Ağ Adamın Qara Fonda Rəngli Şəkli – Aydın CANın cızdığı portret

Ağ Adamın Qara Fonda Rəngli Şəkli – Aydın CANın cızdığı portret
ZƏRURİ GİRİŞ: Azərbaycanda az adam bilir mənim şəxsinə qarşı niyə bu qədər – əndazəsiz, dözülməz dərəcədə, yəni aşırı simpatiyam var. Bəzən eləsi olur ki, fikirləşir ki, haqq edir –xalq onu sevməlidir, eləsi olur ki, mənə xoş üz göstərib deyə, minnətdarlıq qarşılığı bilir, eləsi olur ki, səmimi münasibətini mənim üçün yetim başına çəkilən sığal sayır! Fəqət… mənim başqa dəyər əyarlarım olduğundan da, “bir stəkan qəhvənin qırx illik hörməti var” prinsipi qürrələnə biləcəyim yeganə üstün keyfiyyət deyil!
DEMƏYİM O Kİ:
Ümid Rəhim oğlu Mirzəyevin yubiley yaşı, həm də ilboyu təbrik ilidir. Ad gününə qədər və ad günündən sonra da il ərzində bütün mükafatlar, təbriklər, təltiflər, qutlamalar tam yerində. Bir neçə gündən çoxdur görürəm ki, sosial şəbəkədə, adlı-sanlı məkanlarda quru və dolu masalarda, canlı və cansız formada təbrik seli kapillyarları doldurmaqda!
Xoşum gəldi – nə qədər ütülü, akademik, trafaret, şablon, kalka mahiyyətli olsa da! İndi hamı Aydın Can olmaz ki! Bunun rəsmi dövlət qurumu var, ictimai-siyasi təşkilat imicini qoruyanı var, hamısı da etiket qaydaları ilə, protokola uyğun “qaloçka” qoyur, yaxınlar-uzaqlar səhlənkar olmadıqlarını, diqqət yetirdiklərini nümayiş etdirmək üçün “klik”ləyir! “Норма общество! Традиться менталитета! Профессиональный долг!” – filan-bəhman.
Sağ olsunlar! Adama deyərlər ki, yaxşısını özün elə! Deməsinlər deyə, elə yaxşısını mən edirəm zənni ilə, amma və lakin, gümana qapılmadan
Ağ Adam
təqdimatına keçirəm. Acizanə də xahiş edirəm ki, mütləq və mütləq şəkildə nəzərə alasınız fərqi: bir var “Ağ Adam” kimi təqdim edilənlər, bir də var “Ağ Adam”ın təqdimatı – bu incə ştrixə diqqəti müştəbehliyimə yozmayasınız ricasındayam. Tək bir o səbəbdən ki, Ağ… RƏNG olaraq, bütün rəngləri udur və tərkibində bütün rənglər var! İncimədiniz bu bapbalaca “təkəbbür”ümdən, zənnindəyəm, odur ki, keçək rəngayırmaya və kolorit çözümünə!
1997-ci ildə Moskvada, “Novıe İzvestiya” qəzetinin katibliyində dörd rəngdə “Azərbaycan XXI əsr” qəzetini səhifələyəndə, indiki dillə desək, proqramistin rəng seçimlərini işləyərkən o vaxta qədər bilmədiyim, ya da fərqinə varmadığım, diqqət yetirmədiyim bir (baxmayaraq ki, orta məktəbdə fizikanı-kimyanı pis oxumamışdım) əməliyyatına şahid oldum: “color” bölümünə girib qırmızı, yaşıl, sarı və hətta ağ rəngləri ya tündləşdirir, ya parlaqlaşdırır, ya bozardır, ya qaraldır və QƏZET SƏHİFƏLƏRİNİN KOLORİTİNİ gah “varlı”, gah kasıb edirdi! Etiraf edirəm, hansı yaşda olmağımdan, hansı işdə çalışmağımdan asılı olmayaraq, bilmədiyimi ört-basdır etməkdən qaçmışam, “tupoy”-“balbes” yerinə qoyulacağımdan, guya da adı “çıxılmaz vəziyyət” olan duruma düşməyimdən çəkinməmişəm: həyat prinsipim bu olub! Ki… bilmirsənsə, öyrən, öyrənmirsənsə, həm bilməməyindən, həm də öyrənməməyindən utan, “tupoy”luq budur!
O vaxtdan adamları gözümdə rəngli görməyə başladım!
Sonra… yəni 10 il üstündən keçdi, Vahid MÜƏLLİMlə rastlaşdım: “bu kitabda olanlar dünyanın bütün kitabxanalarında olan elmi əsərlərin cəmində yoxdur” kimi dəyərləndirdiyim “Yaranış” kitabının müəllifi!
Həmin o kitabda bir Ağ İşıq söhbəti var – təsəvvüf üləmalarının, mürşidlərinin, bilginlərinin bu günə qədər gəlib çatan təqdimatlarındakı nurlu, irfani obrazlarından da ÖTƏ daşıyıcılar haqqındadır. Xüsusilə də Ağ İşıq Zərrələri, A-dan – İlkdən, İlkinlikdən, İlkin İlkinliyindən “ZƏR DÜŞDÜ” məqamı.
Rəngli Adamların Kolorit Seçimində üstünlüyü Vahid MÜƏLLİMin söylədiyi həmin bu Ağ İşıq Zərrələrinə Adamın nə qədər malikliyi üstündə var-gəl etməyə başladım.
NƏHAYƏT, son redaktəni etməkdə Sadıq Qarayevin (əminəm ki, haçansa bu müəllifin beynəlxalq miqyasda nəhəng düşüncə sahibi olmağı ilə fəxr edəcəyimiz gün olacaq!) “Sahilsiz təzadlar”ında rənglər haqqında ötürdüyü mesajlar yardımçı oldu!
İndi mən adamları həm koloritinə, həm işıq payına, həm də rənglər kompozisiyasında təzadlarına görə, tam aydın və dəqiq dəyərləndirə bilirəm!
Hər üç halda, mən zaman-zaman, jurnalist olaraq, portretini işləməyə bu Ağ Adamı axtarmışam! “Ağ Adam”ların təqdimatlarında da olmuşam, təqdir və təbliğ də etmişəm, fəqət… kolorit və işıq kənar təsirlərsiz olan qəhrəmanımı indi tapmışam: Andrey Batalova o rəis xanım deyir e… “ax! kak ya dolqo jdal tebya!”

Moskvadan zəng və işə düşən generator

Arada Cəfər Sadiqlə danışa bilirik – əvvəllər tez-tez danışardıq! İndi vpn söhbəti çıxıb, əngəl çox olur. Cəfər Sadiqlə (Azərbaycan orbitindən kənarda, konkret olaraq da Rusiyada çox nəhəng isimlərdəndir Cəfər Sadiq – siyasətdə Heydər Əliyev, incəsənətdə Müslüm Maqomayev, Rəşid Behbudov, ədəbiyyatda Çingiz Hüseynov, Çingiz Abdullayev hansı ranqda-rütbədə-statusdadırsa, jurnalist olaraq da, Cəfər Sadiq o zirvədədir!) şəbbədənxeyir imkan düşür və bir az da qəfil zəng kimi oldu. Qısa hal-əhvaldan sonra, “yadımdan çıxmamış tez deyim ki, Ümidin yubileyidir bu yaxınlarda, xəbərdar etdim, biləsən”,- deyə, aydınlatdı!
Hə-ə, Cəfər Sadiq Ümid Rəhim oğlu Mirzəyevi niyə çox istədiyimi bilən azlardandır!
Əslində, mən Ümid Rəhimoğludan hələ keçən il yazmalıydım!
International Eurasia Press Fund (IEPF) – BAMF-a görə.
Tez irad tutmağa tələsməyin – İEPF-BAMF elə Ümid Rəhimoğlu deməkdir!
Bu təşkilatın 33 illik fəaliyyətini beynəlxalq təşkilatlar üçün rəsmi şəkildə təqdim etməyə 33 səhifəlik hesabat da bəs eləməz, Azərbaycan üçün isə heç bəs eləməz!
ƏN AZINDAN yeganə müstəqil media təşkilatımızdır ki:
5 əsas fəaliyyət istiqaməti (media və vətəndaş cəmiyyətinin inkişafı; İcma inkişafı; qaçqınların/məcburi köçkünlərin problemləri; sülhməramlı aksiyalar və münaqişələrin həlli; təhsil) üzrə formalaşan BAMF BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradıcılarındandır.
Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı, həm də fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.
Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun üzvü kimi, bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır.
BMT-nin Baş Katibi Ban Ki-mun BAMF-ı yüksək qiymətləndirmiş, öz fikirlərini təşkilatın rəy kitabında belə ifadə etmişdir: «Mən sizin bəşəriyyətə etdiyiniz təmənnasız xidməti dəstəkləyirəm».
Bunları mətndə xəbər kimi oxumaq çox adi gələ bilər. Bu yerdə Napoleonun məlum əməliyyatdan sonra müzakirə keçirərkən ona “ağıl verən” (“burdan belə getsəydiniz, ordan elə hücum etsəydiniz” və s) analitik generala dediyi yada düşür: “Xəritədə olsaydı, mən də qalib gələrdim, döyüş meydanında sən deyən kimi olmur!”
Sadaladım ha o təşkilatları, oradakı başbilənlərin etimadını, etibarını, rəğbətini qazanmaq məsələsi var – üstəlik də Azərbaycan kimi təhdid, təzyiq altında olan təmsilçisi olaraq!
Və tam sərasər 33 il! Bir qərinə! Q-Ə-R-İ-N-Ə! – qənarə deyil e, burnu plastik əməliyyat etdirəsən, alındırasan!

33 il xalqa, dövlətə və bəşəriyyətə xidmət etmək!

Bitirmək olardı Ümid Mirzəyevin təbrik mətnini elə bu təqdimatla da – ancaq insafdan olmazdı!
Və xüsusi vurğulamaq istərdim bu yubiley ilində Ümid Rəhimoğlunun qızı ilə birgə təşkilatçılığı və iştirakı sayəsində, həm də TƏMƏNNASIZ OLARAQ, “əl-cəzirə” kanalının Qarabağdan çəkdiyi xüsusi buraxılışı – belədə 5 milyon ABŞ dolları da xərcləsən başa gəlməyən, ancaq və ancaq vətənpərvərliyin və dövlət təəssübkeşliyinin təcəssümü olaraq, titanik əmək nəticəsində araya-ərsəyə gətirilib dünyaya təqdim olunan bu filmlər, şübhəsiz ki, öz müəlliflərini tanıyır, tanıdır, təqdim və təqdir edir!
Biz, sadəcə, təşəkkür edirik, bununla yetinirik – təəssüf ki!
Jurnalistikada hakimiyyət və mühit… nəinki siyasi, lap elə ədəbi-mədəni mühitdən də çirkin və iyrəncləşib. Dəyərlər “qlobal”laşıb, “inteqrasiya” edib, hətta xüsusi bir “rəng” alıb – “çəhrayı”, “mavi”, bütün obyektivləri-gözləri-müşahidə qabiliyyətini bəlli ünvanların “eynək”ləri istiqamətləndirir, ancaq mənim əziz və sevimli Ümid Rəhimoğlumun JURNALİSTİKA DÜNYASI ağ işıq zərrələrindən, bütün rəngləri udan Ağ rəngin koloritindən ibarətdir!
Yazını yazmağa başlayanda (əslində, Ümid Rəhimoğlu hər gün həm mənə, həm də ömrünə, Azərbaycan Mətbuat Tarixinə bir yazı yazdırır – İnsanlığı, Əməli Fəaliyyəti ilə, başqaları, daha doğrusu, medianın səlahiyyət sahibləri heç öz ömürlərinə bir yarımçıq cümlə yazdıra bilmirlər!), bir az “tormozlandım”. Cəfər Sadiq zəng edib xəbərdar edən andan “generator” işə düşmüşdü, amma “kinetik enerji” istehsalı başlanmamışdı!
Bir tək o səbəbdən ki: həm bu Ağ Adamı, həm də onun təqdimatını ehtiva edən təyini tapa bilmirdim – doğru-dolğun təyini!
“Ağ Adamın Qara Fonda Rəngli Təqdimatı” – ürəyimcə deyil hələ də!
“Цветной и светлый портрет Белого Человека на черном фоне” – “rəngli” məsələsi məni girinc qoyur!
ÇÜNKİ:
Mən hər zaman Ümid Rəhimoğlunu Ağ görmüşəm!
Ağ(ı) və Ağ(ır), Ağ(rı), yeri Ağ qalan adamlardan deyil!
Ətrafında olan bütün qaralıqları udsa da Ağ rəng kimi, Ağ(ıllı)lığı İşıq Zərrəcikləri kimi bərq vurdurur: saçı (elə bığı-saqqalı da), əyninin köynəyi də Özlüyünün PAKLIĞIdır!
Əynindəki qara pencək belə Ruhundakı Ağlığı QARA(ya)mata çevirə bilmir: bəziləri kimi əyninin altında gizlənmir, əyni onu üzə çıxarmır, Ruhunun rəngi üzünə-əyninə çıxır!
Mənim işim-gücüm yazı yazmaqdır, ən çox da təqvim təbrikləri – bir ölkədə ki yaza bilən, ömrü yazmaqdan keçən bir jurnalist 29 il işsiz ola, neyləməlidir ki? Ya ad günləri təbriki yazar, ya da bayram qutlaması! Başqa şeylərdən yazanda ən yaxşı halda inzibati həbslə qulaqburması verilən ölkədə peçəkarlığın boşuna çürüməməsi üçün adam üzə AĞ olmaqdansa, üzAĞlığı olan, hamının (hamının!) birmənalı etiraf etdiyi qəhrəman axtarmaqdan başqa, hansısa iddiya düşmür!
Bax, Ümid Rəhimoğlu həm də elə ÜMİDin təcəssümüdür – təsəlli veririk özümüzə ki, biz BELƏ FƏALİYYƏT də göstərə bilərdik!
O baxımdan, Ümid Rəhimoğlu qənirsiz jurnalistika – mətbuat AĞsaqqalıdır!
Mətbuatın və mətbuatdakı bütün qara, sarı, yaşıl, qırmızı, çəhrayı rənglərini “udub”, bir AĞ İŞIQ ZƏRRƏSİnə dönə bilib: “təzadların məcmuyuna”, Sadıq Qarayev demiş!
Axtarsan, Ümid Rəhimoğlunun mətbu orbitində elə də işıqlı mühit görməzsən – hamısının pisliyini udur, hamıya gələn sözün ağrısına sinə gərir. Mən hətta elə adamlar tanıyıram ki, Əflatun Amaşovdan inciyəndə, küsəndə, hirsini Ümid Rəhimoğlunu dilə-dişə salmaqla soyudub – baxmayaraq ki, Əflatun Amaşovla barışıb da, pencəyinin tozunu, ayaqqabısının palçığını silməyə iki metrə boyuyla əyilir!
Müşfiq Ələsgərliyə, Vüqar Saltaqlıya və başqalarına yönəlik acığı da ondan çıxırlar!
Özlərinə kitab yazırlar, Ümid Rəhimoğludan inciyirlər, hədəfə çevirirlər!
Özlərinə iş axtarırlar, günahkar Ümid Rəhimoğlunu bilirlər!
Rəşad Məciddən pul qoparmaq istəyirlər, Ümid Rəhimoğludan narazılıq edirlər!
Amma unudurlar ki, jurnalist olaraq, bu dünyada qələminə və naturasına görə, Azərbaycanda sevilməli ilk imzalardan biridir Ümid Rəhimoğlu!
Amma unudurlar ki… o uzaq 1983-cü ildə Vaqif İbrahimlə bir “RAF”-da Bakı-Sumqayıt yolunda (onda bu yol kəndarası yollardan da bərbad idi!) qəzaya uğrayanda, Əzrayıl belə, ona qıymamışdı: bizim bilməməyimizlə deyil onsuz da, Ağ Adamı – İşıqlı Adamı Tanrı yanında olanlar, Tanrı yanından gələnlər görür, Qara Çərçivəni ondan uzaq tuturlar!
Tanrı bilirdi ki, O-nun Nur Payı – Ağ İşıq Zərrəsi – Ağ Adamı… Şaiq Vəlinin, Əlisəmid Kürün, Murad Köhnəqalanın, Aydın Canın (və daha neçə onların-yüzlərin) pasibanı olasıdır! O olmasa, kimsə gedib Şaiq Vəlinin qəbrini ziyarət eləməz, Əlisəmid Kürün başdaşı üçün narahat olmaz, Murad Köhnəqalanın problemlərini çözməyə yanbızını tərpətməz, Aydın Canın durumuna üzülməz!
Tanrı gözəl bilir(miş) ki, bu ölkədə Xocalı faciəsindən depressiyaya düşüb danışıq qabiliyyətini itirməyəcən varından yox olan bir gənc varsa, o da elə Ümid Rəhimoğludur! Baxmayaraq ki, faciədə əli olan Moskvanın Qorki adına Ədəbiyyat İnstitutundan lap yenicə gəlib – hələ “həzz dəqiqələri”nin dadı damağından getməyib!
Amma… amma… Ümid Rəhimoğlu həmin o erkən gənclik illərindən səhhətini, az qala, həyatını itirməklə üz-üzə qalıb! Saçlar ağarıb!
Bir kimsə də simsarlıq etməyib – ingilislər Ümid Rəhimoğlu kimi özü ayaq üstə dura bilənlərə, yeddi dəfə yıxılıb səkkizinci dəfə də ayağa durmağı bacaranlara “self made man” deyirlər! Özü özünü kişi edən adam – kurator, müdir, şəxsiyyət naqisliyi, ləyaqət yoxsunluğu, hətta arvad hesabına “kişi” olanlardan fərqli! İlahidən olan hər şey yerində qalmaqla, genetik yaddaşı tozlandırmadan!
Mən Ümid müəllimin atası Rəhim kişini görməmişəm – Murad Köhnəqalanın yazısından tanıyıram!
Və… görürəm ki, yazıya ayaq vermək lazımdır, odur ki, deyirəm: o qaçaq arvadının zərbül-məsəl sözünü deyirsiniz e, pristava “qatırdan ayğır olmaz, gərək Kərəm kimi kişi olasan!”, hə-ə, Kərəm kimi kişiləri “işverən”liklə “işverən”lərə sata-sata gedib bir yerlərə çıxınca, çərlətmədən, yaşatmaq lazımdır.
Dünən o Kərəm kişi Rəhim əmi idi (allah rəhmət eləsin!), bu gün onun oğlu Ümid kişidir!
Bir də sevdiklərinizi niyə sevdiyinizi bilin! “Əsl sevgi pislikdən artmayan, yaxşılıqdan azalmayan sevgidir” – belə demişdi də Aşıq Veysəl, eləmi?
Bu sözü çox rahat Ümid Rəhimoğılu üçün demək olar – adama sevginizdə sabit olun! Bu, onun haqqıdır!
Əgər bu gün sizə yardımçı ola bilmirsə, bu o demək deyil ki, valı tərs üzünə qoyasınız!
Bu gün sizə yaxşılıq edibsə, heç bu da o demək deyil ki, durub bəytərifi deyəsiniz, adamın savabını urvatdan salasınız!
YAZININ SONUNDA xüsusi vurulamaq istəyirəm: Ümid Rəhim oğlu Mirzəyev icra başçısı, sosial təminat naziri, Hatəm Tai deyil! Nə edirsə, vicdanına, əxlaqına, insanlığına görə edir və TƏMƏNNASIZ!
Şəkillərdən gördüm haqqında yazılan “Təmənnasız missiya” kitabını! Kim yazıbsa, sağ olsun!
YAZIYA SÖZARDI: Şahidim Rey Kərimoğludur, 2013-cü ildə türmədən çıxandan sonra Ümid Rəhimoğlu ofisinə çağırdı, otaq ayırdı və hətta bir ay maaş da verdi. Təsadüfən bildim ki, Ümid Rəhimoğlu bunu ailə büdcəsindən, öz qazancından kəsib verir – daha getmədim!
Sonra bir daha cəhd etdi: peşəkarlığımın qarşısında çox asan bir iş tapşırdı – cəmi üç-dörd gün baş qoşdum! Gördüm ki, Ümid Rəhimoğlu yenə necəsə yardımçı olmaq istəyir!
“Yarıtmadım”…
Bilirsiniz, niyə?
Mən Ümid Rəhimoğlunun yanında, daha doğrusu, ona “daraşan” hər cür adam görürəm, onun necə səbrlə, humanizmlə yanaşdığına da şahidəm. O boyda ürək yiyəsinin yanında bir “parazit”in də olmasını, illah da o “parazit”in özüm olmasını istəmədim!
Adam AĞ olanda ağ eləməzlər! Ümid Rəhimoğlunun ruhundakı AĞ İŞIQ ZƏRRƏLƏRİ fürsətcil olmağa qoymur, adamı utandırır! Yalnız o adamlar Ümid Rəhimoğlu “haqqında” hətərən-pətərən danışa bilər ki, onu da Cəfər Sadiq (bayaq təqdim etdiyim jurnalist yox ha, imam olan) demiş, (bizim əleyhimizə danışan) ya zinadan əmələ gəlib, ya heyzdən!
YAZININ YARIGERÇƏYİ-YARIZARAFATI: Arada dostlarım şeytanın qıçını qırıb haqqımda çox gözəl sözlər deyirlər, mən də, “hədiyyəni hədiyyə verməzlər” atalar məsəlini bilsəm də, fikir vermirəm, onu layiqlilərə yönləndirirəm. Deməli, Mübariz Məsimoğlu mənim əlli illik yubileyimdə dedi ki, Aydın Can əlli illik ömründə əlli il yox, səksən il yaşamış kimidir. Cüzi redaktə ilə Ümid müəllim üçün yazıram:
Ümid müəllim 66-sına qədəm basdığı ömrün 33 ilini özü üçün oxuyub, 33 ilini özü üçün gəzib, 33 ilini xalqa, dövlətə, bəşəriyyətə xidmət edib, indi də növbədə Tanrıya və bizə 33 illik yazı borcunu vermək qalıb!
Qorki adına Ədəbiyyat İnstitutunu qurtaran bir məzun ola bilməz ki… yazmasın!
Tanrı nəsib etsin 33 il yazmağı, əziz və əzizimiz Ümid Rəhim oğlu Mirzəyev – dünyada sevdiyim Mirzəyevlərin Ağ İşıqlı Ağ Adamı!
p.s. Ümid Rəhim oğlunu aşırı sevməyin ilk səbəbi: adam 65 ildə 65 yaşacan YAŞAYIB, Ağ Rəngə 65 çalar qatıb, ömrü, imzanı, insanı koloritli edib! İmkan, vəzifə, səlahiyyət üstündə yapılanlar sədəqədir – ona görə adamı Tanrı sevər! Biz Tanrı deyilik! Biz xalqa, dövlətə, bəşəriyyətə xidmətə görə sevirik!
Share: