Allahın izni olmasa…

Allahın izni olmasa…
Əli Həsənov- 65

Bəli, kainatda elə bir hadisə yoxdur ki, onun baş verməsində Allahın izni olmasın. Bu gün şahidi olduğumuz, lap elə gələcəkdə də baş verəcək hadisələrin hamısından Yaradanın xəbəri var…

Kim necə düşünür, qoy düşünsün, məncə vəzifə Allahın sevdiyi bəndələrinin qismətinə yazdığı bir fürsətdir. Elə bir fürsət ki, onun vasitəsilə həm özünə və həm də insanlara daha çox fayda verə bilir. Sadəcə, bu fürsətin əhatə miqyası fərqli olur…
Bu günkü söhbətimin də qəhrəmanı nə vaxtsa yüksək dövlət postunda çalışıb. Sevənləri də olub, sevməyənləri də. Necə deyərlər, karına gəldiyi adamların arasında qədirbilənləri də var, nankorları da…
Adı da, soyadı da, atasının adı da İslam aləmində sevilən məsumlara məxsus olub. Daha dəqiq desəm, Əli Məhəmməd oğlu Həsənovdur. 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində dünyaya gəlib. Bütün uşaqlar kimi “aşıq-aşıq” da oynayıb, “gizlənqaç” da, hələ üstəlik, Novruz bayramlarında qapılara papaq da atıb. Məktəbə də gedib, orta təhsil də alıb. Sonra əsgərliyə çağrılıb. 1982-ci ildə hərbi xidmətini başa vuraraq Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1985-ci ildə təhsilini davam etdirmək üçün, onu göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə(MDU) köçürüblər və 1988-ci ildə MDU-nu fərqlənmə diplomu ilə bitirərək, həmin universitetin tarix fakültəsinin əyani aspiranturasına qəbul olunub. “1917–1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə yiyələnib…
İlk görünüşdə qaraqabaq, adamayovuşmaz kimi görsənsə də çox mehriban adamdır. Uşaqlıqdan elmə, təhsilə olan marağı, onu həmişə tay-tuşlarından fərqləndirib. Elmi, təhsili yüksək tutduqca, yüksəldikcə yüksəlib…
Bir müddət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin olunub. 2019-cu ilin noyabr ayında bu şöbə ləğv edildiyi üçün, prezidentin imzaladığı sərəncamla “Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri” vəzifəsindən azad olunub…
Nədənsə, onun adı gələndə həmişə düşünürəm; bir vaxtlar mötəbər vəzifədə çalışan bu insanı özünə böyük qardaş bilən, çörəyə çatdırdığı, eləcə də onun hesabına ev-eşik sahibi olan adamlar niyə ona dönük çıxdılar? Niyə adı dillərində əzbər olan kəslər, indi onun adını heç yerdə səsləndirmək istəmirlər, haqqında xoşməramlı yazılar yazılmır. Axı 510 mətbuat işçisinə təmənnasız mənzillərin paylanmasının səbəbkarı o olub. Axı bu xeyirxahlığın həyata keçməsində onun böyük xidməti var. Mətbuata maddi dəstək ideyası da ondan gəlməyibmi? Görün, nə qədər redaksiyalara onun təşəbbüsü ilə, fəaliyyət göstərmələrindən ötrü, illərlə maddi vəsait ayrılıb və hələ də ayrılır. Hanı o mənzillərdə yaşayan qələm adamları? Hanı həmin vəsaiti alan media orqanları? Axı niyə biri onunla maraqlanıb ad günündə xoşməramlı məqalə yazmır? Axı martın 10-u onun növbəti ad günüdür…
Gidi dünya, şair yalan deməyib ki? “Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı salam-əleyk qurtardı.” Belə çıxır ki, etdiyi bütün yaxşılıqlar qədirsiz olub…
Bəli, martın 10-u tarix elmləri doktoru, professor Əli Həsənovun yubileyidir, 65 yaşı tamam olur. Bilirəm, dövlət vəzifəsində çalışan adamlar haqlarında məqalə yazılmasını xoşlamırlar. Yəqin ki, o da buna etiraz edəcək, haqqı var. Amma inanıram ki, boynunda heç bir haqqı olmayan bir müstəqil qələm adamı kimi, mənim də haqqıma etiraz etməyəcək…
Hörmətli Əli müəllim, sizi yubileyiniz münasibətilə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, fəaliyyətinizdə uğurlar arzulayıram.
Çox yaşayın!
Hörmətlə, Elman Eldaroğlu
Redaksiyadan: Biz də “MüstəqilAz ” olaraq hörmətli Əli müəllimi doğum günü münasibəti ilə təbrik edirik.  Ölkə ictimaiyyətində, siyasi həyatında özünəməxsus yeri olan dəyərli ziyalıya xoş gün arzulayırıq. O, hər şeydən qabaq elm adamıdır, professordur. Mühüm postda çalışıb. Ətrafı geniş olub. Haqqında xoş sözləri eşitdikcə, düşünürəm ki, arxada qoyduğu bu illıri hədər yaşamayıb. Gələcək illərdə də həmişə fərqli bir ömür yaşayacaq.
Onunla heç vaxt qarşılaşmamışıq. Daima ekranda və qəzet və portallarda görmüşəm. Heç vaxt üzündə qeyri-ciddi ifadə olmayıb.
Əli müəllimi kollektivim adından, öz adımdan bir daha təbrik edirəm, Çox yaşasın, xoş yaşasın, deyirəm.
Hörmətlə: Faiq Balabəyli
Share: