Atlaz RZAYİ – Bəlkə sevdiyimçün illər boyunca Sənin bir səhvini arayammadım

Atlaz RZAYİ – Bəlkə sevdiyimçün illər boyunca Sənin bir səhvini arayammadım

Məni itirməyə yaman tələsdin

Məni itirməyə yaman tələsdin
Sevməyə bu qədər can atmamışdın .
Ürəyin üşütdü, ruhun üşütdü
Mən belə soyuğa satılmamışdım.
.
Min köynək o yana, bir köynək bəri
Sənə doğma olub yarıyammadım .
Bəlkə sevdiyimçün illər boyunca
Sənin bir səhvini arayammadım.
.
Küləkdən qanadlı, yeldən itiydim,
Səni hər arzuna yetirim deyə.
Özümdən uzağa küsüb gedərdim
Sevgimi hər dəfə gətirim deyə.
.
İndi bu sevdadan heç nə ummuram.
Gözümü yumaraq keçib gedirəm.
Daha dərzi kimi eşqi əynimə
Yüz dəfə,min dəfə ölçüb gedirəm.

Darıxsan

Darıxsan
Uzat əllərini kəpənəklərə
Ürəyin hər rəngdə uçsun göylərə.
Darıxsan
Susdurma qəlbini tez gətir dilə.
Demə vaxtım çoxdur, zaman var hələ.
Darıxsan
Bilirsen özün də evim hardadır.
Kədərim hardadır, kefim hardadır.
Darıxsan
Dönərsən, mən də dönərəm,
Bu dəli inadın lap əvvəlindən.

Məhəbbət itəndə, inam da itir

Gör necə sel kimi yıxdı apardı,
Hanı bu sevginin bəndi -bərəsi?
Gah hamar yol oldu uzandı getdi,
Gah kəsdi yolunu dağı, dərəsi.
.
Sığal istəyənə qucaq da açdı,
Çiçək istəyənə tikan da verdi.
Gah döndü zalıma aldı canları,
Gah ölü bədənə o can da verdi.
.
Könlü istəyəndə günəş də olur,
Əridir ürəyin buzlu qarını.
Məhəbbət itəndə, inam da itir,
İtirir hər şeyin etibarını.

Share: