Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərovun son vaxtlar yaxın çevrəsində səsləndirdiyi iddialar təhsil camiəsində ciddi rezonans doğurub.
Müstəqil.Az-a daxil olan məlumatda bildirilir ki, rektor Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın yaxın gələcəkdə “birinci posta” – Elm və Təhsil Naziri vəzifəsinə gətiriləcəyini iddia edir. Bir xanımın nazir vəzifəsini icra etməsi dövlət idarəçiliyində müsbət addım hesab olunsa da, Yaşar Ömərovun hazırkı nazir Emin Əmrullayevin yaxın dostu hesab olunduğu halda bu cür proqnozlar verməsi mənəvi baxımdan “xəyanət” kimi qiymətləndirilir. Daha da rüsvayçı məqam ondan ibarətdir ki, rektorun həmin xanımın gələcək dəstəyini qazanmaq üçün hər ay ona 5 min manat məbləğində qeyri-rəsmi ödəniş (şapka) göndərdiyi deyilir.
Məhkəmə prosesləri və ağır cinayət ittihamları
Yaşar Ömərovun rəhbərliyi dövrü təkcə siyasi iddialarla deyil, həm də ağır hüquqi pozuntularla yadda qalmaqdadır. Gəncə Şəhər Prokurorluğunda aparılan araşdırmalar nəticəsində onun barəsində 2 milyon manata yaxın vəsaitin mənimsənilməsi, dövlət əmlakının leqallaşdırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və səlahiyyət həddini aşma maddələri ilə cinayət işi təsdiqlənib. Hazırda bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, rektorun hələ də real cəzadan yayınması və vəzifə başında qalması ictimaiyyətdə ciddi suallar doğurur.
Etik normaların pozulması və köməkçilərin “fəaliyyəti”
Rektorun adı təkcə korrupsiya yox, həm də etik qalmaqallarda hallanır. Məlumata görə, Yaşar Ömərovun Universitetin Xarici dillər fakültəsinin müəllimlərindən biri ilə yaşadığı qeyri-etik münasibətləri əks etdirən fotolar mövcuddur ki, bu da bir təhsil müəssisəsi rəhbəri üçün qəbulolunmazdır. Onun bu işlərində “sağ əli” hesab olunan köməkçisi Qədir və prorektor Şahmar Həsənovun da fəaliyyəti diqqət çəkir. Xüsusilə Şahmar Həsənovun Samux rayonunda vətəndaşları işə düzəltmək adı ilə 45 min manatdan çox vəsaiti mənimsədiyi və barəsində dələduzluq maddəsi ilə iş açıldığı bildirilir.
Universitet daxilindəki “qara mühasibatlıq”
Azərbaycan Texnologiya Universiteti hazırda elm ocağından çox, bir gəlir mənbəyinə çevrilib. İddia olunur ki, Universitetin Həmkarlar İttifaqının sədri Xudayar Məmmədov hər ay müəllimlərin maaşlarından tutulan təxminən 9 min manat vəsaiti rektora təslim edir. Eyni zamanda, Tələbə Həmkarlar İttifaqının sədri Firdovsi Bağırovun vasitəçiliyi ilə tələbələrin təqaüdlərindən kəsilən vəsaitlərin də prorektor Şahmar Həsənov üzərindən Yaşar Ömərova çatdırıldığı vurğulanır.
Yeni mənimsəmə metodları: “Humanistlik” pərdəsi
Rektorun vəsaitləri mənimsəmək üçün tətbiq etdiyi ən yeni metodlardan biri də “imkansız tələbələrə yardım” adı altında qurulan sxemdir. Guya 50-yə yaxın tələbəyə hər gün pulsuz günorta yeməyi verilir və bu vəsait Həmkarlar İttifaqı tərəfindən ödənilir. Lakin əslində bu, dövlət və tələbə vəsaitlərinin “humanistlik” pərdəsi altında silinməsi üçün düşünülmüş bir yoldur. Korrupsiya bataqlığına saplanmış bu rəhbərliyin fəaliyyəti müvafiq dövlət qurumları tərəfindən ən qısa zamanda dərindən araşdırılmalı və qanun qarşısında cavab vermələri təmin edilməlidir.
Ardı var…
Müstəqil.Az





















