Aləmzər Sadıqqı
Durnalar qayıdar, mən qayıtmaram…
Durnalar gələndə gəldin ömrümə,
Payız ürəyimdə güllər açıldı.
Günəs səfəqindən, Ay isığından,
Könlümə, ruhuma işıq sacıldı.
Öncə durnalara söylədim səni,
Yagişa, küləyə, gülə söylədim.
Gecələr ulduzla, Ayla danışdım,
Uçan kəpənəyi yoldan eylədim…
Adın dodağımda çırpındı hər gün,
Nəfəsim dəyişdi, havam dəyişdi…
Səni mələk kimi aldım qəlbimə,
Qədərə üsyanim , davam dəyişdi…
Hardan biləydim ki, durnalar kimi,
Könüldən könülə uçan birisən…
Mən elə bilirdim ölüb getmisən,
Dünən xəbər aldım hələ dirisən…
Sən özgə bir eşqə satsan da məni,
Əmin ol, mən səni heç vaxt atmaram,
Köçüb durnalarla gedərəm bir gün,
Durnalar qayıdar, mən qayıtmaram…
Şeirin Bədii Təhlili:
Bu şeir klassik lirikanın çağdaş poetik duyumla qovuşduğu, simvolik obrazlar üzərindən taleyin, gözləntinin və dönüşsüz ayrılığın fəlsəfəsini açan dərin mətn kimi diqqət çəkir və bütövlükdə “durna” obrazı ətrafında qurulan poetik sistem insanın öz ömrü ilə zaman arasında yaşadığı paradoksu ifadə edir. Şeirin ilk misralarından etibarən durnalar sadəcə köç edən quşlar deyil, taleyin ritmini, həyatın dövri qanununu, təbiətin qayıdış prinsipini simvolizə edir, liriki qəhrəmanın “mən qayıtmaram” hökmü isə bu dövriyyəyə qarşı insan iradəsinin və mənəvi qırılmanın manifestinə çevrilir. “Durnalar gələndə gəldin ömrümə” misrası sevginin təbiətlə eyni vaxtda, eyni ahənglə doğulduğunu göstərir, payız fəslinin ürəkdə “güllər açması” paradoksal metafora kimi məhz sevginin insan ruhunda fəsilləri dəyişdirmə gücünü ifadə edir. Günəşin səfəqi və Ayın işığı klassik Şərq poeziyasında ilahi nur və saf duyğular rəmzi olduğu kimi burada da sevginin ruhani mahiyyətini dərinləşdirir, könül və ruhun işıqla dolması sevginin yalnız hissi deyil, varoluşsal təmizlənmə olduğunu göstərir. İkinci bənddə liriki qəhrəmanın sevdiyini durnalara, yağışa, küləyə, gülə söyləməsi insanın sevgini təkcə insana deyil, kainata etiraf etməsi anlamını daşıyır, gecələr Ay və ulduzlarla danışmaq, kəpənəyi yoldan etmək isə sevginin insanı reallıqdan çıxarıb mistik və xəyal qatına apardığını göstərir. Burada təbiət ünsürləri passiv fon deyil, liriki qəhrəmanın sirdaşıdır və bu, romantik poeziyanın əsas xüsusiyyətlərindən biri kimi diqqət çəkir. “Adın dodağımda çırpındı hər gün” misrası sevginin nəfəsə, varlığa qarışmasını simvolizə edir, havanın və nəfəsin dəyişməsi isə sevginin insanın bütün həyat mexanizmini yenidən qurduğunu göstərir. Sevilənin “mələk kimi” qəlbə alınması idealizasiya mərhələsini, qədərə üsyan isə sevginin artıq insanı fatalist düşüncədən çıxarıb mübarizə mərhələsinə gətirdiyini göstərir, lakin bu üsyanın davamının dəyişməsi sonradan gələcək məyusluğun ilkin işarəsidir. Şeirin dramatik dönüş nöqtəsi “Hardan biləydim ki, durnalar kimi” misrası ilə başlayır və burada sevilənin də durna kimi köçəri, keçici, bir könüldən digərinə uçan varlıq olduğu etiraf edilir, bu etiraf sevginin illüziya olduğunu gec anlamağın ağrısını daşıyır. “Mən elə bilirdim ölüb getmisən” misrası metaforik ölüm anlayışını önə çəkir, burada fiziki yoxluq deyil, mənəvi itki nəzərdə tutulur, “hələ dirisən” xəbəri isə paradoksal şəkildə təsəlli yox, daha dərin ağrı yaradır, çünki bu dirilik artıq başqasına məxsusdur. Son bənddə liriki qəhrəmanın sevilən tərəfindən “özgə bir eşqə satılması” xəyanətin açıq etirafıdır, lakin buna baxmayaraq “mən səni heç vaxt atmaram” hökmü mənəvi sədaqətin, daxili əxlaqın poetik ifadəsinə çevrilir. Ən güclü fəlsəfi yük isə final misralarındadır:
“Köçüb durnalarla gedərəm bir gün,
Durnalar qayıdar, mən qayıtmaram”, burada təbiət qanunauyğunluğu ilə insan taleyi arasındakı əsas fərq vurğulanır, durnalar hər il qayıdır, çünki onların köçü bioloji və təbii dövriyyəyə tabedir, insan isə bir dəfə gedir və onun qayıdışı yoxdur, bu misralar sevginin insanda yaratdığı dönüşsüz dəyişimi, mənəvi ölüm və yenidən doğulmama ideyasını ifadə edir.
Nəticə etibarilə Aləmzər Sadıqqızının bu şeiri sevgi mövzusunu sırf emosional çərçivədə deyil, zaman, tale, dönüş və dönüşsüzlük kimi universal fəlsəfi kateqoriyalar kontekstində təqdim edir, durna obrazı vasitəsilə insanla təbiət arasındakı fərqli qanunları üzə çıxarır və oxucunu belə bir qənaətə gətirir ki, təbiət hər bahar qayıda bilər, lakin sevgi ilə dəyişmiş insan artıq əvvəlki məninə dönmür, məhz bu dönüşsüzlük şeirin əsas poetik və mənəvi nəticəsidir.

✍ Sevil Azadqızı
















