Beynəlxalq Ana Dili Günü münasibətilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Ana dili gününə həsr olunmuş yaradıcılıq gecəsi” yadda qalan ədəbi-bədii tədbirlərdən biri oldu.
Bu əlamətdar gün münasibətilə təşkil olunan görüş Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı, şair-publisist Şərafəddin İlkinlə unudulmaz bir ədəbi dialoqa çevrildi.
Tədbiri mərkəzin direktoru Səbinə xanım Hacıyeva açaraq qonaqları və iştirakçıları səmimi salamladı. O, ana dilinin xalqın milli kimliyinin əsas dayağı olduğunu vurğulayaraq bildirdi ki, belə görüşlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsində mühüm rol oynayır. Direktor çıxışında qeyd etdi ki, dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı və mənəvi sərvətidir.
Ardınca söz gecənin əsas qonağı Şərafəddin İlkinə verildi. Şair çıxışında ana dilinə olan sonsuz sevgisini və bağlılığını ifadə edərək Azərbaycan dilinin zənginliyindən, ahəngindən və poetik imkanlarından danışdı. O vurğuladı ki, ana dili insanın dünyaya açılan ilk pəncərəsidir. Hər bir fərdin kimliyinin formalaşmasında əvəzsiz rol oynayır. Şərafəddin İlkin Azərbaycan dilinin əsrlər boyu sınaqlardan keçdiyini, lakin öz saflığını və qüdrətini qoruduğunu xüsusi qeyd etdi.
Şair gənclərə müraciətlə bildirdi ki, qloballaşan dünyada ana dilini qorumaq hər birimizin borcudur. “Dil millətin yaddaşıdır. Ana dilini qorumaq – öz kimliyimizi qorumaq deməkdir,” – deyə çıxışında vurğuladı. Onun səmimi və düşündürücü fikirləri iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılandı.
Tədbir musiqi nömrələri ilə daha da rəngarəng oldu. Müğənni Xanım Əminə şairin sözlərinə bəstələnmiş mahnıları böyük məharətlə ifa edərək zalda xüsusi ovqat yaratdı. Tanınmış ifaçılar Elşad Qarayev və Səməd Rzayevin Şərafəddin İlkinin sözlərinə yazılmış mahnıları səsləndirməsi gecəyə əlavə coşqu qatdı. Poeziya ilə musiqinin vəhdəti ana dilinin ahəngini bir daha nümayiş etdirdi.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami rayon komitəsinin sədri Sübut Əsədov çıxış edərək Şərafəddin İlkinin təkcə şair kimi deyil, jurnalist kimi də fəaliyyətini yüksək qiymətləndirdi. O, belə görüşlərin maarifləndirici əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkürünü bildirdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bəradər Səməndərli isə həmkarı haqqında səmimi fikirlərini bölüşdü, onun yaradıcılığının Azərbaycan ədəbiyyatındakı yerindən danışdı və yeni şeirlərini səsləndirdi.
Tədbirin ən təsirli anlarından biri tələbələr Pərvanə Məlikzadə, Tərlan Qasımova və Kəklik Hüseynzadə şairin şeirlərini böyük həssaslıqla söyləməsi oldu. Gənclərin ana dilinə sevgi ilə yanaşması, sözə və ədəbiyyata marağı tədbirin əsas ideyasının – dilə bağlılıq və milli dəyərlərə sədaqətin – canlı təzahürünə çevrildi.
Gecənin sonunda Şərafəddin İlkin yeni şeirlərini oxudu. Onun misralarında Vətən sevgisi, ana dilinə ehtiram və mənəvi saflıq ideyaları öz əksini tapdı. Tədbirin yekununda mərkəzin direktoru Səbinə xanım Hacıyeva belə mənalı və yaddaqalan görüşə görə qonaqlara təşəkkür edərək bu cür ədəbi tədbirlərin davamlı olacağını bildirdi.
Böyük maraq və ruh yüksəkliyi ilə keçən bu yaradıcılıq gecəsi iştirakçıların yaddaşında silinməz iz buraxdı. Ana dilinə həsr olunmuş bu söz bayramı bir daha sübut etdi ki, Azərbaycan dili yaşayır, sevilir və gələcək nəsillərin qəlbində daim öz uca yerini qoruyacaq..

Dadaş Şeydayev
Texnika və Texnologiya üzrə Bakı Peşə Təhsil Mərkəzi
Tələbə Həmkarlar komitəsinin sədri




















