Ağamir Cavad
BU QAPI
Haqqın eşq qapısın açıb gedirəm,
Məlumdur, məchuldur, yoldur bu qapı.
Üzümün nurunu saçıb gedirəm,
Bəxtimə açılmış faldır bu qapı.
Bu dünya, bu həyət bir eşq nağılı,
Sehriylə, sirriylə aparır ağlı.
Kiminə açıqdır, kiminə bağlı,
İlkin başlanğıcdır, “Ol”dur bu qapı.
İlahi sirr yatır hər ötən səsdə,
Atəşi, yanğısı durubdu qəsdə.
Yanmış aşiqlərin məzarı üstə,
Qaralmış bir ovuc küldür bu qapı.
Səmanın qəlbində görünən izdir,
Su kimi durudur, safdır, təmizdir.
Torpaqdır, səmadır, dağdır, dənizdir,
Vətəndir, millətdir, eldir bu qapı.
Bətnində bir dünya ümid bitirən,
Hər duyan ürəkdən sevgi götürən,
Aşiqə Məşuqdan xəbər gətirən
Səba küləyidir, yeldir bu qapı.
Dəryadan dərindir, dağdan ucadır,
Dilbilməz cavandır, müdrik qocadır.
Cavabı açılmaz bir tapmacadır,
Sirrini danışmaz, laldır bu qapı.
Dağların başında çəndir, dumandır,
Haqqın mizanında dindir, imandır.
Sadə könüllərdə gəzən gümandır,
Şübhəli qəlblərdə xaldı bu qapı.
Vicdan işığında ağaran üzdür,
Kül altda qor qalıb qorunan közdür.
Qəlbləri fəth edən qanadlı sözdür,
Göylərlə danışan dildir bu qapı.
Dilin ucundadır sözün vicdanı,
Eşqidir ucaldan daim insanı.
Ətri, rayihəsi tutub dünyanı,
Aləmi məst edən güldür bu qapı.
İlahi eşq ilə açılan kitab,
Yaxşını yamandan seçən haqq-hesab.
Sözlərin üzünə çəkilən niqab,
Gözəllər əynində tüldür bu qapı.
Haqqın qüdrətiylə işıqlanır dan,
İlahi sevgidən güc alır insan.
Dünəndən sabaha işıq daşıyan
Zaman axınında seldir bu qapı.
TƏHLİLİ:
Çağdaş şair Ağamir Cavadın qələmə aldığı “Bu Qapı” adlı şeiri poetik əsərdir. Bu şeir mənəviyyata, haqq yoluna, insanın daxilindəki nura və vicdana işıq salır. Şair qapı obrazı ilə insanın ruhani yolçuluğunu, eşqə və haqqa doğru gedən səfərini ifadə edir.
Şeirin hər bəndində “bu qapı” ifadəsi təkrar olunur. Bu təkrar sadəcə bir ifadə deyil, şairin əsas ideyasının simvoludur. “Qapı” – burada sadəcə bir məkan, bir giriş deyil. O, mənəvi bir keçiddir, insanın qəlbindən haqqa aparan yoldur. Bu qapı həm ağıl yoludur, həm eşq yoludur, həm də vicdanın, paklığın, saf niyyətin yoludur. Şair deyir:
“Haqqın eşq qapısın açıb gedirəm,
Məlumdur, məchuldur, yoldur bu qapı.”
Bu misralarda həm aydınlıq, həm də sirr var. Yəni bu qapı bizə tanış ola bilər, lakin içində o qədər dərinlik və hikmət var ki, onu tam anlamaq asan deyil.
Şair bu qapını müxtəlif bənzətmələrlə və obrazlarla təqdim edir. O, deyir ki, bu qapı bəzən aşiqin yoludur, bəzən yandırıb külə döndərən eşq atəşidir, bəzən Vicdan işığında ağaran üzdür, bəzən də dilin ucunda dayanan, amma deyilməyən sözün özüdür. Bu qapı səba küləyi kimi ruhumuzu sığallayan, dağlar qədər uca, dərələr qədər dərin, dənizlər qədər sonsuz bir anlam daşıyır.
Şeirdə şair “bu qapı”nın hər kəsə açılmadığını, ancaq saf ürəklilərə, sevməyi bacaranlara, eşqə könül verənlərə açıldığını bildirir. Bu qapı həm yerlə göy arasında bir keçiddir, həm də insanın daxili aləminə gedən yoldur. O deyir:
“İlahi sirr yatır hər ötən səsdə,
Atəşi, yanğısı durubdu qəsdə.”
Bu misralar göstərir ki, qapının içində böyük bir sirr və ilahi güc yatır. Hər kəs bu səsə qulaq asa bilməz, hər könül bu qapıya çata bilməz.
Ağamir Cavadın bu şeirində Vətən və xalq məfhumları da öz yerini tutur. Şair qapını həm də torpağa, Vətənə, milli kimliyə bağlayır. O yazır:
“Torpaqdır, səmadır, dağdır, dənizdir,
Vətəndir, millətdir, eldir bu qapı.”
Bu misralar göstərir ki, insanın haqq yolu yalnız dini və mənəvi hisslərlə deyil, həm də Vətənə sevgi, xalqına bağlılıq və milli dəyərlərlə uzlaşmalıdır.
Şair bu qapını həm də tapmaca, sirr, danışmayan lal, dumanlı bir çən, imanla dolu nur, gümanla yaşayan könül, könülləri fəth edən söz, ətri dünyanı bürüyən gül və nəhayət Haqqın işığı ilə işıqlanan bir zaman seli kimi təsvir edir. Bu qədər fərqli obrazlar bir şeirdə birləşərək möhtəşəm mənəvi tablo yaradır. Şair sanki deyir ki, bu qapının sirrini anlamaq istəyirsənsə, özünü tanı, qəlbinə en, vicdanla danış, sevgiylə yaşa.
Ağamir Cavadın “Bu Qapı” şeiri sadəcə poetik bir əsər deyil. O, insanı düşünməyə çağıran, Haqqa doğru bir yol göstərən mənəvi dərsdir. Bu qapı hər könüldə açılmaz, amma saf düşüncəli, vicdanlı, sevgi dolu insanların qəlbində öz yerini tapar. Bu şeir bizə xatırladır ki, insanın qəlbində açılan mənəvi qapı onu Allaha, həqiqətə, gözəlliyə və əsl xoşbəxtliyə aparır. Hər bir insan bu qapını axtarmalı, onu tapmaq üçün öz qəlbini, vicdanını dinləməlidir.
Sonda onu demək istəyirəm ki, rəvanlıq və axıcılıq Ağamir Cavad şeirinin mayasıdır. Günəş işığı və istisi kimi şairin dunyası da zərrələrə çevrilib oxucu qəlbinə yayılır.
Sizə sağlıqlı, bərəkətli, uzun ömür və yaradıcılıq uğurları diləyirəm, dəyərli ziyalımız Ağamir müəllim!

✍Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi tənqid və təhlilçi.
















