Akademik Ramiz  MEHDİYEVIN  iki məqaləsinə bir cavab – İqbal AĞAZADƏ yazıb

Akademik Ramiz  MEHDİYEVIN  iki məqaləsinə bir cavab – İqbal AĞAZADƏ yazıb

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin həm “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”, həm də “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqalələrini diqqətlə oxudum.

Açığı, məqalələri təhlil edib, mövqe ifadə etmək niyyətində deyiləm. Lakin qaldırılan məsələlərin aktuallığı və onun məhz iqtidarın yüksək səviyyəli məmuru tərəfindən qələmə alınması bir müxalifətçi kimi
məni öz qeydlərimi yazmağa məcbur etdi.
İlk məqaləsində hörmətli Ramiz müəllim qeyd edir ki, Azərbaycan Respublikası
KİV-i kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Təbii ki, rəqəmlər də sadalanır – yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalları.
Öncə kəmiyyətlə bağlı fikirlərimi bildirmək istərdim. Təəsüflə qeyd edim ki, qəzet və jurnal, informasiya agentliklərinin qeydiyyatında problem olmasa da, çapında və yayımında ciddi qüsurlar və manelər mövcuddur. Özü də maneələri yaradan iqtidar komandasıdır. Mən sevinirəm ki, iqtidar yetkilisi olaraq, bu problemi qaldırırsınız, amma təhlildə problemin ana səbəbini göstərmirsiniz.
Hörmətli akademik bilməmiş deyil ki, qeydiyyatdan keçən qəzet və jurnalların böyük əksəriyyəti ya dövri çap olunmur, ya da çap olunanların əksəriyyəti məmur himayəsi altında iqtidarın, ya da vəzifəli şəxsin maraqlarını ifadə edən kurs sərgiləyir. O cümlədən, müstəqil və ya müxalifətə yaxın mətbuatın heç birində reklam yerləşdirən bir şirkətə rast gəlinmir. Ona görə yox ki, müstəqil və ya müxalifətə yaxın mətbuatın dövriliyi aşağıdır, yox, sadəcə sifarişçi reklamı müxalifətyönlü və ya müstəqil qəzetə verərsə, aqibətinin yaxşı olmayacağını bilir. Yeri gəlmişkən, onu da qeyd edim ki, dövriliyinə görə ən populyar qəzetlər məhz müxalifətyönlü – “Yeni Müsavat” və “Azadlıq” qəzetləridir.
Yəqin hörmətli Ramiz müəllimə o da məlumdur ki, mövcud telekanallardan və radiolardan heç biri müstəqil və ya dəqiq ifadə etsəm, iqtidara yaxın dairənin nəzarətindən kənar fəaliyyət göstərmir. Azərbaycan teleradio məkanında hər şey-istisnasız halda-mövcud iqtidarın himayəsi altındadır.
İstəyirsiniz, bir təcrübə keçirək – Mən bir müstəqil vətəndaş kimi televiziya açmaq istəyirəm. İzn varmı?!
Bəli, qanunvericilik bazası bəlkə də təkmildir, amma qanunlardan da ali olan iqtidar mövqeyi ortadadır. Bir sözlə, Azərbaycan KİV-nin kəmiyyəti iqtidarın “dəmir əli” altında artır, müstəqilliyi isə boğulur, azad deyil. Qeydiyyatdan keçib müstəqil olmaq istəyənin isə maliyyəsi yoxdur. Demək, demokratiklik baxımından kəmiyyətin çoxluğu öyünməli və
nümunə olacaq fakt deyil.
Administrasiya rəhbəri KİV üzərində dövlətin tənzimləyici funksiyasını həyata keçirməyin zəruri olduğunu xatırladır. Əslində, bu tezisin özü yanlışdır. Əgər Ramiz müəllim qeyd etdiyi kimi, təkmil qanunvericilik, hüquqi – normativ baza varsa, əlavə nəzarətə ehtiyac yoxdur. Çünki demokratik ölkələrdə nəzarəti həyata keçirən məhz qanunlar və normativ aktlardır. Dövlət yeni qlavitlitər, senzorlar şəbəkəsi yaratmalıdırmı?! Əgər qanunlar icazə verirsə, telekanalın hansı verilişi efirə çıxarması onun öz siyasəti olmalıdır.
Bu telekanalın məhsuludur-tamaşaçı ya onu alacaq, ya da düyməni basıb söndürəcək.
Bundan ötrü senzor düyməsinə ehtiyac yoxdur. (ATV-dəki şura) Əslində bu qanunları pozmaq, televiziyanın işinə müdaxilədir.
Hörmətli Ramiz müəllimin disbalansın pozulması haqda fikirlərini də bölüşürəm (maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyalarında).
Sizcə, səbəb kanalların qeyri-peşəkarlığıdırmı? Məncə yox. Disbalansın pozulmasının başlıca səbəbi iqtidarın informasiyasının verilməsi, məlumatın çatdırılması sahəsində ciddi nəzarət həyata keçirməsidir. Məgər Azərbaycan cəmiyyəti təkcə iqtidardan ibarətdir, yoxsa hamı Azərbaycanda eyni cür düşünür?! Əgər hakimiyyət telekanallara kimi efirə çıxarıb-çıxarmamaq, müxalifət informasiyasına yer ayırmamaq, müxalifət millət vəkillərinin siyasi çıxışlarını televiziyada verməmək qadağası qoyubsa, telekanal nə qədər mövcud iqtidarı tərifləməli və əyləncəli verlişlərlə digər proqramlar arasında disbalans yaratmalıdır? Sizcə, bu mümkündürmü?!
Əyləncə və şou-biznes verilişlərinin çəkisinin artması da administrasiya rəhbərini narahat edən məqamlardır. Təbii, problemləri bu qədər çox olan ölkənin vətəndaşı kimi mən də narahatam. Mənim narahatçılığım başa düşüləndir. Bəs iqtidarın?!
Axı bu vəziyyəti iqtidar yaradıb. Siyasi yeknəsəklik, qorxu, informasiya məhdudluğu mahiyyət etibariylə əyləncəli verilişlərə yol açır. Heç siyasətdən demirəm, sosial vəziyyət, korrupsiya və rüşvətxorluq, qanun pozuntuları, gənclərin problemləri müzakirə predmetinə çevrilərsə, sizcə, tənqid hədəfi kim olacaq-müxalifət, yoxsa vətəndaşlar?! Təbii ki, iqtidar. Bəs belə olan halda iqtidarın telekanalı öz oturduğu budağı kəsməlidir, yoxsa obyektivlik göstərərək, daha yuxarıların qəzəbinə tuş gəlməlidir?
Bunları edə bilməyəndə əlac qalır əyləncəyə, elə iqtidar da bütün seçkilərdə, kütləvi görüşlərdə əyləncəli konsertlərdən istifadə etmirmi? Disbalansın pozulmasının da, ictimai əhəmiyyət kəsb etməyən mövzuların çoxluğunun səbəbi də məhz budur.
Ən maraqlı məqamlardan biri də vətənpərvərlik haqda deyilənlərdir. Bu təkcə hörmətli akademikin dilindən yox, cəmiyyətin müxtəlif təbəqəsinə aid olan vətəndaşların narahat dolu, bəzən ittihamedici mövqelərində də səslənir. Hamı vətənpərvərliyin təbliğ olunmasından, gəncləri vətənpərvər yetişdirməkdən danışır.
Olsun. Amma vətəndaşın vətəni sevməsi üçün şərtlər var. Bu quru sözlər hesabına olmur. Vətən vətəndaşına və onun problemlərinə sahib çıxmalıdır. Çıxırsınızmı? İşğal olunmuş topaqlar və bir milyona yaxın köçkün var, lakin nə ərazi bütövlüyünü təmin edəcək, nə də qaçqın və məcburi köçkünləri həmin torpaqlara qaytaracaq gücə malik ordu yoxdur. Bilirsinizmi, hətta, Azərbaycan əsgərinin mükəmməl döyüş hazırlığı barəsində deyilənlər də bəzən insanlarda tərəddüd və ironiya doğurur! Digər tərəfdən, orduda olan neqativ proseslər hamının bildiyi, lakin heç kimin əncam çəkmədiyi bir məsələdir. Məsələ Milli Ordu olduğu üçün daha açıq şeylər yazmaqdan çəkinirəm.
Bəs Qarabağ qazilərinə, əlillərə münasibət?! Sizcə, bu münasibətlə “vətənpərvər ol” demək, nə qədər məntiqlidir? Azərbaycan vətəndaşı polisinə, məhkəməsinə güvənə bilmir.
Hər yerdə rüşvət, korrupsiya Azərbaycan bayrağı altında sifarişli məhkəmə qərarları, günahsız vətəndaşların həbsi, işgəncələr, repressiya və s. həyata keçirilir. Bütün bunları görən gəncliyə necə vətənpərvərlik təbliğ edək, bunları görən vətəndaşa necə “vətənpərvər ol” deyək?! Və ya müəllimi, həkimi rüşvət alan ölkənin vətəndaşına “sən reallıqlara göz yum da, sev bu vətəni”, deməklə vətənpərvərlik hissi aşılamaq olarmı?! Vətənə, torpağa bağlılığı gerçəklər formalaşdırır, yalanlar yox. Avropalılar vətəni ona görə sevmirlər ki, hər gün telekanallar “sən vətənpərvər ol” – deyə şüarlar səsləndirilir. Ona görə sevirlər ki, o vətənin polisi, məmuru, müəllimi, həkimi – bir sözlə hər kəs, qanunla üzərinə düşən vəzifəni
yerinə yetirir. Yetirməyib vətəndaşın haqqını yeyirsə, ölkə məhkəməsi dövlətin bayrağı altında ədalətli qərar çıxarır. Bax, buna görə də, ölkənin vətəndaşları vətəni canından artıq sevirlər. Bilirlər ki, bu vətən onlara sahib çıxır, kimsənin haqqını kimsəyə vermir.
Azərbaycan televiziya məkanında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplərin çoxluğu da yazı müəllifini ciddi narahat edir, elə məni də.
Amma əgər məhkəmə qanununa zidd qərar çıxarır, seçki saxtalaşdırılır, siyasi xəbərlərdə ağ yalanlar deyilir, büdcə talanır, rüşvət, korrupsiya tüğyan edirsə, bütün bu qanun pozuntuları milli mentalitetimizə uyğundurmu? Bunları həyata keçirənlər heç onda milli mentaliteti düşünmürlərmi? Yoxsa onlar rüşvət alıb, seçki saxtalaşdırıb gecə kanallarda film seyr edəndə milli mentalitet yada düşür? Əgər real həyatımız milli mentalitetimizdən bu qədər uzaqdırsa, elə efirimiz də belə olmalıdır. Titrlərdə gedən sms-lər də yazı müəllifi tərəfindən ciddi tənqid olunur. Məncə, narahat olmağa dəyməz, orada senzor var – bir siyasimesaj göndərin, görün, senzor onu efirə verərmi?
Mən də çox istərdim ki, bizim telekanallar dünyada mövcud standartlara yaxınlaşsın – yazıda örnək olan BBC və CNN kimi.
Bunun tək yolu var – demokratik və senzorsuz sistemə keçid. Hər kəsə və cəmiyyətin bütün problemlərinə açıq bir televiziya siyasəti yeritmək – sadalanan problemlərin hamısı məhz bu aspektdə dərhal həllini tapar.
Hörmətli akademikin “İctimai və humanitar elmlər; zaman kontekstində baxış” məqaləsi də əslində hamını narahat edən problemlərdən bəhs edir. Amma təəsüf ki, bu yazıda da problem doğuran səbəblərə deyil, daha çox səbəblərin özündən doğan xırda məsələlərə toxunulub. İdeologiyasızlığı ciddi bir təhlükə hesab edən yazı müəllifi, bunun inkarçılıq və
keçmişə xəyanət doğurduğunu qeyd edir. İlk növbədə onu qeyd edim ki, ideoloji sistemlər və dövlətlər, hamısı müəyyən zaman kəsiyindən sonra tarixin arxivinə gömülüb. Harda, hansı dövlətdə vahid dövlət ideologiyası formalaşdırılmağa cəhd edilibsə, ya o dövlət çöküb, ya da ciddi kataklizmlər dövrü yaşayıb. Hər bir ideologiyanın daşıyıcısı olduğu kimi, onun əleyhdarları da var. Bir ideologiya dövlət ideologiyasına çevrilərsə, özündən asılı olmayaraq bu ideolojini qəbul etməyən vətəndaşı dövlətin xətt kimi seçdiyi ideologiyaya, demək, həm də dövlətə müxalifət yetişdirirsən. Misallar çəkib heç kimi yormaq istəmirəm. Sosialist, təriqətçi, dini ideologiyalarla idarə olunan dövlətlər ya dağıdılıb, ya yeni sistemə keçib, ya da ciddi problemlər yaşamaqda davam edir.
Müasir dövlətçiliyin tək ideoloji bazası hüquqdur. Hər bir vətəndaşın dinindən, dilindən, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq, hər kəsin haqqını tanıyan hüquqi dövlət qurmaq lazımdır, ideoloji dövlət yox. Hüquqi dövlət yaranarsa, orada hər bir ideologiyanın daşıyıcısı fikrini ifadə edə, ictimai və siyasi təşkilat qura bilər. Amma dövlətin tarixini, hüquq və prinsiplərini dəyişməyə, onu istədiyi formaya salmağa cəhd etməz.
Hörmətli Ramiz müəllim Azərbaycan dili probleminə də toxunur, KİV-də, canlı danışıq dilimizdə olan qüsurlardan danışır. Bu mövqe mənə daha çox təəcüblü görünür. Bu gün iqtidar mətbəxində hansı dildə danışırlar?! Nazirlərimizin çoxunun işlətdiyi cümlələrin mübtəda-xəbəri bilinmir. Məmurlarımızn əksəriyyəti hələ də rusca düşünür, fikrini Azərbaycan dilinə tərcümə edərək çatdırır. İqtidar mənsublarının belə yanaşması ümumi fona da təsirsiz ötüşmür, nəticədə həm danışıq, həm də rəsmi səviyyələrdə dilimizdə qüsurlar formalaşır. Bu gün rus dilində ünsiyyət məmurlar üçün intellekt göstəricisi hesab olunur. “…
Heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o cəmiyyətimizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrlarında elə bir yeni əsər tamaşa qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun..”, bu da hörmətli akademikin yazısından bir sitatdır. Təbii, hər bir əsər dövrünün problemlərini bədiiləşdirmiş formada
oxucuya çatdıranda oxunaqlı və yaddaqalan olur. Saray şairlərinin olsa-olsa lirik məzmunda yazdığı əsərlər dövrümüzə gəlib çatıb. Nizami, Nəsimi, Füzuli, Vaqif, Zakir, Axundov, Mirzə Cəlil, Sabir ona görə sevilib və sevilirlər ki, xalqı narahat edən problemlərdən yazıb, hər birinin tənqid etdiyi konkret ünvan olub. Bu gün Azərbaycan yazıçısı, şairi necə tənqid etsin ki, “nə şiş yansın, nə kabab”?! Hər kəs kateqoriyalara bölünüb – bir tərəfdə əməkdar, xalq artistləri, prezident təqaüdçüləri, xalq yazıçısı, şairi – onlara yaradılan şərait və imkanlar, digər tərəfdə isə gerçəyi yazıb da çap etdirə bilməyən, nəticədə heç kəsin oxuya bilmədiyi arxivdə yatan roman, povest, poemalar və s. müəllifləri.
Xandəmirovlar, Yusif Sərraclar, Xudayar bəylər, qırmızısaqqal mollalar, intelegentlər bu gün də o dövrdəkindən çoxdur – yazsınmı Anar, Elçin, Çingiz Abdullayev, Fikrət Qoca, Zakir Fəxri və s.?! Yazsalar ad alıb, özlərinə şərait düzəldə biləcəklərmi?! Bax, yeni, oxunaqlı əsərlərin yaranmama səbəbləri bunlardır, hörmətli Ramiz müəllim.
Elə teatr sahəsində də vəziyyət eynən bu cürdür.
Uzağa getməyək, sovet dönəmində televiziya tamaşası kimi rəğbət qazanan “Alov”, “Atayevlər ailəsi”, “Billur sarayda” və s. kimi tamaşalar niyə yaranmışdı?! Təbii ki, sovet cəmiyyətinin problemlərini ekrana daşıdığı üçün. Daşıyaqmı ekranlara bugünkü problemləri?!
Bu gün ekranda əyri görünən kimlər olacaq, buna dözüm, səbr nümayiş etdirən məmur tapılacaqmı?!
Elm sahəsində də vəziyyət acınacaqlıdır. Doğrudan da, elm artıq elmlikdən çox, karyerada yüksəlməyə xidmət edən, adını bilmədiyim bir nəsnəyə çevrilib. Amma bunun da səbəbini müvcud iqtidarın siyasətində axtarmaq lazımdır. Əgər
universitetlərdə tələbələrə, iş axtaran məzunlara, dərs deyən müəllimlərə, kafedra müdirlərinə, dekanlara rektorlara, akademiklərə münasibətdə siyasi mövqe hakim kəsilirsə, elm inkişaf etməz. Bu sahədə çalışanlar yüksəlməyin yolunu hakimiyyətə yaxın olmaqda görür, elmi nailiyyətlərdə yox. Bir məmləkətdə akademiyanın müxbir üzvü olmayan siyasi mövqeyə görə birbaşa akademik olursa, sonradan onun akademikliyi də siyasi mövqeyə görə əlindən alınırsa, bütün universitet rektorları, hətta bələdiyyə seçkilərində hakim partiyanın MSK-da səlahiyyətli nümayəndəsi təyin edilirsə, bütün dekanlar seçkilərdə tələbəni seçkiyə kimə səs vermək hədəsi ilə təhdid elirsə, seçki komissiyalarında saxtakarlığın başında orta məktəb müəllimləri durursa, tələbədən, şagirddən rüşvət alınırsa, işə götürərkən testdən ən yüksək bal toplayan “müsabiqə”dən keçmirsə, əsl elmin dəyəri nədədir?! Aşağıdan yuxarı dırmanmağın yolunun nədə olduğunu hamı görərkən, qiyməti bir qara qəpiklə dəyərləndirilməyən elmlə kim məşğul olmalıdır və niyə?! Yazımı bəlkə bir az emosional yazdım. Amma gerçəkliyi əks etdirdiyinə heç bir şübhəm yoxdur. Mənim baxdığım pəncərədən Azərbaycan, təəssüf ki, belə görünür. Bəlkə səhv görürəm, ola bilər. Hər halda, düşünməyə və polemikaya dəyər. İnanıram ki, sadaladığım problemlər çox hörməli Ramiz Mehdiyevin də diqqətini cəlb edəcək və çıxış yollarının tapılmasına çalışacaq.
Sentyabr 2009-cu il.
Share: