Ali Yusifin “Ağ Göyərçinim” Mənsur şeiri

Ali Yusifin  “Ağ Göyərçinim”  Mənsur şeiri

Ağ Göyərçinim

Mənsur şeir

Çıxdın qarşıma — elə bildim ki röyadayam.
Ruhum səmada süzürdü,
sən isə ağ bir göyərçin,
qanadlarında işıq, baxışlarında bahar vardı.

Qarşılaşdıq göylərin mavi səssizliyində,
aldı ruhumu gözəlliyin,
dilim tutuldu — sözlərim uça bilmədi sənə doğru.
O an heyranlığım dəniz kimi daşdı,
sən də qoynuma sığınmaq istədin,
çünki qəlbin mənim üçün çox darıxmışdı.

Birdən aramıza qara bir bulud girdi.
Səni gözlərimdən aldı,
həsrət ağı dedi,
ikimizin yerinə buludlar ağladı.
Yağış damcılarında sənin titrəyən baxışlarını,
o baxışlar gözlərimdə donub qaldı,
alışan gözlərin hələ də içimdə yanır.

İllərdir qalıb gözüm yolunda.
Dedin: “Səbir elə, səninəm.”
Ötdü aylar, keçdi illər — niyə gəlmədin?
Mən hələ də yolunun üstündə dayanmışam,
gəlib-gedəndən səni soruşuram,
hər ümidimin ucunda adını pıçıldayıram:
Mənim ağ göyərçinim…

Kaş yenə çıxaydın qarşıma…
Yoluna gül-çiçəklər düzərdim,
Səni bir də itirməzdim,
həsrətinlə alışıb yanmazdım.
Sən göylərdə olsan da,
ürəyimdəki yuva bil ki sənindir.
Mənim ağ göyərçinim…

Ali Yusif
08.08.2025-ci il

TƏHLİLİ:

Şeir ədəbiyyatın ruhudur; insan qəlbinin ən incə titrəyişlərini sözlə ifadə edən bir sənətdir. “Ağ Göyərçinim” adlı bu mənsur şeir isə sevgi, həsrət və ümid mövzularını simvolik obrazlar vasitəsilə yüksək poetik dillə təqdim edir. Şeirin əsas xətti — gözləmək, unutmaq mümkün olmayan bir sevgini yaşatmaq və içdən gələn bir yanğı ilə sədaqəti qorumaqdır.
Şeirin başlanğıcında müəllifin qarşısına çıxan sevgili elə bir təsir bağışlayır ki, o anı röya kimi qəbul edir. Bu, insan həyatında çox az yaşanan, “möcüzə” kimi qəbul edilən anlardandır. Sevgilinin “ağ bir göyərçin” kimi təsvir olunması sadəcə bir təşbeh deyil, eyni zamanda onun ruhani və saf bir varlıq olduğunu göstərir. Göyərçin obrazı ümumiyyətlə ədəbiyyatda sülhün, məsumluğun və eyni zamanda sevgidə sədaqətin simvoludur. Bu simvolika vasitəsilə şair, qarşısındakı insanın onun üçün sadəcə sevilən biri deyil, həm də mənəvi bir dayağa çevrildiyini ifadə edir.
Lakin bu xoşbəxtlik uzun sürmür. “Qara bir bulud” araya girir və sevdiyini əlindən alır. Bu bulud həm real ayrılığın, həm də taleyin qəfil çevrilişlərinin simvoludur. Şairin dili tutulur, sözləri sevgilisinə çata bilmir. Bu metaforalar, duyğuların sözə çevrilə bilməyəcək qədər dərin və kəsici olduğunu göstərir. Sevgilinin gözdən itməsilə birlikdə təbiət də ağlayır — “buludlar ağladı”. Bu, şəxsi kədərin artıq universal bir ağrıya çevrildiyini göstərir.
Şeirin sonrakı hissəsində illər keçsə də, gözləyən bir ürəyin sönmədiyi, ümidsizliyin içində belə hələ bir ümid çırağının yandığı bəlli olur. “Dedin: ‘Səbir elə, səninəm.’” — bu cümlə şairin həm inamını, həm də içindəki sarsılmaz bağlılığı göstərir. Sevgi burada artıq bir gözəllik duyğusundan çıxaraq, həyatın özü ilə bərabər yaşanan bir səbr və təslimiyyətə çevrilir.
Şeirin son hissəsi poetik dua kimidir — “Kaş yenə çıxaydın qarşıma…” Bu, həm təəssüf, həm də ümidi özündə birləşdirən bir çağırışdır. Bu çağırışla birlikdə aydın olur ki, sevilən insan fiziki olaraq uzaqda olsa da, onun yeri şairin qəlbində əbədi olaraq qorunur. “Sən göylərdə olsan da, ürəyimdəki yuva bil ki sənindir.” — bu misra sevgini ilahi bir bağlılığa çevirir. Artıq bu, dünyevi bir hiss deyil, qəlbin içində daim yaşayan bir varlığın varlığıdır.
“Ağ Göyərçinim” şeiri, oxucunu öz şəxsi duyğuları ilə üzləşdirən və hər kəsin içində bir yerə toxunan dərin emosional gücə malikdir. Sevgidə gözləmək, sədaqət və içdən gələn yanğı bu əsərdə zaman və məkan məfhumu olmadan təsvir olunur. Bütün bu elementlər isə onu zamansız və universal bir sevgi şeiri halına gətirir.
Uğurlar olsun həmişə, əziz insan Ali Yusif!

✍Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlilçi və tənqidçi. Şair.
10.08.2025

Share: