“Mehribanla Yaşanan Ömür” Klipinin Təqdimatı Keçirildi
26 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın doğum günü münasibətilə xüsusi və mənalı bir tədbir baş tutdu. Autizmli uşaqların ifasında ərsəyə gələn “Mehribanla Yaşanan Ömür” adlı klipin təqdimatı keçirildi.

Sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair-publisist, sevilən kitabların müəllifi Aysel Nəsirzadə, musiqisi tanınmış bəstəkar, bir çox sevilən mahnıların müəllifi İlhamə Adilqızına məxsus olan mahnıya çəkilən klip təqdimat mərasimində olanların xüsusi rəğbəti ilə qarşılandı və alqışlarla müşaiyyət olundu.Tədbirdə millət vəkilləri, ictimai birlik rəhbərləri, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, klinika rəhbərləri və həkimlər iştirak edirdilər.

Tədbirin əsas məqsədi — autizmli uşaqların birbaşa öz dillərindən Mehriban xanım Əliyevaya olan sevgilərini, hörmətlərini və təşəkkürlərini çatdırmaq idi ki, bu işdə də şeirin sözləri və bu sözlərə yazılan incə musiqi uşaqların sevgilərini çatdırmaqda əsas oldu.

Klipin yaradıcı heyətinin və texniki işçilərinin birgə səyyi ilə gözəl bir sənət əsəri ortaya qoyuldu.
Təqdim olunan layihənin rəhbəri Psixologiya üzrə fəlsəfə doktoru, Orvita Autizm Evi və Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru Ramidə Oktayqızı olan tədbirin təşkilati dəstəyi isə Azərbaycan Könüllü Həkimlər Assosiasiyası tərəfindən təmin olunmuşdu.

Çıxış edənlər ölkəmizdə autizmli uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər, bu sahədə görülən işlərin davamlılığının vacibliyini vurğuladılar. Autizmli uşaqların hazırladığı video-təbrik isə tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı.
Sonda autizmli uşaqlar öz səmimi arzularını ifadə edərək Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik etdilər. Tədbir yüksək emosional ruhda və xoş ovqatla başa çatdı.
Müstəqil.Az
















