YAĞLIVƏNDDƏN ZİRVƏYƏ və ya 80 İLLİK ÖMÜR DASTANI Xatirə Xatun yazdı

YAĞLIVƏNDDƏN  ZİRVƏYƏ  və ya 80 İLLİK ÖMÜR  DASTANI Xatirə Xatun yazdı

Bəzi insanlar var ki, onlar dünyaya sanki bir missiya ilə gəlirlər: boz həqiqətləri süni rənglərlə bəzəmək yox, o bozluğun içindəki gizli insanı tapıb çıxarmaq.

Azərbaycan ədəbiyyatının canlı klassiki, oxucuların “Yağlıvəndli Şekspir”i Seyran Səxavət məhz belə bir qələm sahibidir. Bu il onun ömür karvanı 80-ci dayanacağa çatır, amma onun sözü hələ də ilk günkü kimi təravətli, kəsərli və səmimidir.
Yağlıvənddən dünyaya açılan pəncərə-Seyran Səxavətin yaradıcılığını məncə belə də adlandırmaq olar.Çünki onun əsərləri məhz ordan-Füzulinin Yağlıvənd kəndindən boylanır. Lakin o, heç vaxt lokal bir yazıçı olmadı; o, kənd adamının taleyini, dərdini və sevincini elə bir dillə yazdı ki, bu obrazlar bəşəri miqyas qazandı. Onun əsərlərində torpağın, təzə kəsilmiş otun, istisi əl yandıran təndir çörəyinin qoxusu və ən əsası, Qarabağ torpağının müqəddəs nəfəsi var. O, 80 illik ömrünün hər ilini sözün saflığına qurban verib, hər cümləsində bir az da özünü əridib.
Əksər uğurlu qələm sahibləri kimi Seyran Səxavətin də öz üslubu var və mənə görə bu gülüşün altındakı göz yaşı taktikasıdır.Seyran müəllimin qələmi bənzərsizdir. O, oxucunu güldürə-güldürə uçurumun kənarına gətirir və birdən-birə həyatın ən ağır, ən sərt həqiqətlərini göstərir. Bu, sadəcə yumor deyil, bu, həm də qədərin ironik təbəssümüdür.
“Daş evlər” romanı ilə o, bizə daşdan yox, ruhdan ev tikməyin çətinliyini öyrətdi. “Nekroloq”da dirilərin içindəki ölü tərəfləri, cəmiyyətin mənəvi aşınmasını ustalıqla ifşa etdi.”Qapı” pyesi ilə isə illərlə bağlanmayan, intizar dolu qapıların ağrısını səhnələşdirdi. Ən şox sevdiyim nəsr əsəri isə ,, Qapıların o üzündə qalan dünya”dır.Yaxşı yadımdadır ki, o əsərlə tanışlığım yeniyetməliklə ilk gənclik illərimin görüşdüyü zamana təsadüf etdi.Və mən hələ o yonulmamış uşaq ağlımla Firanın bir qadın kimi ağrısını, ana olmaq , ailə olmaq arzusunu hiss edirdim, anlayırdım. Kənddən gələn Gülalının uşaq saflığına , dürüstlüyünə inanırdım.Hər ikisinə yalan satan, əslində olmadığı adam kimi davranan Fatikdən isə zəhləm gedirdi. Onun ifşa olunmağını elə istəyirdim ki…
Seyran Səxavət Azərbaycan dilinin ən böyük zərgərlərindən biridir. O, dili rəsmiləşdirmir, onu xalqın ağzından götürüb, süzgəcdən keçirib yenidən xalqa qaytarır. Onun cümlələrindəki cazibə oxucunu yormur, əksinə, onu düşündürür. Və beləcə həm dilin, həm də və ruhun keçikçisinə çevrilib. O, sözünə qarşı həmişə səxavətli olub – heç vaxt həqiqəti gizlətməyib, pafosa qaçmayıb, oxucuya yuxarıdan aşağı baxmayıb.
Maraqlı aforizmləri var Seyran Səxavətin- yığsan elə bir kitab qədər olar , həm də məna etibarı ilə hərəsi bir roman çəkisində , qızıl kimi sözlər. “Cümlə qurmaq dövlət qurmaq qədər çətindir” deyir məsələn.Və ya ,,Hamımız sözün belindən gəlmişik “.
Hamı onu nasir və dramaturq kimi tanısa da, Seyran Səxavətin ruhu həm də poetik misralarla yoğrulub. Onun şeirləri də nəsri kimidir – bəzək-düzəkdən uzaq, amma hədəfi vuran. 80 illik ömür yoluna nəzər salanda onun bu misraları sanki bir tale hesabatı kimi səslənir:
Yüz yol dəniz kimi ləpələndim mən,
Yüz yol öz içimdə təpələndim mən.
Dünyanın üstünə səpələndim mən,
Dünya yığılmadı, mən yığılmadım…
Bu misralar onun sarsılmaz iradəsinin, həyatın çətinlikləri qarşısında əyilməyən qürurunun poetik möhrüdür. 80 il ərzində dünya çox dəyişdi, amma Seyran Səxavət öz “söz adamı” kimliyindən bir addım da geri çəkilmədi.
Mən onu mənəviyyatımızın canlı ensiklopediyasi hesab edirəm.Onda bu mövzuda hər suala cavab taparsan.Və cavab da səni qane edər.Çünki Seyran Səxavət sual qarşısında nə şablon cavablara qaçır, nə də nala- mıxa vurur.Bəzən eşitmək istəmədiyini də deyə bilər, amma bu riyasız və bəzək-düzəksiz bir reallıqdır, qəbul etməkdən başqa çarən qalmır.Onunla söhbət bir zövqdür, bir dərsdir, ibrətlik bir kitab oxumağa bərabərdir.Əlinizə düşsə, buraxmayın bu fürsəti.Mənə bu xoşbəxtlik onunla eyni istirahət mərkəzində qarşılaşanda nəsib olub.Hər gün səhər yeməyi zamanı ömür dastanının bir vərəqini açar və bizi onunla tanış edərdi Yağlıvəndli Şekspir.Və ayrıca bir qürur duyuram ki, Seyran Səxavətin məhz o payız yazdığı bir neçə hekayənin redaktə və korrektəsini mən etmişəm.Yazılarını əllə, həm də kiril əlifbası ilə yazdığından onların Azərbaycan əlifbası ilə kompyüterə köçürülməsi lazım idi.Mən bunu məmnuniyyətlə boynuma götürdüm.Və yaza-yaza arada ona bu və digər ifadəni, sözü daha uyğun variantla əvəz etməyi də təklif edirdim.Öncə inanmadı, sonra isə bütün redaktə və korrektəni də mənim öhdəmə buraxdı.Sonda mənə bu kömək üçün çox minnətdarlıq etdi, amma mənim onun üçün zövqlə, ürəklə etdiyim bu xidmət o qısa müddətdə ondan öyrəndiklərimin yanında bir şey deyildi sanıram.
Onunla ünsiyyətdə olan hər kəs bilir ki, Seyran Səxavət rəsmiyyəti sevmir. O, xalqın içində, çayxanalarda, sadə insanların arasında özünü daha rahat hiss edir. Onun fəlsəfəsi sadədir: “İnsan gərək öz içindəki uşağı öldürməyə qoymasın.” 80 yaşında belə, onun gözlərindəki o qığılcım, o uşaq səmimiyyəti sönməyib.
Seyran Səxavətin ömür kitabının ən ağrılı və ən şirin fəsli Qarabağdır. Bir dəfə köçkünlük dövründə müsahibələrinin birində demişdi: “Mənim üçün dünya iki hissədən ibarətdir: Yağlıvənd və dünyanın qalan hissəsi.” O, illərlə Bakının səs-küylü küçələrində gəzsə də, ruhu həmişə o kəndin dolanbac yollarında, cığırlarında idi. Deyirlər ki, yazıçı işğal illərində evinin açarlarını bir an belə yanından ayırmayıbmış. Bu, sadəcə bir metal parçasına olan bağlılıq deyil, bu, qayıdışa olan sarsılmaz imanın simvolu idi. 80 illik yubileyində taleyin ona ən böyük hədiyyəsi həmin açarların yenidən doğma qapını açması oldu. Bu gün o, artıq köçkün yazıçı deyil, qalib bir xalqın fəxr etdiyi ustad sənətkardır. 80 Yaşın Zirvəsində doğma torpağına, yurduna qayıdışın sevincini yaşayır bu qocaman çınar…Bu çinarın kökləri Qarabağın bağrında, budaqları isə müasir ədəbiyyatımızın uca zirvələrindədir. Uzun illər köçkünlük ağrısını içində daşıyan, amma ruhən heç vaxt sarsılmayan yazıçı üçün bu yubiley həm də bir zəfər bayramıdır. Azad olunmuş Füzulidə, doğma kəndinin havasını udan Seyran Səxavət bu gün daha gəncdir, daha ilhamlıdır.
O, müsahibələrində də, kitablarında da eynidir – sözü birbaşa deyən, saxtakarlığa dözümü olmayan bir ziyalı.Onun vətənpərvərliyi şüarçılıq yox, torpağın hər qarışına olan ağrılı bir sevgidir. Ən sadə hadisəni elə bir fəlsəfi qatla təqdim edir ki, oxucu özünü həmin hadisənin bir parçası hiss edir.”Mən yazanda sözləri kağıza yox, sanki öz canıma köçürürəm. Əgər yazdığım mənim canımı ağrıtmırsa, deməli, oxucunun da ruhuna toxunmayacaq.”
Seyran Səxavət Azərbaycan ədəbiyyatının vicdan səsidir. O, bizə öyrətdi ki, ən böyük əsər yazıçının öz ömrüdür. Və o, bu 80 ili elə yaşadı ki, bu gün həm oxucuları, həm də həmkarları onun qarşısında ehtiramla baş əyirlər.
Sözün Seyranı və Səxavəti! Sənin 80 illik yubileyin həm də bizim mənəviyyatımızın, dilimizin və əyilməz qürurumuzun yubileyidir. Azərbaycan ədəbiyyatının sənin kimi duzlu-məzəli, amma həm də dərin düşünən ustadlara hələ çox ehtiyacı var. Ustad, 80 yaşın mübarək! Qələmin həmişə itidir, çünki o, xalqın sevgisi ilə itilənib. Arzu edirik ki, növbəti yubileylərini Yağlıvəndin o məşhur çinarlarının kölgəsində, təzə yazdığın romanın əlyazmaları ilə qarşılayasan.
XATİRƏ XATUN
şair-publisist
Bakı, 22 mart, 2026-cı il.
Share: