Allahşükür Paşazadə şəhidlərin dəfnində tribunada yox, tabutların yanında dayanmışdı.

Allahşükür Paşazadə şəhidlərin dəfnində tribunada yox, tabutların yanında dayanmışdı.

20 Yanvar gecəsi xalqımızın üzərinə yalnız tanklar yox, qara bir hüzn də gəldi. Küçələrdə güllə səsləri, evlərdə yarımçıq dualar qaldı. O gecə torpağa tapşırılanlar sadəcə insanlar deyildi.

Bir millətin günahsızlığı idi. Şəhidlər Xiyabanı buna görə müqəddəsdir. Orada hər daş bir ömür danışır, hər məzar bir millətin yaddaşını qoruyur. Ora addım atarkən insanın səsi yox, vicdanı titrəməlidir. Ora mikrofon qaldırmaq üçün yox, baş əymək üçün ziyarət olunan məkandır.
Ora sözün yox, sükutun danışdığı yerdir.
Amma bu sükutu pozanlar da tapıldı. Şəhidlərin ruhu qarşısında susmaq əvəzinə, kadr axtaran, sensasiya ovlayan, matəm gününü siyasi şouya çevirmək istəyən biri mikrofonu qaldırıb Şeyxülislam Allahşükür Paşazadəyə sual ünvanladı. Sual deyəndə ki… daha çox ittiham qoxulu, təxribat niyyətli bir cümlə.
Sualın məqsədi cavab almaq deyildi. Məqsəd hörmət çərçivəsində fikir öyrənmək deyildi. Məqsəd Şəhidlər Xiyabanında diqqət mərkəzinə çevrilmək, tarixi anı şəxsi ambisiyaya alət etmək idi. Çünki o sualın tonu da, yeri də, zamanı da jurnalistikanın yox, səviyyəsizliyin göstəricisi idi.
20 Yanvarın matəmi hələ torpağın üstündə ikən, hələ anaların göz yaşı qurumamışkən, hələ şəhid adları daşlara pıçıldanarkən orada verilən o sual nə vicdanlı idi, nə də peşəkar. Bu, şəhidlərin ruhuna yox, kameraya ünvanlanan sual idi.
Məhz bu məqamdan sonra məsələ bir sualdan çıxdı, bir mövqe məsələsinə çevrildi. Çünki müqəddəs məkanda hörmətsizlik edən yalnız bir şəxs yox, onun arxasında dayanan düşüncə idi.
“Bütün Qafqazın Şeyxi” ifadəsi kimlərinsə qulağına ağır gəlirsə, bu titulun tarixi yükünü oxumaqda çətinlik çəkənlər öz savadsızlıqlarını fakt kimi təqdim etməsinlər. Bu ad pafoslu şüar deyil, yüz ildən artıq tarixi olan dini-institusional bir statusdur. Bu titul heç vaxt iddia etməyib ki, Qafqazda yaşayan hər xalq, hər icma, hər fərd bu şəxsi öz milli-dini lideri kimi qəbul etməlidir. Burada söhbət şəxsi simpatiyadan yox, tarixi faktdan gedir.
“Nə cənubda, nə şimalda nüfuzu var” demək fakt yox, emosiyadır. Nüfuz sosial şəbəkə şərhləri ilə ölçülmür. Nüfuz illərlə formalaşan münasibətlər, region miqyasında dini dialoq, beynəlxalq platformalarda təmsilçilik və tarixi davamlılıqla ölçülür. Bunları görməmək olar, amma inkar etmək artıq vicdan məsələsidir.
Ən gülünc arqument isə budur ki, guya yüksək vəzifəli şəxsin mətbuat katibi vasitəsilə cavab verməsi savadsızlıq əlamətidir. Bu yanaşma idarəetmə və ünsiyyət mədəniyyətindən xəbərsizliyin açıq göstəricisidir. Dünyada prezidentlər, dini liderlər, beynəlxalq təşkilat rəhbərləri mətbuatla məhz bu formada danışırlar. Bu, qorxaqlıq deyil, statusun tələb etdiyi ünsiyyət qaydasıdır.
Üstəlik, Şeyxülislam yaşlı bir insandır. Ziyarətə gəldiyi bir anda mənasız və təxribat xarakterli suala cavab vermək məcburiyyətində deyil. Onun arxasınca böyük insan izdihamı gəlir. İnsanların ziyarət etməsinə maneə yaratmaq nə jurnalistikadır, nə də etik davranış.
Amma bütün bu mübahisələrin fonunda unudulan əsas bir həqiqət var.
1990-cı ilin 20 Yanvar gecəsində bu gün klaviatura arxasında “cəsarət” dərsi keçənlərin çoxu pəncərənin pərdəsini belə aralamağa qorxduğu halda, Allahşükür Paşazadə şəhidlərin dəfnində idi. O, tribunada yox, tabutların yanında dayanmışdı. O zaman mikrofon yox idi, kamera yox idi, reytinq yox idi. Yalnız risk var idi. Bu fakt tarixdir və bunu heç kim dəyişə bilməz.
Bu gün müqəddəs bir gündə siyasi şou naminə sual verib, cavab xoşuna gəlməyəndə təhqirə keçmək nə jurnalistikadır, nə vətəndaşlıq, nə də cəsarət. Bu, sadəcə səviyyəsizlikdir.
Tənqid etmək olar. Sual vermək olar. Amma tarixi xidmətləri olan insanlarla danışığın da bir mədəniyyəti var. Küçə leksikonu arqument deyil. Təhqir fikir deyil. Səviyyəsizlik isə heç vaxt həqiqətin tərəfdaşı olmayıb.
Unutmaq olmaz ki, şəxsiyyətə hörmət xalqın özünə hörmətidir.
Tarixi şəxsləri gündəlik siyasi emosiyalara qurban vermək nə cəmiyyətə nüfuz gətirir, nə də gələcəyə fayda.
Bu yazı kimisə ideallaşdırmaq üçün yox, sərhədi xatırlatmaq üçün yazdım. Çünki sərhədlər itəndə söz azadlığı yox, söz məsuliyyətsizliyi başlayır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı

Share: