Aydın CAN yazdı: -25 dəqiqəyə 25-i satılan kitab və yaxud

Aydın CAN yazdı: -25 dəqiqəyə 25-i satılan kitab və yaxud

Kitab, Kitabçılıq və Kitab Təqdimatı haqqında icmal

(üç pərdəli, üç məkanlı reportaj əvəzi)
I

Çox təəssüf ki, mən indi heç bir qəzetin və heç bir telekanalın müxbiri deyiləm!

1 oktyabr 2025-ci il səhər saat altıda kitabları maşına yükləyib 10-a 15 dəqiqə qalmış çatdım Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulan XI Bakı Beynəlxalq Kitab Sərgisinə.
Və… inanılmaz ehtizaz yaşadım! Belə bir ehtizazı təkcə 9 oktyabr 1992-ci ildə yaşamışdım… müxbir olaraq!
Müstəqillik dönəminin ilk ilində keçirilən o ilk hərbi parad ruhumu necə pərvazlandırmışdısa, bildiyim qədərincə artıq sayca ON BİRİNCİ olan bu sərgi də mənə eynən və eyzən o qüruru verdi. Dəli bir istəklə, əndazəsiz şövqlə yazmaq istədim: pankartlar, nəşriyyat sayları, məzmun, mövzu, dizayn və dil baxımından təqdim olunan kitab çeşidlərinin bolluğu. Gözü öz orbitinə alıb adamın başını gicəlləndirən saysız-hesabsız milli, məhəlli, beynəlmiləl ekzotik ornament ekstaza çatmaq üçün yetərliydi – Azərbaycan və Azərbaycan Dövləti adına! Bütün pavilyonları (yeri gəlmişkən: mən “pavilyon” bilirəm, amma niyə plakatlarda “pOvilyon” yazılmışdı, bilmirəm) acqarına və acgözlüklə gəzib elmi-siyasi xəritəni beynimin monitoruna yüklədim!
Bəlkə də kimsə dodaq büzər elə qapıdan girincə “fəxri şair”, “fəxri yazar”, “fəxri qonaq” təqdimatına, amma bu mənim üçün orqazm yaradırdı: bu il kimlərinsə xoşuna gəlməyən, kimlərinsə həzm edə bilmədiyi kimsələr (Fəxri Şair – Rüstəm Behrudi də, Fəxri Yazar – Qismət Rüstəmov da aqressiyasız qəbul etdiyim imzalardır) və ölkələr (bu dəfə: Qətər) ola bilər, amma bütövlükdə KAMPANİYA davamlı olduğu üçün, əzəmətli bir mesajdır!
Bir 2 nəfər və bunu deyən yazı "Aydın Can aslinda bie duriane CN pentanta rлb nerchata dagariyg N = 三 Publis Pablisisziku Özüdür ki var! SÖz USTADI Aydın Canın "ÖZÜDÜR Kİ VAR!" kitabının taqdimatı, ν imza saatı Ünvan: BAKI EKSPO Bakı, Heydar aliyev Beynalxalq Aeroportunun, yaxınlığında 5 oktyabr, saat 10:00 NİZAMİ GANCOVI TAQDİMAT ZONASI" şəkili ola bilər
Pavilyonları gəzdikcə Kitab Şölənində (türklər nə gözəl ifadə edir e: şölən!!!) peyda olan tanış-“tanış” və tanınmış-“tanınmış” simalar məndə heç bir reaksiya oyatmırdı. Mənim ruhumda təlatüm yaradan, sörfinq üçün gərəkən, şahə qalxan Kitab Dalğası və ona tutulan “toy” idi.
Əslində, mən elə də hesab edirdim: necə ki, müstəqilliyin ilk illərində biz yırtıq-yamaq “palatka” toylarıyla ömrümüzə sevinc qatırdıqsa, indi şadlıq saraylarını seç-ayırd edirik – məhz belə idi: yoluq-yoxsul kitab təqdimatlarını bugünkü əzəmət unutdururdu və həm də sevindirirdi! Kitab Özünə Layiq şəkildə ehtiram görürdü!
Mənə fərq eləmirdi… “seçki karuseli”ndəki kimi, bəlli dəstələr kənddə ocaq başına dönən pir aşiqləri sayaq, əvvəlcədən müəyyən və təyin olunmuş nəşriyyatları və müəllifləri ziyarət edir – hamısı bizim Ölkənin, Dövlətin və Xalqın təmsilçiləridir!
Mintənəyə mindirmək vacibdir – o ayrı söhbətdir ki, kimi və nə üçün!?
Bir 2 nəfər və bunu deyən yazı "Aydın AydınCan Can roedicn 校 Ozüdür ki kivarl var! dydınCareyeo AydınCameyer Caneyen Aydın Sözüm Sağlğma" şəkili ola bilər
Bizim “Qarabağ”dan başqa sevinməli və sevməli komandamız olmadığı kimi, elə də sevinməli və sevməli naşirimiz, nasirimiz və s yoxdur!
Olanımıza sevinməyi öyrənək əvvəl, sonra layiq olanı sevəndə vərdişimiz olsun!
Bəlkə də mənə gülən olmasaydı, mən EKSPO-nun başına Kəbə daşının başına dolanan kimi dolanardım!
Bəlkə də mənə gülən olmasaydı, o piştaxtalarda gördüyüm ən yaxşı kitabları götürüb möhür yerinə qoyub o ara keçidlərində üzü Azərbaycan Bayrağına səcdəyə gedib kitab namazı qılardım!
Köhnələr, daha doğrusu, yaşlı jurnalistlər bilər, qəzet çapa gedəndə “qlavlit” “fq” verirdi, mətbəə ondan sonra çap edirdi: o “fq” FİKSASİYA QAZETI” demək idi! YƏNİ: qəbul olundu… bu say, bu məzmun!
XI Bakı Kitab Sərgisi mənim üçün “FQ”-si olan tədbir idi!
Çox da qalmadım – gördüklərim bəs idi!
Kimlər gəldi, kimlər gələcəkdi, nə necə olacaqdı, mənə onsuz da bəlliydi: onlar avtobusda da, təyyarədə də, yasda da, toyda da yuxarı başda aş yeyənlərdən olacaqdı zatən.
Mənə Kitab Sərgisinin əzəməti və EKSPO-nun varlığı həzz dəqiqələri yaşadırdı – sanki hər yerdən əlini üzəndə ata ocağına, ata yurduna gəlirsən e, başqa heç nə düşünmədən, bax, EKSPO həmin gün mənim üçün demirəm, Azərbaycan Kitabı üçün Ata Ocağı-Ata Yurdu statusunda idi!
Bir 3 nəfər və bunu deyən yazı "BAKU INITERNATIONAL SODK OKFAIR OK FAIR 11-th AKU ERNAT FA Hon CENTER ናታ M air@culti @culti air@ bookfair. ok k_fair OC 2 R TE YEST" şəkili ola bilər
Proqramla tanışlıq əsnasında müəyyən etmək olar ötən 5 statistik gündə 5 tarixi olay oldumu, ya yox!? Burası ilə işim yox.
Ən böyük statistika Kitab Sərgisinin XI və ən böyük tarix bu sərginin keçirildiyi illərdir!
Mənim üçün…
Mən narazı qalmadım. Ola bilər kimlərsə narazı ola bilər – əlbəttə, narazılıq etmək olar: texniki məsələlərlə, müəyyən fərdi anlaşılmazlıqlarla bağlı! Amma təşkilatçılıq ürəyimcəydi. Bu yöndən narazılar çox güman ki, hər şeyə… kolxoz tarlasından başqa heç bir yer görməyən dədələrinin ağsaqqallıq iddiası ilə dünyanı gəzib-tezib gələn sevgililərinin kaprizləri prizmasından münsiflik edənlərdir!
Mədəniyyət Nazirliyinə təşəkkür!
II
Azərbaycanda Kitab, Kitabçılıq və Kitab Təqdimatları bir az kəmfürsətcəsinə, bir az alverçi təfəkkürü ilə, bir az da bayağı və populist ladda intişar tapdı!
Azərbaycanın cəmi nəşriyyatlarını bir çuvala yükləsən, Moskvadakı “Orion” nəşriyyatının yanından yel olub da keçməz! Düzdür, Xan, Mücrü, Çapar, Alatoran yayınları (sərgidə sayını saymadım, amma deyə bilərəm ki, siyahısı iki hektara bəs edən nəşriyyatlarımız var) müəyyən proqressiv çabalar yapırlar və… sağ olsunlar!
Mən ayran içib ara qarışdırmaq fikrindən uzağam, odur ki, ad çəkmirəm ki, dost inciyib düşmən sevinməsin!
İstənilən halda… naşirlik institutu formalaşır, zamanla biz brend olan nəşriyyatlarımızla və naşirlərimizlə sevinəcəyik – bugünkü temp və təqdimat bundan əmin edir!
Kim əlini çırmalayıb, bu çətin işə qoşulubsa, könlünə xal salmayaq, xətrinə dəyməyək.
Kitabımızı alaq!
Hə-ə, hansı naşir ki, başladı giley eləməyə, kitab alınmır, xalq oxumur deməyə, həmən demək lazımdır: sənin çoban dədəndən sənə xəzinə qalıb… illərdir çap edirsən bu…. “satılmayan”… kitabları? Belə millət fədaisisən?
Mənim ən böyük aqressiyam… hər zaman kitab oxuyan, hər zaman kitab alan xalqın nümayəndələrinə qarşı… belə ədalətsiz və vicdansız dəyər verməklərdir!
Bir zamanlar kitab satışı ilə məşğul olmuşam: ciddi ziyalı kontingentinə ən sanballı kitabı neçəyə istəyirsən sata bilərsən! Azərbaycanın istənilən məmuruna da ən baha qiymətə ən geydirmə kitabı sata bilərsən!
Azərbaycanın qaragüruh hissəsi – pafos, populizm ölüsü olanı da göz qabağındadır: nə “şirpotreb” istəyirsən alır, müəllifin də qoltuğuna ilboyu Sabirabad qarpızı verir, halbuki bu qarpız yazıq ancaq bir ay olur!
Həm siyasətdə, həm ədəbiyyatda, həm də jurnalistikada bəs qədər müftəxor, tüfeyli, möhtəkir özünə yer elədiyi kimi, naşirlik də bundan xali deyil.
Biz Azərbaycan xalqının necə ziyalı, necə maarifpərvər xalq olduğunu siyasətdən, ədəbiyyatdan, jurnalistikadan bu alverçi təfəkkürlü möhtəkirləri izal edəndən sonra görərik: kərə yağı ilə böyüyən valideynlər uşaqlarına “teksun” yedirtdilər!
Dediyim sahələrdə də belədir. Oxucuya, tamaşaçıya hələ ki “teksun” yedizdirirlər… siyasətçilərin zəmanəti və jurnalistlərin əliylə!
Zaman əlbəttə ki… yağı yağ üstünə çıxaracaq, ayranı da ayranlıq edəcək.
Qoy hələlik hamı varlansın!
Kasıb xalq nə olsa, tökər mədəsinə!
Varlı və mədəni xalq özünə rəva görməz…. filan-filan kitabları oxumağı!
Bu, zamanın işidir!
Bu zamanın işi isə elə məhz Mədəniyyət Nazirliyinin təşkilatçılığını elədiyi sərgidir!
Sərgilərə sərilmək üçün yox, Sərgiləmək üçün gəlməyə başlayanda biz gözəl kitablar oxuyacağıq!
III
Pis rəqqasa nəsə mane olur, – deyir ruslar. Mənə bildiriləndə ki, sənin kitabının imza saatı səhər saat 10.00-dan başlayır, 10.45-də bitir, heç nə demədim!
Bütün ölkə, hətta RF XİN-də akkeditasiya alıb azərbaycanlı jurnalist kimi işləyəndə, ruslar belə bilirdi ki, Aydın Can saat 13.00-dan tez yuxudan durmur!
Üç gün əvvəlcədən yuxu rejimimi düzəltməyə çalışdım. Hətta elə oldu ki, bütün günü yatdım…. nəticədə ayın 5-i ertədən oyaq ola bildim!
Daha doğrusu, 10-un yarısında.
Yük və ya əl arabası ayırsaydı təşkilatçılar, yaxşı olardı, amma olmadığı üçün, həm ağa, həm nökər qismində 50 kitabı özüm daşıdım – hər biri ağır kəllə-beyin travması yetirmək üçün ən yaxşı küt alət çəkisində.
Və… tədbirin başlamağına xeyli qalmış gördüm ki, məni bir cavan oğlan təbəssümlə süzür!
İlk kitabı onun üçün imzaladım: təşkilatçılar tərəfindən aparıcı təyin olunmuş Nigar xanım törəni açıq elan etməmiş!
Mən dəfələrlə yazmışam yazılarımda, gözəlim və əzizim Azərbaycanın harasında məni oxuyan oxucunu tanıdımsa, gördümsə, ən doğmam kimi bağrıma basıram! 5 oktyabr 2025-ci il saat 09.45-də bağrıma basdığım oxucumun, kişinin adı Ceyhun Musayevdir! Sürpriz olaraq, ona “Sözün sağlığına” kitabımı da hədiyyə etdim!
Və… əzizim Ceyhun oturub gözlədi!
Tədbir başladı!
Qayım-qədim dostum Əliməmməd müəllim özünü yetirdi – kitabı bir dəfə almağına baxmayaraq!!!
Heç gözləmədiyim halda, qadasını şəkərlə aldığım Xosrov Natil yaxınlaşdı: bağdan durub gəlmişdi!
Sayğılar və təzimlər!
Nəzər əmi söz verdiyi kimi, başının dəstəsi ilə özünü yetirdi: “çal qılıncını, Can Aydın, yetdim!”
Cəmil Alışov həm özünə kitab aldı, həm də qardaşına: bilirəm axı, qırğın düşəcək oxumaq üstə!
Allah atalarına rəhmət, analarına uzun ömür bəxş etsin: bütün övladlarını ziyalı böyüdüblər, elmə-ədəbə vaqif ediblər!
Nəzərinizə çatdırım ki, həm Cəmil, həm də Aqil Alışov çətin vaxtlarda Rusiyadakı azərbaycanlılar üçün “Millətin səsi” qəzetini buraxıb, daycestlər hazırlayıb, kitab daşıyıblar burdan! Ki… öz dilimizdə daha çox ünsiyyət qursunlar, yaşatsınlar!
“Bacıoğlu” (bilmir e mən bilirəm kimin bacısı oğludur) dediyim şümal-şüvərək Təvəkkül Boysunar özünü yetirdi!
Əlbəttə ki… bağrıma basdım!
Ərindən gizlin gələn, sevgilisini dartıb gətirən, arvadın cüzdanından pul çırpışdırıb kitabı alan əziz oxucularımın adlarını öz xahişləri ilə ictimailəşdirmirəm, çünki 25 manatlıq kitabı baha, həm də çox baha aldılar – bonus olaraq, hamısına “Sözün sağlığına” kitabımı da hədiyyə etdim!
Buracan adlarını sadaladıqlarım əzizlərim, dostlarımdır!
İki ən əziz oxucumu təqdim edirəm! Təsəvvür edin ki, mən necə eyforiyaya qapılmışdım!
2011-2012-ci illərdə türmədə olanda qoyulan bütün qadağalara baxmayaraq, yanıma tək bir kişi gəlmişdi: Bəhruz Əfruzoğlu!
Kitabımın təqdimatına-imza saatına ÖVLADI GƏLƏN YEGANƏ OXUCU -Böyük Pedaqoq Əfruz Məmmədovun Böyük Kişi oğlu Bəhruzun “düşmən çəpəri” Ronald təşrif buyurmuşdu: babası haqqında yazılar olan kitab ona əziz idi! Və… şax 100-lüyü uzadanda sövq-təbii olaraq “əmi, hədiyyə edir” demək istəyəndə… anidən duruxdum: “Aydın Can, səni həyatda heç kim belə xoşbəxt edə bilməz!”
Ronald Bəhruz oğlunun kitabıma verdiyi 100 manat bütün ömrüm boyu nazirlərdən, icra başçılarından ala biləcəyim rüşvətin cəmindən 100 dəfə ziqiymət idi!
Ronald orta məktəb şagirdidir! Və… 100 manat!
Mənim kitabımı 20 manatdan tutmuş 1000 manata qədər pul verib alan olub! O artıq verilən pulları əskik verilənlərin üstünə qoyub düzəltmişəm, imkanı olmayanlara bağışlamışam, amma Ronaldın 100 manatı…. gözümü yaşardıb, ürəyimi titrədən və “Aydın, yaz, Aydın, yarat, Aydı…n ….”, daha nələr, daha nələr dedirtmədi!
45 dəqiqəlik tədbirdə oturub mənim 20 dəqiqəlik çıxışıma da qulaq asdı!
Vaxt bitdi…
Aydın Cana cəmi 45 dəqiqə vaxt ayrılmışdı – 40 illik jurnalistliyin, 58 illik həyatın icmalı üçün! Acığa 20 dəqiqə danışdım!
Nəzər əmi səsimi yazıbmış, mənə dedi ki, sən acıqlananda çox yaxşı danışırsan, indiyə qədər televiziyalarda etdiyin çıxşların hamısından yaxşı idi! Necə oldu belə alındı deyəndə, qayıtdım ki, Ronaldın kitabıma verdiyi 100 manat məni danışdırırdı!
45 dəqiqədən sonra iki fikir vardı beynimdə:
Qaçaq Nəbi evlənəndə uğrunda vuruşduğu xalqın nümayəndələri dəvət olunmaqlarına baxmayaraq, toyuna gəlməmişdilər!
İkinci fikir isə Albert Eynşteynin dediyiydi: “Mənə dəli deyirdilər, atomu parçaladım verdim əllərinə”
Təzədən kitabları yüklədim maşına… Rəfael Həbiboğlu əvvəldən axıradək yanımda oldu, yoldaşlıq elədi, yardım etdi!
İMZA SONRASI… bu məqam üçün deyiblər: qapıdan çıxanda gördüm ki, Ramiz Tağıyevlə Sərdar Əlibəyli məni axtarır. Nə deyəsiydim ki? Təklif etdim: Kəramət qapının ağzında kitab satır, gedin, ondan alın!
Sağ olsunlar, mən maşına minib çıxanda, gördüm ikisi də kitab alıb!
YEKUN: Əgər mən bilsəydim EKSPO-da, daha doğrusu, XI Bakı kitab sərgisində belə gözəl imkan var, 5 günə 500 kitab satardım!
Kim narazı qalıbsa, özündən küssün!
Mən 25 dəqiqəyə 25 kitab satdım: Rövşən Hacıbəyli, Vüsət Xaniyev, Adil dayı, Faiq Balabəyli hətta nəvəsi və adaşı Faiqlə gəlibmiş, vaxtım bitdiyindən məni görməyib, amma kitabı aldı… onlayn!
SON SÖZ ƏVƏZİ və yaxud ETİRAF KİMİ BİR ŞEY: Əslində, mən EKSPO-da iştirakıma əvvəldə anlatdığım “fq” niyyətiylə razılaşdım!
Hansı kitabdan nə qədər istəyirsən, satım! Bu, mənim bacardığım yüzlərlə işdən biridir. Amma mən ixtisasca nəşriyyat redaktoru olsam da, o bacardığım yüzlərlə işdən biri ilə məşğul oluram: yazmaqla! Yaratmaqla!
“Özüdür ki var”ın məhdud sayda ilk nəşrindən indiyə qədər 100 kitab satıb, 100 kitab hədiyyə etmişdim, bu gün də 25-ni satdım!
Bütün bu 5 gündə mən təkcə bir şeydən zövq aldım: Kitab öz əzəli və əbədi nüfuzunu bərpa edir!
Mən öz oxucularımı real və canlı olaraq gördüm! Onları bağrıma basdım!
Bütün sosial şəbəkə bəytərifi, inbox virtual məhəbbəti, messenger kulis ehtiramı, xəlvəti uğurlamalar mənim üçün səmimiyyət və dəyər anlamını itirsə də, “Özüdür ki var”ın sayəsində yaşadığım həzz dəqiqələri məni empati göstərməyə, humanist olmağa sövq etdi!
İnsanı, adətən, özü tərbiyə edir, məni həm özüm, həm də kitabım tərbiyə etməkdə davam edir!!!
p.s. Rövşən bəylə və Təyyar müəllimlə ayrı məkanda görüşdük – Rövşən bəy gəlib çıxanda mən artıq “Ləvəngi”dəydim. Özümü yubadıb qardaşı Şamil bəy və rəhmətə gedən tələbə yoldaşımız Xaqani Rzaquliyevin ailəsi üçün kitabları da ona verdim! Təyyar müəllimlə “Özüdür ki var”ın həzz dəqiqələrinin ömrünü uzatdıq!
Share: