Avqustun 12-si xalq artisti Şahmar Ələkbərovun anım günüdür…

Avqustun 12-si xalq artisti Şahmar Ələkbərovun anım günüdür…

Nədənsə hər kəs bu dünyada ağlı kəsəndən, ta ölənədək xoşbəxtlik axtarır. Xoşbəxtlik isə, onu axtaranlara yox, özü seçdiyi adamlara nəsib olur. Məncə, xoşbəxt o kəslərdir ki, sakit ömür sürüb, öləndən sonra da yaddaşlarda yaşayayırlar.

Axirətə kimi hörmətlə anılır, ruhuna rəhmətlər oxunur. O da Azərbaycan kino tarixində unudulmazlıq qazanan aktyorlardan biridir. Otuz üç ildir ki, aramızda yoxdur. Fəqət, yaşadığı qırx səkkiz ildə elə bir yol keçib ki, hər iki dünyanın rəhmətinə qovuşa bilib. Kinomuzda yaratdığı obrazlarla tarixləşən xalq artisti Şahmar Ələkbərovu deyirəm…
1943-cü ildə Gəncədə, əslən Cəbrayıldan olan Zülfüqar kişinin ailəsində dünyaya gəlmişdi. Orta təhsilini 15 yaşında Bakı şəhərində başa vuraraq, Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunmuşdu. Oranı müvəffəqiyyətlə bitirib Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlamışdı…
Şahmar Ələkbərovun kino səlnaməsi “Dağlarda döyüş” filmindən başlayıb. Sonuncu çəkildiyi “Qəzəlxan” filminə qədər bir sıra yaddaqalan obrazlar yarada bilib. 1976-cı ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb…
Aktyor həkim səhlənkarlığı ucbatından ömrünün son yeddi ilini çox ağrılı keçirib. Dişini çəkən stomatoloq onun dilini zədələdiyindən ağzında bəd xassəli şiş yaranıb. Almaniyanın Hamburq şəhərində müalicə olunsa da, nəticə uğursuz olub və 12 avqust 1992-ci ildə, 48 yaşında ikən dil xərçəngindən vəfat edib…
Bəli, avqustun 12-si onun anım günüdür. Heyf, çox heyf ki, Azərbaycan kinosu onun timsalında parlaq istedadlı bir sənətkarı itirib. Amma nə xoş ki, cismən aramızda olmasa da, yaratdığı obrazlarda hələ də yaşayır.
Ruhu şad olsun!
Elman Eldaroğlu
Share: