
Yanvar ayının 28-də Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edib. Cənab Prezident çıxışında Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizində oynadığı rolun əhəmiyyətini xüsusi vurğulamaqla yanaşı, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində ötən illərdə həyata keçirilmiş layihələr və əldə olunan uğurlar barədə geniş danışıb. Qeyd etmək lazımdır ki, Azərbaycan coğrafi mövqeyi, strateji tranzit məntəqələri və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional logistika, tranzit mərkəzi kimi seçilir. Bu baxımdan qeyd etməliyik ki, Azərbaycanın yaratdığı müasir infrastruktur regionun yeni nəqliyyat xəritəsini formalaşdırır.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, cənab Prezident nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə ölkənin nəqliyyat infrastrukturu ilə bağlı mühüm məqamlara toxunub. Ölkə Başçısının xüsusilə toxunduğu məqamlardan biri Zəngəzur dəhlizi ilə əlaqədar olmuşdur. O deyib: “Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək.Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.
Aydın məsələdir ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların təsir dairəsi, əslində, çox daha böyük bir coğrafiyanı əhatə edir. Xüsusilə, nəqliyyat-logistika məsələləri baxımından dünyanın gündəliyi yenidən formalaşmışdır. Bu baxımdan da, ZƏngəzur dəhlizinin açılması olduqca mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin dediyi kimi “Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin”. Azərbaycan sözügedən məsələnin mümkün qədər tez həllini tapması, bunun beynəlxalq hüquq normaları çərçivəsində baş verməsi üçün bütün lazımı addımları atıb və atmaqdadır. Lakin Ermənistan adekvat münasibət bildirmədiyinə görə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ləngiyir. Bu, regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasına da mənfi təsir göstərir. Bütün bunlardan irəli gələrək, nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də ölkə Başçısı bir daha ən yüksək səviyyədə Ermənistana Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı konkret yanaşmasının nədən ibarət olduğunu çatdırdı. Ermənistan cəfəng layihələri və ideyaları ilə beynəlxalq siyasi arenada süni gündəm yaratmaq cəhdlərindən daşınmalı və reallığı düzgün qiymətləndirməlidir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan sadəcə Cənubi Qafqazın deyil, Avrasiyanın nəqliyyat-logistika xəritəsində əvəzolunmaz rola malik ölkədir. Bu baxımdan da, Ermənistan gec-tez Azərbaycanla hesablaşmağa məcburdur. Millət vəkili Tamam Cəfərova belə deyib.