Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Əbu-Dabidə vasitəçilərsiz görüşməsi danışıqlar prosesində yeni mərhələnin başlandığını göstərir. Görüşdə üçüncü tərəfin iştirakının olmaması müsbət haldır. Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin və yaxın gələcəkdə sülh müqaviləsinə aparan ən doğru yol məhz vasitəçilərsiz, ikitərəfli formatda danışıqlardır. Hər iki liderin neytral platformada üz-üzə gəlməsi dialoq qapılarının açıq qalmasına siyasi iradənin ifadəsi kimi qiymətləndirilə bilər. Görüşün keçirilmiş formatı – tərəflərin təmasda olması və məsələlərin birbaşa müzakirəsi – prosesin davamlılığına olan ümidləri artırır. Sülh diplomatiyası məhz bu cür diplomatik əlaqələr və müzakirə masaları üzərində qurulur. Tərəflər arasında artıq işgüzar münasibət formalaşıb və konstruktiv dialoq üçün real imkanlar yaranıb. Artıq sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşma əldə olunub və onun paraflanması mümkündür.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfi bu görüşdə mövqeyini aydın və prinsipial şəkildə ortaya qoyub: regionda uzunmüddətli sülh yalnız beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında mümkün ola bilər. Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən sülh təşəbbüsləri həm regional sabitliyə, həm də iqtisadi əməkdaşlığa zəmin yaradır. Ermənistan tərəfinin isə bu dəfə daha konstruktiv və qismən praqmatik mövqe sərgiləməsi müşahidə olundu. Bu, Paşinyan hökumətinin beynəlxalq təzyiqlərlə yanaşı, regionda dəyişən reallıqları qəbul etməyə meyilli olduğuna işarədir:”Əbu-Dabi görüşü zamanı tərəflər arasında aparılan müzakirələr, xüsusilə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi məsələlər sülh sazişinə aparan yolun əsas hissələridir. Azərbaycan bu məsələlərdə daim konstruktiv və açıq mövqe nümayiş etdirir. Ümid edirik ki, Ermənistan da artıq eyni mövqeni sərgiləyəcək”.
Görüşün, eyni zamanda, geosiyasi tərəzidə Azərbaycanın üstün diplomatik mövqeyini nümayiş etdirdiyini vurğulayan Tamam Cəfərova həm Rusiya, həm Qərb, həm də regional oyunçuların Bakı ilə yaxın əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb: “Bu isə danışıqlar prosesində Azərbaycanın əlini gücləndirən əsas faktorlardandır. Ermənistan üçün alternativin nə qədər zəif və riskli olduğunu Paşinyan hökuməti artıq anlayır. Azərbaycanın hərbi və siyasi resursları fonunda Ermənistan üçün sülh masasına oturmaq təkcə məcburiyyət yox, həm də rasional çıxış yoludur”.
Azərbaycanın Cənubi Qafqazda lider dövlət olmasının daha bir sübutu odur ki, Ermənistan rəsmi Bakının iqtisadi və hərbi-texniki üstünlüyünü dərk edərək ölkəmizin irəli sürdüyü şərtlərlə razılaşmağa məcbur olub. Hətta Ermənistan konstitusiyasında dəyişiklik olunmasının vacibliyini Baş nazir Nikol Paşinyan özü də etiraf edir və bu dəyişikliklərin 2026-cı il iyunun 7-də parlament seçkiləri ilə eyni gündə referenduma çıxarılması planlaşdırılır. Bu məqam onu göstərir ki, Ermənistan artıq real vəziyyəti və regionda dəyişən güc balansını qəbul edib.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü liderliyi ilə formalaşan xarici siyasət kursu Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoyub. Azərbaycanın vasitəçilərin iştirakı olmadan ikitərəfli birbaşa danışıqlar formatını təşviq etməsi, həm beynəlxalq hüquqa, həm də regional əməkdaşlıq prinsipinə əsaslanan ədalətli və davamlı sülh modelinin təməlini təşkil edir. Əbu-Dabi görüşü bu baxımdan yalnız diplomatik təşəbbüs deyil, həm də Azərbaycanın bölgədə status-kvonu dəyişmək və yeni sabitlik nizamı qurmaq iradəsinin təzahürüdür.
Onu da qeyd etmə lazımdır ki, Əbu-Dabi formatında keçirilmiş bu görüş beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanmış, bir çox aparıcı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən regionda sülh prosesinin irəliləməsi baxımından mühüm hadisə kimi qiymətləndirilmişdir. Bu, həm də Azərbaycanın bölgədə əsas söz sahibi olan dövlət kimi siyasi nüfuzunun, diplomatik mövqelərinin və qlobal əməkdaşlıq platformalarında rolunun daha da artdığını göstərir.
Nəticə etibarilə, 2025-ci il iyulun 10-da Əbu-Dabidə keçirilmiş ikitərəfli görüş təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunması üçün əhəmiyyətli bir diplomatik hadisə kimi tarixə düşmüşdür. Bu cür yüksək səviyyəli təmaslar region ölkələri arasında dialoqun dərinləşdirilməsi, gərginliyin azaldılması və sülh gündəliyinin irəli aparılması baxımından xüsusi strateji çəkiyə malikdir.
















