Bir də görərsən ki…
Bir də görərsən ki,
bitib bütün ağrıların…
Yerini boşluq alıb,
Bütün çabalarının.
Anlarsan ki, o deyil ruhunu ağrıdan…
Danışmalı olduğun anlarda susmaqdı, danışa bilməməkdi həyatın ən böyük ağrısı…
Səndən gedib sənə gəlməyəndir tüm ağrılarının çarəsi…
Bir də görərsən ki, ürəyin də əllərin kimi bomboş qalıb…
Səndən öncə yaşlanan əllərin həmişə uşaq qalan ürəyini sarmalar…
Göynəyər boğazında düyünlənən söyləyə bilmədiklərin…
Bütün suallarına cavab tapmağın ağrılarını yaşamaqdı, yaşaya bilməmək.
Göz yaşında boğulmaqdı, gülməyi bacarmamaq…
Bir də görərsən ki, ömrünün susuz səhrasında ilğım kimiymiş uzaqdan görünən bulaq…
Nə yanan ürəyinə yağar yağış kimi, nə quruyan dodaqlarına səpilər bircə damla su kimi…
Dönüb geri gələrsən, öz dünyan liman olar hiss etdiklərinə…
Bir də görərəsən ki, hələ də nağıl uydurursan böyüməyən usaqlığına.
Anlarsan ki, sənin nağıl uyduran, nağıl yaşayan ömrün çoxdan bitib. Tökdüyün göz yaşları puç olan ömrün üçündür sadəcə…
Bir də görərsən ki, heç olmayan biri üçün kül etmisən yana-yana yaşadıqlarını.
Anlarsan ki, quşlar kimi belə iki qanadla uçmamısan ömrünün göylərində…
Ondan belə yalnızsan Yer üzərində.
Çunki o durnalar çoxdan uçub isti ölkələrə…
Sən sadəcə qırıq qanadla arxalarından baxmısan…
Durnalar bir gün qayıdar bəlkə, ancaq sənin nağılların qayıtmaz…
Bir də görərsən ki, sənin qərib bildiyin əslində qərib deyilmiş…
İçinın qürbətində can verən sənin hər kəsdən fərqli, hamıdan qərib ürəyinmiş…
Yalanmış bütun duyğuların, yalanmış bütün uydurduqların…
Yaşamağa sarılmaqmış, ömrə tutulmaqmış bütün çırpınışların…
Kimsəni qınamağa belə gücün yetməzmiş.
Bürünüb öz günahlarına bulud kimi yağmaqmış xəyallarının ağrısına…
12.12.2024
Aləmzər Sadıqqızı Şeirinin Bədii Təhlili:
Aləmzər Sadıqqızının “Bir də görərsən ki…” adlı poetik mətnində insanın daxili varlığı, tənhalığın gizli qatları, həyatın görünməyən, amma ən dərin iz buraxan ağrıları bir səfər kimi təqdim olunur, bu səfərin yolları bəzən insanın özünə qayıtdığı, bəzən özündən daha da uzaqlaşdığı labirintləri xatırladır. Şairənin istifadə etdiyi hər bir “bir də görərsən ki” ifadəsi həm qəfil oyanışı, həm də uzun müddət içdə yığılan duyğuların birdən-birə özünü büruzə verməsini bildirir. Bu ifadə zamanın sakit, amma kəsici hökmüdür. İnsan bir gün anlayır ki, onun daşıdığı yük sözlə deyil, susqunluqla ağırlaşıb, onun ağrısını yaradan hadisələr deyil, danışmalı olduğu halda susduğu anların ağırlığıdır. Şair susmağı həyatın ən böyük ağrısı sayır, çünki susmaq insanın özünü ifadə edə bilməməsinin, qəlbində gizlətdiklərini bir daha geri qaytara bilməməsinin, “səndən gedib, sənə gəlməmək” kimi qapalı bir dövranın metaforasıdır. Buradakı düşüncə xəttində ağrı öz cavabını tapmaqla azalmaz, əksinə, cavab tapdıqca insan həyatının nə qədər çətin, yaşamağın nə qədər yorucu olduğunun fərqinə varır. Növbəti hissədə şair insanın əlləri ilə ürəyi arasında qurduğu paralellə poetik bir psixologiya yaradır. Ömrün ağırlığını daşıyan əllər yaşlanır, amma uşaq kimi qalan ürək hələ də kövrəkdir, hələ də sığınmağa yer axtarır. Burada insanın daxili və xarici varlığının müxtəlif tempi göstərilir. Bədən yorulur, amma ruh böyümək istəmir. Düyünlənən sözlər, boğazda ilişib qalan hekayələr insanın yaşaya bilmədiyi duyğuların metaforasına çevrilir. İnsan danışmadıqca ağırlaşır, susduqca sözün gücü daha çox içə işləyir və onu parçalayır. Poetikanın ən təsirli qatlarından biri isə səhrada görünən ilğım metaforasıdır. İnsan bəzən həyatında uzaqdan parlaq, ümidverici görünən şeylərin əslində saxta bir təsəlli olduğunu çox gec anlayır. Bu, yanmış ürəyin yağışsızlığı, qurumuş dodaqların susuzluğu, yəni ruhun uzun sürən həsrətinə bənzəyir. İnsan bir gün geri dönür və anlayır ki, yeganə liman öz dünyasıdır. Başqa heç bir sığınacaq o dünyanın yerini tuta bilmir. Şairə daha sonra insanın böyüməyən uşaqlığına toxunur. Yaş aldıqca uydurduğu nağılların bitdiyini düşünən, amma yenə də içindəki uşaqla danışmağa davam edən insanın təzadlı halı təsvir olunur. Bu, həyatın ən incə ağrılarından biridir. İnsan böyüdükcə uşaq tərəf ölür, amma həmin uşaqlığın xiffəti ömrün sonuna qədər davam edir. Tökülən göz yaşları da məhz bu puç olmuş, bir vaxtlar möcüzəyə inanan ömrün yasına çevrilir. Durnalar metaforası isə şeirin ən güclü poetik açarlarından biridir. Durnaların isti ölkələrə uçması sevdiklərinin, ümidlərinin, arzusunun onu tərk etməsi deməkdir. Şairə deyir ki, insan bəzən iki qanadla belə uça bilmədiyi ömrün göylərinə bir qırıq qanadla boylanır. Qırıq qanad insanın daxili yaralı tərəfidir. Gücsüzlüyü, tərk edilmişliyi, gecikmiş arzuları. Son hissədə həqiqət bütün yalınlığı ilə açıqlanır. İnsanın qərib hesab etdiyi nə dünya, nə insanlar, nə də kimsədir. Qərib olan onun öz qəlbidir. Hər kəsdən fərqli olan, içində qurbət yaşayan, kimsə tərəfindən anlaşılmayan ürək. Bu ürək həm yalanlara, həm xəyallara, həm öz yaratdığı uydurmalara inanıb, sonra onların hamısının qürubunu görüb. Çırpınışlar isə yaşamağa sarılmaq cəhdindən başqa bir şey deyilmiş. İnsan bütün ağrıların qarşısında susur, heç kəsi qınaya bilmir, çünki onun içində yağışa çevrilən buludlar təkcə dünyanın deyil, ürəyin günahına yağır. Bu, həm təslimiyyət, həm də qəbul etmə anıdır.
Nəticə olaraq,
şeir insanın daxili aləminin poetik xəritəsidir. Susqunluğun ağır yükü, cavabların acılığı, itirilmiş ümidlərin zərif sızıltısı, böyüməyən uşaqlığın acısı və nəhayət, insanın öz qəlbinə qürbət qalması. Aləmzər Sadıqqızı burada insanın həm zədələrini, həm də yenidən dirçəlmək cəhdini qaranlıq bir tonla təsvir edir. Şeir göstərir ki, həyatda ən böyük ağrı başqalarının bizi tərk etməsi deyil; insanın öz içində tərk olunmasıdır. Və bütün “bir də görərsən ki…”lər insanın zamana gec çatmış kəşfləridir. Həyatın ən dərindən anlaşıldığı, lakin ən çox incitdiyi anlardır.
Uğurlar olsun həmişə, əziz Aləmzər xanım!
✍ Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.
12.12.2025
















