Deyir ki:- “Allahdan çox razıyam. Həyatım rahat keçib, firəvan yaşamışam. Demirəm ki, çətinliklərim olmayıb, olub, amma ciddi sıxıntılarla- dərdlə, əzabla imtahana çəkilməmişəm…”
Ruslarda belə bir deyim var- yaşamaq yaxşıdır, yaxşı yaşamaq ondan da yaxşıdır. Bu gün sizə mehriban, gülərüz, istiqanlı bir insan haqqında danışmaq istəyirəm. Yalqızlığı, tək qalmağı xoşlamır. Dostları ətrafına toplayıb, ünsiyyət qurmaqdan zövq alır. İncə yumor hissi var, həmsöhbətində şən ovqat yarada bilir. Yersiz danışmır, sözü zamanında, yerində söyləyir. Heç vaxt heç nədən gileylənmir, şükr etməyi bacarır. Qeybətdən çox uzaqdır, yanında kimsə qeybət etsə, ya söhbətin səmitini dəyişir, ya da ki həmin yeri tərk edir. Xeyir-şərdən qalmır, xeyirxahlıqdan zövq alır…
O, 1951-ci ilin fevral ayının 8-də Lənkəranın Vilvan kəndində dünyaya gəlib. 1966-cı ildə orta məktəbi, 1967-ci ilə Respublika Ticarət-Kulinariya məktəbini bitirib. Sumqayıtda “Sintezkauçuk” zavodunun iaşə obyektində əmək fəaliyyətinə başlayıb. İstehsalatdan ayrılmadan Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1978-ci ildən təqaüdə çıxanadək “Sintezkauçuk” zavodunun Fəhlə Təhcizatı idarəsinin müdiri vəzifəsində çalışıb…
Sumqayıt ölkəmizin ən böyük şəhərlərindən biridir. Burada respublikanın müxtəlif bölgələrindən gəlmiş insanlar məskunlaşıb. Və bu vəhdət, bu cəmiyyət çox ziyalılar yetişdirib. Onlardan biri də haqqında söhbət açdığım Fəxrəddin Ağarəhim oğlu Rəhimovdur. Bəli, Sumqayıtın ictimai-siyasi həyatında onun da öz dəsti-xətti var. 1990-cı ildə şəhər sovetinin deputatı olub, bir neçə dəfə şəhər bələdiyyəsinə üzv seçilib…
…Yenilikçi adamdır, müstəqil olmağı xoşlayır. Necə deyərlər, dünəndə ilişib qalmır, sabaha- irəliyə doğru inamla addımlayan bir şəxsdir. Zəngin dünyagörüşü var. Onunla hər mövzuda söhbət etmək xoş olur. Etik normalara ciddi əməl edir, kübar davranışı var…
Yetmiş beş ildir yol gedir. Bu yetmiş beş ildə o qədər adama əl tutub, sevindirib ki, həmin insanların duaları ömrünə, həyatına sirayət edib. Sağlam vücudu, şux görkəmi, gülər üzü hələ də yerindədir…
…Bir gün Tanrı həzrəti Musaya sual verir:
– Ya Musa, de görüm mənim üçün nə etmisən?
– İbadət etmişəm, İlahi.
– Onu özün üçün etmisən ki, cəhənnəm odundan uzaq olasan. De görüm, mənim üçün nə etmisən?
– Oruc tutmuşam, Qibleyi aləm!
– Onu da özün üçün etmisən ki, cənnətin qapıları üzünə açıq olsun.
– Bütün ömrüm boyu Səni zikr edib, dualar etmişəm, İlahi.
– Bunu da ona görə etmisən ki, yanımda şərafətli olasan. De görüm, mənim üçün nə etmisən?
Həzrəti Musa bir qədər susub, dillənir:
– Ya Rəbbim, başqa nə etməliydim, anlaya bilmədim.
– De görüm, bir yetimin başını sığallamısanmı, bir imkansıza əl tutmusanmı, bir kimsəsizin ehtiyacını ödəmisənmi? Bax, bütün bunlar mən üçün görülən işlərdir…
Bəli, Fəxrəddin Rəhimov özü üçün heç nə etməsə də, bütün ömrü boyu Allaha xidmət göstərib. Fevralın 8-i Fəxrəddin müəllimin 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, uzun ömür, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu




















