8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün xalqımızın birliyi, ordumuzun rəşadəti və şəhidlərimizin qanı ilə qazanılmış müqəddəs qələbənin təntənəsidir. 2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı azad etdi və bununla da Qarabağ zəfərinin qapılarını açdı. Bu, təkcə bir şəhərin deyil, bütün Azərbaycanın azadlığı, milli qürurunun bərpası idi. 8 Noyabr həm də Azərbaycan xalqının iradəsinin, ordumuzun yenilməzliyinin, dövlətimizin qüdrətinin rəmzidir.
Bu müqəddəs tarix bütün ölkədə, hər bir müəssisədə, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (ASCO) xüsusi ruhla qeyd olunur. Çünki dənizçilər də bu qələbədə öz payına sahibdirlər – ASCO-nun əməkdaşları arasında Vətən müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri çoxdur. Onlar təkcə dənizlərdə deyil, Vətən səngərlərində də şücaət göstərmiş, torpaqlarımızın azadlığı uğrunda döyüşmüşlər.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev cənabları dəfələrlə vurğulayıb ki, Vətən uğrunda canından keçən hər bir şəhid, sağlamlığını itirən hər bir qazi xalqımızın fəxridir: “Hər bir şəhidin qanı torpaqlarımıza azadlıq gətirdi. Hər bir qazi Vətən uğrunda canından keçdi.” O, həmçinin qeyd edib ki, şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, bu məsələyə ASCO-da da xüsusi həssaslıqla yanaşılır. Bu gün ASCO-da 800-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır və onlardan 187 nəfəri məhz Zəfərdən sonra işə qəbul olunub. Bu fakt bir daha sübut edir ki, ASCO-da insan amili, vətənpərvərlik və sosial məsuliyyət hər zaman prioritetdədir.

Rauf Vəliyev cənabları qazilərə və şəhid ailələrinə diqqət və qayğını təkcə sözlə deyil, əməli addımlarla nümayiş etdirir. Onun təşəbbüsü ilə dənizçi qazilər hər ay maaşdan əlavə məvacib alır, bu dəstək artıq illərdir ki, davam edən bir ənənəyə çevrilib. Bu, həm maddi yardım, həm də mənəvi ehtiram nümunəsidir. Qazilərə göstərilən bu qayğı “siz unudulmamısınız, Vətən sizinlə qürur duyur” mesajının canlı ifadəsidir.

Zəfər Günü münasibətilə ASCO-da keçirilən tədbirlər də bu mənəvi birliyin təcəssümüdür. Bayram mərasimlərində şəhid ailələri, qazilər, dənizçilər və onların övladları bir araya gəlir. Bu il keçirilən tədbirdə “Zəfər Sədası” uşaq xor qrupunun “Əmanətlərin Dostu” adlı xüsusi mükafatı ASCO-ya təqdim olunub. Şəhid övladlarının ifasında hazırlanmış videoçarx isə salonda duyğulu anlar yaşadıb. Tədbirdən sonra şəhid övladları “Suraxanı” gəmi-muzeyini ziyarət edib, onlar üçün xüsusi tur və bayram proqramı təşkil olunub. Bu səhnələr göstərir ki, ASCO yalnız iqtisadi uğurları ilə deyil, həm də vətənpərvərlik ruhu və insani dəyərləri ilə fərqlənir.
Rauf Vəliyev çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, Azərbaycanın artan beynəlxalq nüfuzundan da bəhs edib: “Bu gün Azərbaycan regionda sabitliyin və inkişafın əsas təminatçısına çevrilib. Tarixi Zəfərdən sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurun bərpası, azad edilmiş torpaqlara böyük qayıdış dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.”
Bu fikirlər ASCO-nun fəaliyyət fəlsəfəsini də əks etdirir – hər bir dənizçi dövlətin inkişafına, Vətənə xidmətə öz əməyini, enerjisini, sədaqətini həsr edir. ASCO-da çalışan hər bir əməkdaş üçün 8 Noyabr təkcə təqvimdə bir tarix deyil, həm də ruhun, qürurun, qələbənin bayramıdır. Dənizlərin dərinliyində dalğalanan Azərbaycan bayrağı bu Zəfərin rəmzi kimi dalğalanır, dənizçilərin ürəyində isə Vətən sevgisi, şəhidlərin ruhuna ehtiram və dövlətə sədaqət yaşamağa davam edir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin və rəhbərliklə xalq arasındakı sarsılmaz bağın təntənəsidir. Rauf Vəliyev kimi vətənpərvər rəhbərlərin sayəsində bu ruh ASCO-nun hər gəmisində, hər dənizçisinin qəlbində dalğa-dalğa yayılır. Zəfər Günün mübarək, Azərbaycan!
Tural Balabəyli, Prezident təqaüdçüsü,
“Azərbaycan” kran gəmisinin matrosu
















