Xarakter baxımından cazibədar və sirli xüsusiyyətlərə malikdir. Ətrafındakı insanlara qarşı diqqətlidir və anlayışlı davranışı ilə tanınır. Liderlik qabiliyyəti və yüksək intellekti var.
Onun iti düşüncəsi və rasional yanaşma tərzi istənilən çətin vəziyyətdə doğru qərar verməsinə kömək edir. Dostluqda və yoldaşlıqda güclü təsir bağışlamağı bacarır və qarşısındakı insanları heyran qoyur. Bu xüsusiyyətlərinə görə də, çox vaxt ətrafdakıların inamını qazanır…
1965-ci il yanvarın 3-də Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Dəllər qəsəbə orta məktəbini bitirdikdən sonra BDU-nun filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1980-ci illərdən başlayıb. İlk şeirləri “Pioner” və “Ulduz” jurnallarında dərc edilib. Şeirin təcnis, qoşma, gəraylı və s. janrlarında yazıb-yaradır. Şeirləri Türkiyənin mətbu orqanlarında çap olunub, sözlərinə musiqi bəstələnib. “Sevgi atılandan sonra başlayır”, “Eşq ol, dərgahına səcdəyə gəlim”, “Bu, ömürdür mən deiyim, nağıl yox” kitablarının müəllifidir…
Əsas xüsusiyyətləri isə bunlardır; mehriban, qonaqpərvər, əyləncəli, simpatik və düşüncəli. İnsanları valeh etməyi bacardığından ətrafı ona həsəd aparır. Ruhən azadlığı, davranış tərzi və fəlsəfi düşüncələri ilə ətrafdakıların qibtəsini çəkir. Həm də son dərəcə emosionaldır, insanları heç vaxt rədd edilməyi sevmir…
Şeirlərinin birində deyir ki:
“Ömrü sonalamaq, seçmək yoxuymuş,
Kefin istəyəndə köçmək yoxuymuş.
Bu ömrün içində heç nə yoxuymuş,
Di gəl, bu boşluqda yaşa… Beləcə…”
Təbiətcə yumşaq və eyni zamanda həssasdır. İzdihamın, dava-dalaşın olmadığı dinc mühitdə yaşamağı xoşlayır. Bu, onun barışdırıcı xarakterindən irəli gəlir. İnsanların sevgisini itirməkdən qorxur, ona görə də hər kəsi sevgi və maraqla dinləyir. Həyatda həmişə nəsə öyrənmək istəyir. Daim özünü təkmilləşdirməyə çalışır…
Daha sonra:
“Bəxtim yollarıma çatmadı, keçdi,
Oddadı, ruhumu oddadı keçdi.
Ömür başım üstdən addadı keçdi,
Nə ola, ölüm də çaşa… Beləcə…”- söyləyir.
Sosial həyatında çox aktiv və çılğındır. Dostları ilə vaxt keçirməyi, onlarla əylənməyi və söhbət etməyi xoşlayır. Dostlarının yaxşılığı üçün əlindən gələni edəcək qədər fədakardır. O, həmişə yüksək səviyyəli yumor bacarığı ilə ətrafındakı insanlara sevinc bəxş etməyə tələsir. Odur ki, dostları və həmkarları tərəfindən çox sevilir. Onun əhatə dairəsi çox genişdir və heç vaxt tək deyil. Duyğuları ilə hərəkət etməyi xoşlayır…
Deyir ki:
“Gəldik payımıza nə düşdü… Ömür…
Bir şirin röyayla görüşdü ömür.
Bilmədim, əlimdən sürüşdü ömür,
Dəydi qayalara, daşa… Beləcə…”
…Onunla nə dostluğum, nə də yoldaşlığım olmayıb. Harada, nə vaxt gördüyümü də unutmuşam. Amma bilirəm ki, “Allahın əsgərlərindən” biridir, yəni əsl şairdir. Xeyli publisist yazıları da var. Bəli, Vasif Süleymanı deyirəm. Yanvarın 3-ü onun 61 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, “əsgər salamı” ilə ehtiramımı bildirirəm…
Hörmətlə, Elman Eldaroğlu
















