
Ancaq maraqlıdır, görəsən, Nura Suri xanım özünə sual veribmi ki, bu qədər mahnını niyə oxuyuram, klipi niyə çəkdirirəm? Axı qoyulan maya da batır. İrağ olsun, sabah-biri gün həbs etsələr, bir mahnısı da yoxdur ki, paylaşıb duyğu sümrüsü edək, deyək, freeNuraSuri.
Adamın yaxşı pulu ola, dəbdəbəli bir məclis qura, Nura xanımı da dəvət edə, o da otura masanın o biri başında, amma oxumaya, danışmaya. Baxasan, iştahın açıla, reyhan kompotu içə-içə yeməyini yeyəsən. Əks halda, qəfil oxusa, adamın mədəsi də kiçilər.
Bəs Nura xanım özü niyə bunları anlamır? Gərək ona kimsə desin ki, qadan ürəyimə, oxuma?
Ümumiyyətlə, Nura Surinin bu ölkədə qapısını daş ata biləcəyi ən böyük qurum Mədəniyyət Nazirliyidir, onlar da Nura xanıma fikir vermir.
Nura Surinin hazırkı sənəti ilə Mədəniyyət Nazirliyindən diqqət görməsi üçün gərək Əbülfəz Qarayevin, Polad Bülbüloğlunun vaxtı olsun.
Mənə elə gəlir ki, Nura xanım musiqidən başqa hər yerdə uğur qazana bilər. Bu gözəllik ki, onda var, nə desən, edə bilər. Təkcə oxumaqdan başqa. Hətta ondan yaxşı köşə yazarı da çıxar. Nura xanım köşə yazarı olsaydı, ona heç vaxt “Get, dolmanı bük” deməzdim.
Odur ki, yaxşı olar, sosial müxalifətçi Nura xanım gözəlliyini də götürüb Azərbaycan musiqisindən uzaqlaşsın.
Orxan Saffari



















