Arzu Əyyarqızı: Hər şey üzdən soyular, Məni içdən soydu dərd

Arzu Əyyarqızı:  Hər şey üzdən soyular, Məni içdən soydu dərd

Edam adamı

Yenə payız havası, yenə biraz darıxmaq,
Yenə qismətim olub fikirlərdə karıxmaq.

Payızın sükutundan az qala qulaq batır,
Yarpaqlar da özünü bir -bir ağacdan atır.

Payız da yarpaqların kütləvi edamıdır,
Bütün darıxan kəslər bir edam adamıdır.

Pəncərəmin önündə buğlandırıb şüşəni,
Tək barmaqla yazıram yaddaşıma düşəni.

Gözlərim də yol çəkir, diksinirəm ,çaşıram,
Tezcə silib şüşəni özümə yadlaşıram.

Yenə qaçıb özümdən, gizlədirəm özümü,
Yuyuram göz suyumla itirirəm izimi.

Üşüyən kədərimin gülüş sərib üstünə,
Yandırıram özümü, boğuluram tüstümə.

İntihar

Hər gün bir neçə ümid, hər gün bir neçə arzu,
Sönür neçə ürəkdə , intihar olur mövzu.

Neçə istək asılır, neçə güman əlində,
Neçə nəfəs kəsilir edamkarın dilində.

Neçə -neçə sevgilər ayrılıqdan asılır,
Neçə görüş yerindən neçə ayaq kəsilir.

Hər gün intihar ilə başlayırmış, İlahi ,
Dünənin edamıdır gecələrin sabahı.

Anamızın bətnindən intihar eləmişik,
Ciftimizi kəsəndə, gördük ki, ölməmişik.

Elə həyat özü də intihardan qurtulub,
Neçə-neçə qərinə ,neçə əsr yırtılıb.

İntihar edənləri qınamayın, amandır,
Sıxılan edam ipi, qurtulmağa gümandır.

Əl qumbarası

Əl qumbarası kimi
Çəkilib atılmısan,
ömrümün ortasına.
Bürünüb Eşq tüstünə,
Gizlədirəm özümü.
Əllərim qulağımda,
Bərk sıxmışam gözümü.
Dünyanın bir küncündə,
Başım qucub dizimi.
Ölməkdən qorxmuram, yox!..
Qorxuram ki,partlasan –
Tanımazlar üzümü…..

Ölüm qırmızı düymə

Həyat qum saatıdır,
Ömür süzülüb gedir.
Sonuncu qum dənəsi,
Ölümə xəbər edir.

İnsan saatlı bomba,
Yaşı ölçür zamanı.
Ölüm qırmızı düymə,
Əcəl vermir amanı.

Yerdə qalır məzarlıq,
Xaraba bir yurd kimi.
Bəs nə üçün dünyanı,
Yeyirik ac qurd kimi?…

Dəbilqə

Bal dadıb keçən yalanlar,
Zəhərlədi ruhumuzu…
Düz yolunda şəhid etdik,
Neçə qönçə arzumuzu. ..

Neçə duyğu qatilinin,
Dəbilqəsi oldu yalan.
Canilərin qərarıyla,
Ruhumuzdur məhbus olan.

Ədaləti yox dünyanın,
Mühakimə etməz düzü.
Hakim olan Allahdırsa,
Cəzasını verər özü.

*******”

Gözüm yaşa hamilədir,
Kirpiklərim çəkir sancı.
Qəhər qoymur doğulsun o,
Boğur məni bircə damcı.

Gülüşümlə əl -qol atıb,
Çırpınıram alım nəfəs.
Can çəkişir ruhum canla,
Ahım olur sonuncu səs.

Süst düşürəm dərd əlindən,
Xəyallarım layla çalır.
Göz yaşım da doğulmamış,
Qəhərimdə şəhid olur.

Dərdləşmək istəyirəm.

Bu qədər adamın içində təkəm,
Gur saçın içindən ayrılmış tükəm,
Demirəm təkliyə dözməkdə yekəm,
Dərdləşmək istəyirəm…

Dinləyən mən oldum, danışan onlar,
Susdum, lal eylədi dəyişən donlar,
Qışqırtdı içimdə sükutlu anlar,
Dərdləşmək istəyirəm….

Allah, eşidirsən? Salam, necəsən?
Niyə soruşmursan, balam necəsən?
Yığış, gəl aşağı, bircə gecə, sən,
Dərdləşmək istəyirəm…
Dərdləşmək istəyirəm…

Gecələrdə

Düşdüm fikir – xəyallara,
Yenə azdım gecələrdə.
Neçə ümid – gümanlara,
Məzar qazdım gecələrdə.

Arzulardan çiçək əkdim,
Göz yaşımla suyun tökdüm,
Ağ saçımı kəfən bükdüm,
Ölüm sezdim gecələrdə.

Ruhuma buz divar hördüm,
Nə sığal nə tumar gördüm,
Yaşamağa talaq verdim,
Candan bezdim gecələrdə…

Gündüzlərdən zərbə aldım,
Tənhalığa meyil saldım,
Səhərəcən oyaq qaldım,
Şeir yazdım gecələrdə….

Qadınlar

Oxşanmazlar, sevilməzlər,
Saçı tökülən qadınlar.
Nazlanmazlar, övülməzlər,
Boynu bükülən qadınlar.

Göz yaşında dağılarlar,
İçlərində boğularlar,
O dünyaya doğularlar,
Dara çəkilən qadınlar.

Ürkək gəzər yad ocaqda,
Yeri olar künc -bucaqda,
Ömrü bitər buz qucaqda,
“Evi tikilən” qadınlar.

Gözlər
Gözlər var gözlərə ümid işığı,
Gözlər var şeytana yuvadır, yuva.
Gözlər var dünyadır, baxışı həyat,
Gözlər var tələdir, həm dərdə dəva.

Gözlər var gözlərə gün üzü verməz,
Gözlər var gözlərin görən gözüdür.
Gözlər var yaşıldır, gözlər var ala,
Gözlər var kömürün sanki özüdür.

Gözlər var kədərli, dərdin oylağı,
Gözlər var gülərdir, sevgi doludur.
Gözlər var uçurum, gözlər var zirvə,
Gözlər var ürəyin gizli yoludur.

Gözlər gözəl görən gözlərə güzgü,
Gözlər gözəlliyin əsas meyarı.
Gözlərim, gözlərə göz kimi baxma,
Sən ol gözlərdəki haqqın əyarı.

Yerlərlə göylərin şərik malıyıq

Dualar göndərdim göyün üzünə,
Hərəsi bir ulduz oldu göylərdə.
Əllərim asılı qaldı buluddan,
Qıymadı bir ” ulduz ” mənə göylər də.

Yaman xəsis imiş göylər sən demə,
Aldığın qaytarmır boş qalan ələ.
Cismi torpaq udur, ruhu da göylər,
Həyatın mizanı qurulmuş belə.

Yerlərlə göylərin şərik “malıyıq”
Bölgünü aparır haqq olan ölüm.
Hakimi Allahdır, şahidi Allah,
Beləcə baş tutur ən dürüst bölüm.

Sevgi düsturu

Sevginin riyazi düsturu olduq,
Sən üstə mən gəldi, cəm biz alındı.
Adımız önünə qoyduq sonsuzluq,
Çevirdik düzünə səkkiz alındı.

Eşqə də riyazi düstur gətirdik,
İkini, üç- dördü, beşi itirdik,
Altını uğurlu rəqəm götürdük,
Çevirdik tərsinə doqquz alındı.

Dözdük hər məçhula biz yıxılmadıq,
Vurulduq, toplandıq heç çıxılmadıq,
Döndük sıfırlara bax, yox olmadıq,
Sonda bərabərlik sonsuz alındı.

Dərd

Hər şey üzdən soyular,
Məni içdən soydu dərd.
Agac içdən oyular,
Məni saçdan oydu dərd.

Kədər damdı göl oldu,
Arzu muraz kül oldu,
Ömrüm qəmə yol oldu,
Məni səki qoydu dərd.

Gecəm gündüz gətirdi,
Ayım ili ötürdü.
Yedi yedi bitirdi,
Görən məndən doydu dərd?

Dizim cəllad kötüyü

Kirpiyim dar ağacı,
Asmışam göz yaşımı.
Dizim cəllad kötüyü,
Qoymuşam, kəs başımı.

Möhkəm möhkəm qucmuşam,
“Kötük ” tərpənə bilməz.
Vur boynumu, çəkinmə,
Əzrayıl üzə gülməz.

…Ölüm, durma di tez ol,
Qurtar dərtdən, azardan.
Al canımı, götür get,
Dünya adlı bazardan.

Pilləkən ömür

Yaş üstünə yaş gəlir,
Rəqəmləri böyüdür.
Böyüdükcə rəqəmlər,
Ömrümüzü üyüdür.

Ömür pilləkənindən,
düşmək, çıxmaqdan çətin,
Ölüm adlı vüsaldır,
sonu, bu məhəbbətin…

Bu pilləkən sürüşkən,
Yıxılan dura bilmir.
Xəsarəti ölümdür,
Təbib də çara bilmir.

Bu payız

Bu payız fərqlidir öncəkilərdən,
Küləyi başqadır, qoxusu başqa.
Bu payız fərqlidir, çox daha fərqli,
Gerçəyi başqadır, yuxusu başqa.

Bu payız bənzəmir, ötən payıza,
Yağışı darıxmaq, sisi darıxmaq.
Rəngi də bozarıb gülüşüm kimi,
Duyğusu darıxmaq, hissi darıxmaq.

Yoxdur bu payızda doğma kəslərim,
Yoxdur bu payızda dostum, sirdaşım.
Bu payız andlarım dilimdən düşüb,
Atamın məzarı olub pir daşım.

Bu payız xoş deyil, xoşbəxtlik deyil,
Bu payız dərdimin dərd ortağıdır.
Bu payız oxşamır ötən payıza,
Elə bil ruhumun dərd otağıdır.
Arzu Əyyarqızı

Share: