İnsan harada yaşamasından, hansı peşəni icra etməsindən asılı olmayaraq, həmişə bir ehtiyacla üz-üzədir. Qayğı görmək və haqqı tapdalananda onu müdafiə edəcək bir səsin varlığını hiss etmək istəyir.
Əmək həyatında bu ehtiyac daha kəskin şəkildə üzə çıxır. Çünki insan yalnız işləmək üçün yox, ləyaqətlə yaşamaq, əməyinin dəyərini görmək və sabaha inamla baxmaq üçün çalışır. Elə bu məqamda həmkarlar ittifaqları sadəcə bir təşkilat deyil, əməkçinin arxalandığı dayağa, sükut içində qalan haqların dilinə çevrilməlidir. Onların varlığı, insanın tək olmadığını bilməsi, çətin anda müraciət edəcəyi ünvanın olması deməkdir.
Amma tarix boyu bu ideal ilə reallıq hər zaman üst-üstə düşməyib. Bəzən ümid edilən qapılar bağlı qalıb, bəzən də imkanlar hamı üçün deyil, yalnız seçilmişlər üçün əlçatan olub. Elə buna görə də həmkarlar ittifaqlarının mahiyyəti və missiyası daim sual altına düşüb. Ta ki, bu sistem insan mərkəzli, şəffaf və ədalətli bir yanaşma ilə yenidən qurulana qədər.
Həmkarlar İttifaqları uzun illərdir ki, sadəcə təşkilat kimi mövcud olmayıb. Onlar hər bir əməkçinin səsini eşitdiyi, hüquqlarını qoruduğu, sosial rifahının təmin olunduğu bir sistemin simvolu olmalıdır. Amma reallıqda bu, hər zaman belə deyildi. Uzun illər müraciət mexanizmləri mürəkkəb və qapalı idi, yollanışlar və sanatoriya imkanları yalnız müəyyən qrupun əlinə çatır, geniş üzv kütləsi isə prosesdən kənarda qalırdı. İnsanlar uzun illər həmkarlar ittifaqlarının verdiyi imkanlardan necə yararlanmağı anlamadan, yalnız “xəbər gözləyirdi”.
Həmkarlar ittifaqlarının fəaliyyəti yalnız sosial yardımlarla məhdudlaşmır. Onlar əmək hüquqlarının qorunması, təhlükəsiz iş şəraiti, layiqli əmək haqqı, mədəni-kütləvi tədbirlər, gənclərin inkişafı və gender bərabərliyi sahələrində də mühüm rol oynayır. Sanatoriyalardan tutmuş idman obyektlərinə, kütləvi sağlamlıq tədbirlərindən beynəlxalq əməkdaşlıq layihələrinə qədər hər bir fəaliyyət həmkarlar ittifaqlarının üzvlərə olan diqqətini və qayğısını göstərir. Lakin illərlə formalaşmış qapalı sistem bu potensialın tam üzə çıxmasına imkan vermirdi.

Etiraf edirəm ki, mən mütəmadi olaraq bu sahədə silsilə tənqidi yazılar yazmışam. Müraciətlərin mürəkkəbliyi, yollanışların qeyri-şəffaflığı və imkanların məhdudluğu üzvlərin narazılığına səbəb olurdu. Amma sonra qurumun gördüyü işləri gözlərimlə görəndə yanıldığımı anladım. Və o gördüm ki, Həmkarlar İttifaqları yalnız kağız üzərində deyil, hər bir əməkçinin həyatına toxunan bir sistem ola bilər? Əgər ona düzgün rəhbərlik və şəffaf idarəetmə gətirilsə.
Etiraf edək ki, Sahib Məmmədov komitəyə yeni bir nəfəs gətirib. Onun gəlişi ilə AHİK-də qapalı qapıların arxasında uzun illər toplanmış sükut dağıldı, işıq hər küncə doldu, hər müraciət və hər imkan üzvlərin həyatına real dəyər qatmağa başladı. Sahib müəllim yalnız təşkilatı idarə etmir. O, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilir. Verilən tapşırıqları vicdanla yerinə yetirməsi onun rəhbərlik üslubunun əsas sütunlarından biridir. Bu, həm də quruma güvən yaradaraq üzvlərin etimadını möhkəmləndirir və islahatların uğurla həyata keçirilməsinin təmin edir.
Sanatoriyalar və istirahət mərkəzləri artıq dünya standartlarına uyğun yenidən qurulub, xidmət səviyyəsi yüksəkdir, hər bir üzvün hüquqları qorunur. İdman obyektlərinə baş çəkir, məşqçilərin və idmançıların işini izləyir, uşaq-gənc idman məktəblərində gənclərin inkişafına diqqət yetirir. Hər zala girərkən onun məqsədyönlü və qayğıkeş baxışı hiss olunur. Sadəcə rəhbərlik deyil, insanların həyatına təsir edən bir liderlik nümunəsi nümayiş etdirir.
İdman sahəsindəki nəticələr bu diqqətin bariz göstəricisidir. 2023-cü ildə AHİTA-nın idmançıları 191 qızıl, 126 gümüş və 164 bürünc medal qazandı; bunlardan 32-si Avropa və dünya çempionatlarına aiddir. 2024-cü ilin yanvar-sentyabr aylarında isə idmançılar 305 medal əldə etdilər. Hər bir medal, hər bir uğur, Sahib Məmmədovun rəhbərliyi altında qurulan sistemli və şəffaf idarəetmənin nəticəsidir.
Onun novatorluğu yalnız statistik göstəricilərdə deyil, gündəlik işin hər detalında görünür. Elektron müraciət sistemi sayəsində minlərlə üzv rahatlıqla müraciət edə bilir. Yollanışlar və sanatoriya xidmətləri əvvəlki illərin kağız üzərində qalan xəyalları deyil, real imkanlar kimi fəaliyyət göstərir. Hər bir müraciət diqqətlə nəzərdən keçirilir, hər bir hüquq qorunur.
Kollektiv müqavilələrin işəgötürənlərlə birgə hazırlanması da onun rəhbərliyində əsl ciddi və məsuliyyətli yanaşmanın göstəricisidir. Burada heç bir formal prosedur yoxdur. Yalnız üzvlərin sosial təminatını və hüquqlarını qoruyan, real əmək münasibətlərini tənzimləyən peşəkar müzakirələr mövcuddur.
Qısa müddətdə əldə edilən nəticələr təsadüfi deyil. Sahib Məmmədov məqsədyönlü, ardıcıl və üzvlərə yönəlmiş fəaliyyət göstərərək AHİK-i ölkə miqyasında nümunəvi təşkilata çevirir. Artıq müraciətlər, sanatoriya-yollanış sistemləri və digər sosial layihələr üzvlər üçün əlçatan, şəffaf və ədalətli vəziyyətdədir. “AHİK Könüllüləri” proqramı, gənclərin fəal iştirakı və beynəlxalq əməkdaşlıq isə qurumun fəaliyyətini həm sosial, həm də peşəkar sahədə möhkəmləndirib.
Sahib Məmmədov yalnız rəhbər deyil, həm də əməyi, şəffaflığı və üzvlərin rifahını prioritet edən islahatçıdır. Onun fəaliyyəti göstərir ki, köhnə, qapalı sistemlərin yerinə şəffaf və bərabər imkan yaradan yeni idarəetmə modeli qurmaq mümkündür. AHİK artıq yalnız paytaxtda deyil, bütün ölkə üzrə həmkarlar ittifaqları üçün nümunəvi fəaliyyət modelinə çevrilib.
Sahib Məmmədovun rəhbərliyi ilə qurum, hər bir üzvün hüquqlarının təmin olunmasını, sosial rifahının qorunmasını və şəxsi inkişaf imkanlarını əsas prinsiplərdən biri kimi qəbul etmişdir. Bu islahatçı və şəffaf yanaşma AHİK-i yeni dövrün həmkarlar ittifaqlarına çevirmişdir. Və bu yalnız başlanğıcdır.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.



















