış yol xəritəsi təklif olunub. Məqalədə xüsusilə Bakı Limanı və Bakı Gəmiqayırma Zavodunun bu prosesdə strateji rolu, region ölkələri ilə əməkdaşlıq imkanları və qlobal iqlim hədəflərinə uyğun transformasiya yolları vurğulanıb.

Hər iki məqalədə məqsədim yalnız akademik nəzəriyyəni təqdim etmək deyil, həm də praktiki tətbiqi olan, real sektora fayda gətirəcək təkliflər vermək olub.

– Sizcə, yaxın illərdə dənizçilikdə ən böyük dəyişikliklər nələr olacaq?

– Ən böyük dəyişikliklər MASS texnologiyalarının tətbiqi, limanların dekarbonizasiyası və rəqəmsallaşması ilə bağlı olacaq. Süni intellekt və uzaqdan idarə olunan gəmilər artıq tədricən dənizçilik əməliyyatlarında öz yerini tutur və bu proses getdikcə sürətlənəcək.

Bu dəyişikliklər yeni bacarıqların tələb olunmasına səbəb olacaq. Gələcəyin dənizçisi yalnız naviqasiyanı deyil, həm də rəqəmsal idarəetmə, kibertəhlükəsizlik və alternativ enerji sistemləri ilə işləməyi bacarmalıdır. Təhsil müəssisələri və sertifikasiya sistemləri də bu transformasiyaya uyğun yenilənməlidir.

– Bilirik ki, zaman keçdikcə  ölkəmizdə də dənizçilik sahəsinə maraql çoxalır. Sualımımda bu barədədir, Azərbaycanın gənc dənizçilərinə nə tövsiyə edərdiniz?

– Gənclərə tövsiyəm budur ki, öz sahələrində beynəlxalq təcrübə qazansınlar, yeni texnologiyalara açıq olsunlar və qlobal əmək bazarının tələblərinə uyğun bacarıqlar inkişaf etdirsinlər.

Bu gün dənizçilik yalnız ənənəvi naviqasiya ilə məhdudlaşmır. Süni intellekt, avtomatlaşdırma, alternativ enerji və rəqəmsal idarəetmə kimi sahələrdə bilik və bacarıqlar gələcəyin dənizçisi üçün əsas şərtlərə çevrilir. Gənclər bu dəyişikliklərə hazır olmalı və özlərini inkişaf etdirməyə davam etməlidirlər.

– Sonda Gələcək planlarınız haqd da eşitmək istərdik.

– Magistr təhsilimi Texas Southern Universitetində başa vururam və burada qazandığım bilik və təcrübəni gələcəkdə dənizçilik sənayesinin inkişafına yönəltmək istəyirəm. Məqsədim süni intellekt, rəqəmsal transformasiya və yaşıl texnologiyaların dəniz nəqliyyatında tətbiqinə töhfə verməkdir.

Mənim üçün əsas prioritet uzun illər təcrübə qazandığım dənizçilik sənayesinə xidmət etmək, qlobal təcrübəni yerli inkişaf üçün tətbiq etmək və bu sahədə peşəkar biliklərimi paylaşmaqdır.

P.S

Orxan Xəlilov həm praktiki dənizçilik təcrübəsi, həm də elmi nailiyyətləri ilə seçilən mütəxəssisdir. Onun tədqiqatları dəniz nəqliyyatında dekarbonizasiya, süni intellekt və rəqəmsal transformasiya mövzularını əhatə edir və gələcək dənizçilik strategiyaları üçün praktiki tövsiyələr təqdim edir.

Söhbətləşdi: Tural Balabəyli
Müstəqil.Az

 

Share: